Həmas Hərəkatı

  • 20.10.2023
  • 191 baxış

Həmas adının özü təşkilatın ərəbcə adının abreviaturasıdır: “Hərəkat əl-Muqavəmə əl-İslamiyyə” (“İslami Müqavimət Hərəkatı”).

 

Qrupun yaradıcısı gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olan, fələstinli din xadimi Şeyx Əhməd Yasin olub.

 

Lakin o, ingilis dili və ədəbiyyatı ilə deyil, daha çox İslamın radikal təfsiri ilə maraqlanırdı.

 

Həmas Misirin “Müsəlman Qardaşları” islamçı təşkilatının Fələstindəki hissəsindən qurulub. Onu təşkil edən Yasin əvvəlcə 1967-ci il Altı Günlük Müharibədən sonra İsrailin işğal etdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub.

 

Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri, nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini - dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi.

 

Həmas isə onun tam əksi kimi görünürdü - əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi.

 

1987-ci ildə Həmas-ı quran Yasin demişdi ki, Altı günlük müharibədən keçən 20 ildə vəziyyət dəyişib və “ilahi iradəsi”nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, “təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın”.

 

Həmas 1967-ci il sərhədlərinə “müvəqqəti” qayıtmağa hazır olsa da, əsas məqsədi İsraili məhv etmək hesab edir

 

1988-ci ildə Həmas İsrailin məhv edilməsinə və “tarixi Fələstin” torpağında İslam dövlətinin yaradılmasına çağıran ilk xartiyasını dərc edib.

 

“İsrail, İslam onu, daha əvvəl başqalarını məhv etdiyi kimi məhv etməyincə var olacaq və mövcudluğunu davam etdirəcək... İslami Müqavimət Hərəkatı hesab edir ki, Fələstin torpağı Qiyamət gününə qədər müsəlmanların gələcək nəsilləri üçün müqəddəs olan İslami vəqfdir (dini və ya xeyriyyə məqsədləri üçün bağışlanan əmlak). Fələstin müsəlman nəsilləri üçün müqəddəs olan islami vəqf diyarıdır”, - əzəldən sülh yolu ilə hər hansı bir tənzimləmə ehtimalını rədd edən sənəddə yazılmışdı.

 

Lakin belə bir bəyannamənin “mənəvi saflığına” baxmayaraq, sənəd qruplaşmanın xarici dünya ilə əlaqələrini xeyli məhdudlaşdırdı.

 

2017-ci ildə Həmas altı günlük müharibədən əvvəl müəyyən edilmiş sərhədlər daxilində öz dövlətinin yaradılmasına “müvəqqəti” razılığını bildirən yeni sənəd təqdim edir. Lakin bu sənəddə də İsraili diplomatik əlaqələr qurula bilən suveren dövlət kimi tanımaqdan imtina etdiyi qeyd olunur.

 

“İsrailin yaradılması tamamilə qeyri-qanunidir və Fələstin xalqının ayrılmaz hüquqlarına ziddir, eləcə də... beynəlxalq konvensiyalarla təmin edilən insan hüquqlarının pozulmasıdır... [bu] sionist qurumun legitimliyi tanınmamalıdır”.

 

Həmas ilə hər hansı kompromis əldə etməyin qeyri-mümkünlüyü, həmçinin qruplaşmanın 1917-ci il Balfour Bəyannaməsini, o cümlədən 1990-cı illərdəki Oslo razılaşmalarını tanımaması ilə də izah olunur.

 

Balfour Bəyannaməsinə əsasən, Britaniya hökuməti digər dini icmaların hüquqlarını pozmamaq şərti ilə o vaxtkı Fələstin ərazisində yəhudi dövlətinin yaradılmasını dəstəkləyəcəyini rəsmən vəd etmişdi.

 

Oslo Razılaşması iki – yəhudi və fələstin - dövlətin yaradılması və birgəyaşayış prinsiplərini müəyyən edir.

 

Qrupun 1967-ci il sərhədlərini müvəqqəti tanımağa hazır olduğunu bildirməsi heç də o demək deyil ki, hətta bu kimi razılaşmaların əldə oluna biləcəyini təsəvvür etsək belə, onun ardıclıları İsrail dövlətini məhv etməkdən imtina edərdilər.

 

Yəhudi dövlətinin tamamilə yox olması uğrunda mübarizə müvafiq müqavilələrin imzalanması günün ertəsi başlaya bilərdi.

 

Fələstin hansı bölgələrdən ibarətdir?

İordan çayının qərb sahili və Qəzza Fələstin ərazisi kimi tanınır. Bundan başqa, tarixdə Fələstin kimi tanınan dövlətə Şərqi Qüds və İsrail də daxil idi.

 

Yəhudilər İncildə yəhudi krallıqlarının torpaqları kimi təsvir edilən bu yerləri “vəd edilmiş torpaq” kimi görürlər.

 

İsrail dövləti 1948-ci ildə yaradılıb, lakin İsraili rəsmən tanımayanlar hələ də bu bölgəni Fələstin adlandırırlar.

 

Fələstinlilər İordan çayının qərb sahilini, Qəzza və Şərqi Qüdsü əhatə edən bölgəni də Fələstin adlandırırlar.

 

Bu gün Qəzza zolağına (sahəsi cəmi 365 km² olan, Aralıq dənizi sahilinin kiçik zolağı, iki milyondan bir qədər çox insanın yaşadığı yer) Həmas nəzarət edir.

 

Bu təşkilat Osloda imzalanmış müqavilələri tanımadığından, müqavilələr imzalanandan sonra başlamış siyasi proseslərə 2006-cı ilədək: Fələstin ərazilərində yerli və qanunvericilik orqanlarına seçkilərdə iştirak etmək qərarına gələnə qədər, hansısa səbəblərdən məhəl qoymayıb.

 

O zaman onların hamısı prezident Mahmud Abbasın və onun Fələstin Azadlıq Təşkilatının bir hissəsi olan FƏTH partiyasının nəzarəti altında olub.

 

Qanunvericilik Şurasında FƏTH-dən daha çox yer qazanan Həmas-ın gözlənilməz qələbəsi nəinki Abbasın tərəfdarlarını, hətta o vaxta qədər FƏTH-lə əməkdaşlığın mümkün olduğu qənaətinə gələn və bu prosesin davam etdiriləcəyinə ümid edən bir çox xarici siyasətçiləri dilxor etmişdi.

 

FƏTH seçkilərin nəticələrini tanımaqdan imtina etdi. Onun milli birlik hökuməti yaratmaq cəhdi uğursuz oldu, çünki FƏTH beynəlxalq arenada fələstinlilərin maraqlarını təmsil edən yeganə təşkilat sayılmaqda israr edirdi, Həmas isə bununla qətiyyən razılaşmaq istəmədi.

 

Bundan sonra iki tərəf arasında “Qəzza müharibəsi” kimi tanınan qısamüddətli silahlı qarşıdurma başlandı və bunun nəticəsində 118 nəfər həlak oldu.

 

Nəticəsi Fələstin ərazilərinin faktiki olaraq, iki hissəyə bölünməsi oldu: İordan çayının qərb sahili özünü fələstinlilərin yeganə səlahiyyətli nümayəndəsi hesab etməkdə davam edən FƏTH tərəfindən idarə olunur, Qəzza zolağı isə tamamilə Həmas-ın nəzarətinə keçdi. Qəzza zolağında bundan başqa seçkilər keçirilməyib.

 

O vaxtdan bəri qrupun silahlıları İsraillə dörd böyük münaqişədə iştirak ediblər.

 

Bütövlükdə Həmas və ya onun hərbi qanadı (İzzəddin əl-Qəssam Briqadaları) bir sıra ölkələrdə, o cümlədən İsrail, ABŞ, Aİ və Böyük Britaniyada "terrorçu təşkilat" kimi tanınır.

 

Həmas Oslo sazişlərini tanımaqdan imtina edən ən böyük Fələstin qurumu idi.

 

Onların tətbiq edilməsinə qarşı səmərəli mübarizə üsulu kimi Həmas tez-tez intiharçı-bombaçılar tərəfindən həyata keçirilən hücumları seçdi.

 

Həmas üzvləri dəfələrlə ictimai nəqliyyatda və qələbəlik yerlərdə özlərini partladaraq onlarla israillinin həyatına son qoyublar.

 

Belə bir fikir var ki, israillilərin sülh prosesinə marağı məhz Qəzza zolağından onların ərazilərinə yönələn hücumlar nəticəsində itirilib.

 

Bir çox fələstinlilər bu hücumları öz itkilərinə və fələstinlilərin öz ərazisi kimi gördükləri İordan çayının qərb sahilində inşası davam edən İsrail məskənlərinin salınmasına qisas kimi alqışlayırdılar.

 

2004-cü ilin mart və aprel aylarında Həmas-ın dini lideri Şeyx Əhməd Yasin və onun varisi Əbdül Əziz əl-Rantisi İsrailin Qəzza zolağına raket hücumları nəticəsində öldürülüblər.

 

Həm bir çox ölkələr, həm də, məsələn, Avropa İttifaqı kimi fövqəlmilli qurumlar tərəfindən terror təşkilatı kimi tanındığına görə Həmas rəsmi yardıma ümid edə bilməz.

 

Tarixən vəsaitlərin çoxu xaricdə yaşayan varlı fələstinlilərdən, eləcə də Körfəz ölkələrindəki daha varlı şəxslərdən gəlib.

 

Sosial ehtiyaclar üçün müəyyən yardımlar da Qərbdəki İslam xeyriyyə təşkilatları tərəfindən göndərilirdi, lakin Həmas-la əlaqələrinə görə, bəzilərinin aktivləri dondurulub.

 

Qəzzada xüsusi bir iqtisadiyyat yoxdur. 2006-2007-ci illərdə Misirlə İsrail birlikdə sektorun blokadasını təşkil edib və bu, fələstinlilərin kütləvi şəkildə bölgəni tərk etməsinə səbəb olub.

 

Blokada başlayandan sonra uzun illər ərzində Həmas Misir sərhəd-keçid məntəqələrindən yan keçən mürəkkəb tunellər şəbəkəsi vasitəsilə daşınan mallara vergi qoymaqla gəlir əldə edirdi. Ərzaq və dərmanla yanaşı, eyni tunellərlə silahlar da gətirilirdi.

 

Misir yalnız 2018-ci ildə Salah əd-Din sərhəd-keçid məntəqəsindən bəzi ticarət mallarının Qəzzaya daxil olmasına rəsmi icazə verməyə başlayıb. Bu mallar Həmas liderləri üçün sanki qızıl mədəni idi: 2021-ci ildə onlar, Misirdən Qəzzaya gələn mallara vergi qoyaraq, ayda 12 milyon dollardan çox pul toplayırdılar.

 

Lakin bu gün Həmas-ın ən böyük sponsorlarından biri də, ola bilsin ki, ən böyüyü - İrandır.

 

İranın Həmas qruplaşması ilə əlaqələri haqqında hər şey məlum deyil, hərçənd müəyyən dövrlərdə onların kifayət qədər sıx olduğunu iddia etmək olar.

 

1990-cı illərin əvvəllərindən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Həmas yaraqlılarını maliyyələşdirir, təlim verir və silahlandırır. Məhz o zaman Fələstin qrupu Tehranda öz rəsmi nümayəndəliyini açıb.

 

Doğrudur, 2012-ci ildən 2017-ci ilə qədər, Həmas Suriya vətəndaş müharibəsində Prezident Bəşər Əsəd rejiminə dəstək verməkdən imtina etdikdən sonra həm maliyyə, həm də əməkdaşlıq beş il müddətinə kəsilmişdi.

 

Lakin 2017-ci ildə qrupun liderlərindən biri və hərbi qanadının qurucusu Yəhya Sinvar bəyan edib ki, “İranla münasibətlər, sadəcə, əladır” və “İran sadiq müttəfiqdir”.

 

2020-ci ildə ABŞ Dövlət Departamenti İranın Həmas və Fələstin “İslami Cihadı”na hər il 100 milyon dollardan çox yardım etdiyini bildirib.

 

“Wall Street Journal” nəşrində dərc olunan məlumata görə, İranın SEPAH-ı keçən həftə Livanın paytaxtı Beyrutda keçirdiyi görüşdə Həmas-a İsrailə hücumlar planlaşdırmaq üçün kömək edib və onlara yaşıl işıq yandırıb.

 

BMT-də çıxış edən İsrail səfiri Gilad Erdan bildirib ki, Suriya və Livanda “İsraili əhatə edən terrorçu qurumlarının digər liderləri ilə görüşlər keçirilib, ona görə də onların öz hərəkətlərini koordinasiya etdiyini təxmin etmək asandır. İranın bölgəmizdəki müvəkkilləri mümkün qədər öz hərəkətlərini İranla əlaqələndirməyə çalışıblar”.

 

Lakin İranın BMT-dəki missiyası Həmas-ın son hücumunda Tehranın iştirakına dair iddiaları rədd edib: “Biz qəti surətdə Fələstini dəstəkləyirik; lakin biz onun hərəkətlərində iştirak etmirik, çünki bütün qərarlar yalnız onun tərəfindən verilir”.

 

ABŞ dövlət katibi Antony Blinken bəyan edib ki, ABŞ rəsmiləri hələlik hücumların arxasında İranın olduğuna dair dəlil görməyiblər, lakin bu ölkə artıq uzun müddət İsrailin düşmənidir və regionda cihadçı qrupları dəstəkləyir.

 

İranın roluna təsir edə biləcək faktorlar arasında Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son diplomatik səylər də xatırladılır.

 

Əgər bu normallaşma həqiqətən baş tutsaydı (indi bu, Qəzza zolağına cavab artilleriya hücumları və yüzlərlə fələstinlinin ölümü nəzərə alınarsa, demək olar ki, mümkün deyil), çox güman ki, İsrailin digər ərəb ölkələri ilə münasibətləri nəzərəçarpacaq dərəcədə yaxşılaşa bilərdi.

 

Bu perspektiv, əvvəlki kimi rəsmi səviyyədə yəhudi dövlətinin məhvinə çağırışlar edən İrana qəti şəkildə əl vermir.

 

Həmas qruplaşması Rusiyanın terror təşkilatları siyahısına daxil edilməyib. Onun nümayəndələri mütəmadi olaraq Moskvaya səfər edir və Rusiya rəhbərliyi ilə danışıqlar aparırlar.

 

Sonuncu belə səfər 2023-cü ilin martında olub, o zaman Həmas üzvləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüblər.

 

"Rusiya tərəfi BMT və onun Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Fələstin probleminin ədalətli həllini dəstəkləməkdə dəyişməz mövqeyini təsdiqləyib", - bu görüşün yekunlarına dair Rusiya XİN-in bəyanatında deyilir.

 

Bundan əlavə, Həmas Ukrayna ilə müharibədə birmənalı Rusiyanın tərəfini tutub. “Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ABŞ-ın dünyada hökmranlığına son qoymaq və dünyanı çoxqütblü etmək məqsədi daşıyır. Bu, bütün məzlum xalqlar, ilk növbədə Amerika hegemonluğundan ən çox əziyyət çəkən Fələstin xalqı üçün sərfəlidir. Buna görə də biz Rusiyanın çoxqütblü dünya yaratmaq səylərini dəstəkləyirik”, - Həmas Siyasi Bürosu sədrinin birinci müavini Musa Əbu Mərzuk bəyan edib.

 

Maraqlıdır ki, bu bəyanatda Marzuk da Rusiya hakimiyyəti kimi, Ukraynadakı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırıb.

 

Həmas-ın son hücumları nə dərəcədə ciddidir?

BBC-nin Yaxın Şərq üzrə təcrübəli redaktoru Jeremy Bowen Həmas-ın Qəzzada keçirdiyi əməliyyatın onun bir nəslin gördüyü ən iddialı əməliyyat olduğunu bildirir.

 

Eyni zamanda, bu, İsrailin indiyə qədər qarşılaşdığı ən ciddi transsərhəd əməliyyatıdır.

 

Həmasın bu hücumu Yaxın Şərqdə böyük bir müharibə ilə anılan günün 50-ci ildönümündə həyata keçirildi.

 

1973-cü ildə Misir və Suriyanın başçılıq etdiyi ərəb dövlətləri İsrailə qarşı Ərəb-İsrail müharibəsinə başladılar. Müharibə Yom Kippur müharibəsi (Qiyamət günü müharibəsi) kimi də tanınır.

 

HƏMAS-İsrail müharibəsindən sonra Fələstində nə baş verə bilər?

Həmas-ın silahlı qanadı Əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Deyf fələstinliləri və digər ərəbləri “İsrail işğalını silib-süpürmək üçün” əməliyyata qoşulmağa çağırıb.

 

BBC Qüds müxbiri Yolande Knell deyir ki, işğal altındakı İordan çayının Qərb sahili, Şərqi Qüds və bölgənin digər yerlərindəki fələstinlilərin bu çağırışa cavab verib-verməyəcəyi həlledici olacaq.

 

İsrail, şübhəsiz ki, bir neçə cəbhədə birdən açıla biləcək müharibə potensialını görür. Ən pis ssenari odur ki, müharibə Livanın güclü silahlı qruplaşması Hizbullahı cəlb edə bilər.

 

Hizbullah bazar günü səhər Livandan İsrailin şimalına bir sıra raket və artilleriya mərmiləri atıb. Hücumlar nəticəsində heç bir itki olmayıb.

 

İsrail ordusu böyük bir qoşunun gücləndirilməsi əmrini verib. Qəzzaya qarşı intensiv hava zərbələri ilə yanaşı, orada quru əməliyyatı planlaşdırdığını da bəyan edib.

BBC Azərbaycan

Digər xəbərlər