İraq türkmənlərini xəritədən silmək planı: kürd köçürmələri, ərəb kəmərləri – Kərkükdən 100 illik assimilyasiya hekayəsi
(İkinci yazı)
Qeyd edək ki, Kərkükdə ikinci bir türkmən namizəd siyahısı “Kərkük Türkmən Qurtuluş İttifaqı” adlanır. Bu siyahıya Əmmar Kahya rəhbərlik edir. Kahya Kərkükdə yerli araşdırma və məsləhət mərkəzinin sədridir, siyahıya başçılıq eləsə də, özü namizəd deyil. 23 nəfərlik namizəd siyahısında Dava (Maliki), Bədr (Hadi əl-Amiri) və digər şiə islamçı partiyalardan olan türkmən namizədlər var.
Kahya ilə rəhbərlik etdiyi araşdırma mərkəzində – hazırda həm də Kərkük Türkmən Qurtuluş İttifaqının seçki qərargahında – görüşüb müsahibə aldım. Kahyalar Kərkükdə böyük türkmən qəbilələrindən biridir, nüfuzlu üzvləri var. Əmmar Kəhya İraq baş naziri müşavirliyində çalışıb, geniş siyasi təcrübəsi var.
Əmmar Kahya
Əmmar Kahya ilə söhbətimiz zamanı o, İraq türkmən xalqının yaxın tarixdə bir neçə dəfə ciddi təzyiq və təqiblərlə üzləşdiyi haqda danışdı. Onun fikrincə, hazırkı vəziyyətin yaranması 100 ildir davam edən prosesin nəticəsidir.
• İraq türkmənlərinə qarşı son 100 ildə böyük təzyiq olub. Kərkük, Tuzhurmatı, Telaferdə də ağır hadisələr baş verib. Əlbəttə, tarixin əvvəlki dövrlərində də İraqda türkmənlərin çətinlikləri olub. Ancaq 1920-ci illərdən sonra türkmənlərə qarşı təzyiqlər daha çoxalıb. Əsas da bu dövrdən sonra İraq türkmənlərinin torpaqlarının alınması, onların köçə məcbur edilməsi hadisələri olub bir neçə dəfə.
Bildiyiniz kimi, Osmanlı Birinci Dünya Müharibəsində uduzduqdan sonra İraq Böyük Britaniya tərəfindən işğal olunub. Və İraqda ingilislərə qarşı ilk üsyan edən Telafer türkmənləri olub. Bu üsyan zamanı ingilis qüvvələri ilə türkmənlər arasında döyüşlər baş verib. Kərkükdə isə türkmənlər İraq kralına (Kral Faysal İraqın ilk kralı idi, ingilislər tərəfindən təyin olunmuşdu – K.R.) səs vermədi və bu, Kərkük türkmənləri ilə ingilis hakimiyyəti arasında növbəti bir gərginlik oldu. 1920-ci illərin sonlarında Kərkükdə ilk dəfə İraqda neft tapıldı. Nefti ingilislər istehsal etməyə başladılar. Və bu zaman yerli türkmənlər ingilisləri boykot edərək neft şirkətində işləməkdən imtina etdi. Türkmən qəbilələri “biz ingilislə işləməyəcəyik” deyiblər. Üstəlik, aradakı soyuqluq səbəbi ilə ingilislər Kərkükə kənardan ərəb və kürd işçilər gətirib və bununla da Kərkükdə digər etnik qrupların köçü başlayıb. Bu dövrdə Kərkükdə əhalinin 80 faizini türklər–türkmənlər təşkil edirdi. Onlar da əsasən ucqar kəndlərdə yaşayırdılar”.
Ə.Kahya deyir ki, neft şirkətində çalışan ərəb və kürd işçilər tezliklə Kərkükdə məskən salır, ilk ərəb və kürd məhəllələri yaranmağa başlayır. Əhalinin etnik tərkibi ilk dəfə o zaman dəyişməyə başlayır. 1926 və 1940-cı ildə Kərkükdə ingilis hakimiyyəti ilə türkmənlər arasında daha iki qarşıdurma baş verir. Bu dövrdə Kərkükdə yaşayan ermənilər ingilislərin dəstəyi ilə türkmənlərin dinc yürüşünü atəşə tutması nəticəsində çoxlu sayda türkmən ölür.

Ancaq Kahyanın sözlərinə görə, İraqda krallıq dövründə bu cür qarşıdurmalar olsa da, zorla kimlik dəyişdirilməsi, torpaqların müsadirəsi kimi hadisələr olmayıb. Bu kimi hallar 1957-ci ildə krallıq devrilib İraq Respublikası elan olunduqdan sonra baş verir, güman ki, geosiyasi vəziyyətlə əlaqədar olaraq İraqda türkmənlərə təzyiq daha da artıb.
Sitat: “Əbdülkərim Qasımın zamanında İraqda solçular iqtidarı ələ keçirdi. Bizim Kərkükdə daha çox dinə meyllilik var, sol hərəkata qoşulan nadir insanlar olub. Ancaq kürdlər sola daha yaxın idilər və bu səbəbdən də Əbdülkərim zamanında kürdlər güc qazandılar, polis, ordu və digər qurumlarda kürdlərin sayı və mövqeyi gücləndi. 1959-cu ildə İraq Respublikasının ildönümü günü “14 iyul qətliamı” adı verilən qanlı hadisələr yaşandı, silahlı kürdlər yerli türkmənlərə qarşı qətllər və cinayətlər törətdilər. Yalnız Bağdadın araya girməsi ilə hadisələr yatışdı. Əbdülkərim Qasımdan sonra Kərkükdə qətliam törədənlərin bir qismi həbs edildi, bir neçəsi edama məhkum olundu, bəzisi isə qaçdı”.
İlk dəfə bu illərdə Kərkükdə türkmən gənclər gizli təşkilat quraraq türkmənlərə zülm edənləri cəzalandırıblar.
İraq türkmənlərinə qarşı ən ciddi və ağır təzyiq dövrü 1968-ci ildə Bəəs Partiyası hakimiyyəti ələ keçirdikdən sonra başlayıb. Ə.Kahyanın sözlərinə görə, türkmənləri xəritədən silməklə bağlı bir qərar qəbul olunub. Qərarın məqsədi İraqda türk əhalisini assimilyasiya etmək və etnik qrup statusunu aradan qaldırmaq olub: “İlk olaraq ideoloji iş başlayıb, türkmən qəbilələrinə gedərək “sizin əsliniz ərəbdir, türkmən deyilsiniz” kimi təbliğat aparılıb, üstəlik onlara “ərəb olmağı” qəbul edəcəkləri təqdirdə orduya zabit kimi işə qəbul olunmaq və digər imtiyazlar vəd edilib. Bunu qəbul edənlər dövlətin imtiyazlarından bəhrələnib, qəbul etməyib türkmən olaraq qalmaqda israr edənlərə qarşı müxtəlif təzyiq vasitələri işə salınıb, bir çoxları günahsız yerə həbs olunub. 1972-ci ildə türkmən məktəbləri bağlanıb. Buna etiraz edərək yürüşə çıxan türkmən gəncləri gecə Bəəs Partiyası qüvvələri tərəfindən evlərindən oğurlanaraq öldürülüb. Həmin günlərdə Daquqda Hüseyn Dəmirçinin öldürülüb elektrik dirəyindən asılmasına etiraz olaraq türkmənlər ayağa qalxıb, etiraz yürüşləri keçirilib”.

Növbəti mərhələdə dövlət layihələri adı ilə türkmən torpaqlarını müsadirə ediblər. Türkmən torpaqlarını dövlət bazar dəyərindən qat-qat aşağı məbləğə alaraq əhalini köçürüb. Nəticədə 10 il ərzində türkmənlərə məxsus əkin torpaqlarının böyük hissəsi müsadirə olunub.
Türkmənlərdən zorla alınan bu torpaqlar əraziyə köçürülən ərəb qəbilələrinə verilib, üstəlik bu əraziyə köçməyi qəbul edən ərəb ailələrinə dövlət tərəfindən yardımlar edilib: “50 ev düzələndə bir kənd yaradılırdı. Bunun adını Bəəs hökuməti “təhlükəsizlik kəməri” qoymuşdu. Kərkük şəhəri ətrafında dövlətə, yəni Bəəs Partiyasına yaxın ərəb qəbilələrindən ibarət çənbər yaratdılar. Bir fakt deyim, bu kampaniyadan əvvəl Kərkük ətrafında 25 kənd olduğu halda 10 il ərzində kəndlərin sayı köçürülmüş ərəb qəbilələri hesabına 250-yə çatdı”.
Əmmar Kəhya danışır ki, İraq-İran müharibəsinin başlaması Kərkükdə və türkmən bölgəsində repressiya dalğasının başlamasına səbəb olub. Hökumət qüvvələri Dava Partiyası kimi müxalifət partiyalarının üzvlərini kütləvi şəkildə həbs edib, bir çoxlarını isə edam edib: “Hansı kənddə Dava Partiyası üzvü vardısa, o kənddə onlarla insan edam olunurdu. Bu dövrdə bölgədəki ziyalı, təhsilli türkmənlərin çoxu repressiyalara məruz qaldı. Ən çox edam olunanlar universitet təhsilli müəllim və ya tələbələr olub.
Beləcə əvvəlcə xalqın torpaqlarını aldılar, sonra da xalqın qaymaqlarını edam etdilər. İnsanların bir çoxu qaçmağa başladı. Həmin illərdə çoxlu sayda türkmən gənci İran və Türkiyəyə, hətta oradan da Avropaya mühacirət etdi.
Həmin illərdə bir çox kəndləri dağıtmağa başladılar. Məsələn, mənim doğulub boya-başa çatdığım Tissin kəndində 2700 evdən 2 mini söküldü, qalanları da ərəblərə verildi. Daha sonra Bəşir qəsəbəsində evləri sökdülər. Evləri sökülən türkmənlərin Kərkükə yerləşməyə icazə verirdilər, amma o da qaydaya görə bir küçədə 2 türkmən ailəsindən çoxu ola bilməzdi”.
Bu dövrdə türkmənlər rəsmi dövlət vəzifəsini tutmaq, torpaq almaq, dövlətlə rəsmi müqavilə imzalamaq hüququndan məhrum edilib. Əmmar Kahya deyir ki, o dövrdə türkmənlər yalnız ərəb bir vətəndaşla şərik olaraq iş qura və yeni ərazi ala bilərdi.
Həmçinin bu dövrdə bir çox kəndlər şiə və İrana yaxın olmaq ittihamı ilə dağıdılıb. Ancaq bunlar bəhanə olub, çünki Kahyanın sözlərinə görə, Bəşir və Tissin kimi türkmən qəsəbə və kəndləri ilə yanaşı Çirkalan, Yayçı, Bilava, Kızlıyar, Qumbetler kimi sünni türkmən kəndləri də dağıdılıb. Bu kəndlər dağıdıldıqdan sonra onların yaxınlığında yeni ərəb kəndləri inşa edilib.
“Beləliklə, İraq türkmənlərinin bir çoxu evlərini tərk etməyə məcbur oldu. Üstəlik, son 100 ildə bir neçə bu cür assimilyasiya və köç siyasəti aparıldı. Nəticədə dövlətin təzyiqindən qorunmaq üçün bir çox türkmənlər ərəb qəbilələri ilə anlaşıb onların himayəsinə daxil olur, daha sonra gedib dövlət qurumuna müraciət edib türkmən olmadığını, ərəb olub filan qəbilədən olduğu ilə bağlı izahat yazırdı. Bununla da kimlik dəyişmə “könüllü” həyata keçmiş olurdu. Bu zaman artıq torpaq və ev almaq, bələdiyyədə işləmək haqqı tanınırdı, amma məsələn, orduda və ya neft şirkətində işləmək icazəsi yox idi” – deyə Kahya bildirir.
1991-ci ildə Küveyt müharibəsindən sonra baş verən kürd üsyanına Kərkük türkmənləri dəstək verib, ancaq Səddam Hüseyn üsyanı yatırdıqdan sonra Kərkükü ələ keçirib və türkmənlərin bir çoxunu edam etdirib. 91 nəfərin güllələndiyi Altınköprü qətliamı da o zaman baş verib. Nəticədə kürdlər muxtariyyət əldə edib Qərbin və ABŞ-ın dəstəyini alsa da, türkmənlər tək qalır və Bağdad tərəfindən əzilir.

Əmmar Kahya deyir ki, 2003-cü ildə ABŞ İraqa hücum edəndə Türkiyə ərazisindən istifadəyə icazə vermədi, ancaq kürdlər ABŞ-a yardım etdilər. Nəticədə Kərkük də daxil olmaqla bir çox ərazilər iki kürd partiyasının silahlı güclərinin nəzarətinə keçdi. Kərkükün valisi, polis rəisi, polis qüvvələri və sair hamısı kürdlər oldular. Yalnız 2003-cü ildən sonra türkmənlərin həyatında dəyişiklik olub: “Türkmənlər partiya qurmaq, övladlarına türk adı qoymaq, siyasi fəaliyyət və sair azadlıqlar əldə etdilər. Vilayət məclisləri quruldu, türkmənlər ora üzv seçilə bildilər, Bağdad partiyalarının dəstəyi ilə türkmənlər orduda, dövlət qurumlarında vəzifə aldılar.
Ancaq kürdlər də boş dayanmadılar, amerikalıların iki kürd partiyasına (Talabani və Barzaninin partiyaları) davamlı dəstəyi nəticəsində Ərbil və Süleymaniyədən ən azı 200 min kürd köçürüldü buralara. Hətta İran, Suriya və Türkiyədən kürdlər köçürüldü. Yeni kürd kəndləri yarandı.
2014-cü ilə qədər bu vəziyyət davam etdi. 2014-cü ildə İŞİD Mosulu işğal etdiyi zaman kürd peşmərgələri də Kərkükü işğal edərək kürd muxtariyyəti ərazisinə qatdılar. 2017-ci ilə qədər Kərkük tamamilə peşmərgənin nəzarətində oldu. Bu dövrdə eyni zamanda türkmən gənclər də silahlandı, “Həşd-Şabi”yə qatıldılar. Mərcəiyyətin fətvası çıxandan sonra İraqın digər bölgələrində olduğu kimi, Kərkükdən də minlərlə gənc orduya qatıldı. İŞİD-ə qarşı döyüşlərdə 250 nəfərə yaxın şəhidimiz oldu. 2017-ci ilin 16 oktyabrında Allah rəhmət eləsin, Əbu Mehdi əl-Mühəndis (Həşd-Şabinin 2020-ci ildə şəhid olmuş baş qərargah rəisi – K.R.) Bağdad hökuməti ilə razılaşma ilə Kərkükdə əməliyyat keçirərək peşmərgəni Kərkükdən çıxardı və Kərkük yenidən İraq hökumətinin nəzarəti altına keçdi”.
Ancaq 2018, 2021 və 2023-cü il seçkilərində Kərkükdə türkmənlər ciddi uğur qazana bilməyib. Ancaq Kahya ümiddlidir, bu dəfə türkmənlərin daha çox səs alacağına inanır: “Kərkükdə türkmənlərin iki seçki siyahısı var. Biri “Qurtuluş” blokudur, Bağdad hökumətindəki partiyalardan dəstək alır. İkinci seçki blokunu İTC bir neçə digər partiya ilə yaradıb. Bu bloku Türkiyə dəstəkləyir. Kərkükdə 12 millət vəkili yeri var. Türkmənlər 3–4 deputat yeri almaq istəyirlər. Daha çox yer almaq imkanları da var. Amma buna mane olan bir neçə amil var. Birincisi, Kərkükdə daha çox saxta seçici var. 100–150 min nəfərlik saxta seçici var. İsrarlarımıza rəğmən bu saxta seçiciləri siyahıdan çıxarmırlar.
İkincisi, türkmən xalqı seçkilərə getmir, seçkini boykot edir. “20 ildir bir iş görülmədi, iqtidara gələ bilmirik, heç bir yerdən dəstək ala bilmirik, qalib gələndə də söz sahibi ola bilmirik” kimi sözlər deyilir.
Biz xalqın səsi və dəstəyi olsun deyə bu bloku yaratdıq. Ümid edirik ki, 2025-ci il seçkilərində türkmənlər daha çox səs və millət vəkili ilə çıxacaqlar”.
