İkinci “mavi Marmara” hadisəsi – İsrail növbəti dəfə beynəlxalq yardımın Qəzzaya keçməsinə imkan vermədi

  • 03.10.2025
  • 25 baxış

Gözlənildiyi kimi, İsrail Qəzzaya humanitar yardım aparan “Sumud” mülki donanmasına basqın etdi. Gecə saatlarında Aralıq dənizində, Qəzza sahillərinə 100 kilometrdən çox məsafədə 15-dən çox gəmiyə İsrail dəniz qüvvələri desant çıxarıb, gəmiləri və içindəki şəxsləri həbs edib. Sonrakı gün əməliyyat davam edib və bütün gəmilər ələ keçirilib və içindəki fəallarla birlikdə İsrailə gətirilib. 

Qeyd edək ki, 40-dan çox gəminin olduğu Beynəlxalq “Sumud Donanması” içərisində deputatlar, insan haqları fəalları və həkimlərin olduğu 500 nəfərlik bir insandan ibarətdir. Donanmanın məqsədi beynəlxalq aləmin diqqətini Qəzzada baş verənlərə çəkmək və zolağa humanitar yardım aparmaqdır. 

Saxlanılanlar arasında 25 Türkiyə vətəndaşı və ya türk əsilli şəxslər var. İsrailin dinc məqsədli gəmilərə hərbi müdaxiləsi dünyada ciddi etirazlar doğurub. Ən sərt addımı Kolumbiya atıb. Prezident Qustavo Petro baş verənləri Netanyahu tərəfindən həyata keçirilən beynəlxalq cinayət adlandırıb və İsrail diplomatlarını ölkədən çıxarılması barədə qərar qəbul edib, İsraillə ticarət müqaviləsini də ləğv edib.

İrlandiya baş verənləri “qorxulu hadisə” adlandıraraq İsraili beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Türkiyə XİN hadisəni pisləyib. Gecə saatlarında Türkiyənin əksər şəhərlərində aksiyalar keçirilib.

Brüssel, Afina, Buenos-Ayres, Berlin, Romada aksiyalar keçirilib, İtaliyanın ən işçi sindikatı cümə gününə ümummilli tətil elan edib. 

Xatırladaq ki, ərəbcə dəyanət mənasında olan “Sumud” adı verilən donanma avqust ayında İtaliya və İspaniyadan çıxıb. Yolboyu bir sıra ölkələrdən də fəallar gəmilər və yaxtalarla donanmaya qatılıb. Gəmilərdə siyasətçilər, insan haqları müdafiəçiləri, həkimlər və jurnalistlər olub.

Qeyd edək ki, oxşar hadisə 2010-cu ildə baş verdi. Qəzzaya yardım aparan “Mavi Marmara” və daha bir neçə kiçik gəmiyə İsrail ordusunun hücumu nəticəsində 10 nəfər ölmüş, 28 nəfər isə yaralanmışdı. Türkiyə İsrailə qarşı sərt etiraz kampaniya aparmış, nəticədə 2013-vu ildə İsrailin baş naziri Netanyahu ABŞ prezidenti Barak Obamanın təzyiqi ilə telefonla Türkiyə baş naziri Ərdoğandan üzr istədi və zərərçəkənlərə 20 milyon dollar təzminat ödədi.

Son hadisənin də İsrailə qarşı beynəlxalq səviyyədə qınaq və tənqidlərə səbəb olacağı gözlənilir. Lakin İsrail dövləti Fələstini öz ərazisi hesab etdiyi üçün bura kənar ölkələrin yaxınlaşmasını “milli təhlükəsizliyə təhdid” adlandırıb sərt müdaxilə edir.

Digər xəbərlər