(Üçüncü yazı)
Əmmar Kahya ilə söhbətdən sonra Kərkükdən ayrılıb Telaferə yola düşdük. Ancaq Telaferə getmək üçün əvvəlcə Mosula getməli və buradan başqa bir avtomobillə Telaferə getmək lazımdır. Kərkük və Mosul arasında məsafə 3 saatdan bir qədər çox olsa da, yol boyu çoxlu sayda postlar var. Bu postlarda ordu, polis və “Həşd-Şabi” qüvvələri olur. Postlarda hər kəsin sənədləri, avtomobilin yük yeri yoxlanılır. Xarici vətəndaşlar, o cümlədən məni də ciddi yoxladılar, xüsusən də vizanın və ölkəyə girişin haradan olmasına diqqət edilir. Əgər məsələn, İraqa Ərbil hava limanından, yəni Kürd Muxtariyyəti ərazisindən daxil olmusansa, Mosul və ya Telaferə buraxmırlar. Yaxud da Bağdaddan giriş edənləri Kürd Muxtariyyəti ərazisinə buraxmırlar.
Telafer şəhəri - müharibə izləri hələ də qalmaqdadır
Telafer İraqın şimal-qərbində, Neyneva vilayəti ərazisində yerləşən eyni adlı qəza və şəhərdir. 2014-cü il İŞİD-in hücumu zamanı şəhər əhalisinin əksəriyyəti cənuba - Nəcəf, Kərbəla, Bağdad, Kərkük kimi şəhərlərə qaçıb. Onların əksəriyyəti qayıtsa da, türkmənlərin bir hissəsi Türkiyə və Mosul kimi bölgələrə qaçıb və geri dönməyib. Bu səbəbdən də şəhərdə əvvəlki əhalinin yarısından azı qalıb. Şəhərin təxminən yarıya qədəri hələ də bərpa olunmayıb. Ancaq bununla belə əhali qaynayır, yeni yollar və dövlət binaları inşa olunur. Telaferdə iş və məşğulluq imkanları zəif olduğu üçün əhalinin bir hissəsi, əsasən də gənclər ya daxildə Bağdad, Kərbəla, Mosul kimi iri şəhərlərə köçüb, ya da xaricə, əsasən Türkiyə və Avropa ölkələrinə mühacirət edib. Telafer camaatı fəal, işlək və davakar adamlardır. Bunu da ətrafdakı ərəb və kürd qəbilələrinin çoxluğu və aradakı soyuqluqla izah edirlər. Əksər telaferlilər çoxuşaqlı ailələrə malikdir.

Telafer qalası
Əhalinin çox hissəsi əkinçilik və bostançılıqla məşğuldur. Əsasən taxıl və arpa əkirlər. Ənənəvi olaraq dəmyə əkinçiliyidir, ancaq son illərdə quraqlıq səbəbi ilə artezian quyuları qazdıran fermerlərin sayı çoxalıb. Ancaq bununla belə quraqlıq səbəbi ilə sahələrin bir qismi əkilmir. İraq hökuməti yerli fermerlərin istehsal etdiyi taxıl və arpanı bazar qiymətindən baha (850 dinara) alır. Bostan və bağlar isə şəhər kənarında yerləşir, əsasən qala divarı altından çıxan böyük bulaq və artezian quyuları ilə suvarılır.
Şair Rza Çolakoğlunun Azərbaycana xüsusi bağlılığı var
İraq Türkmən Cəbhəsi Telaferdə də güclüdür. İTC-nin namizədi Züleyxa İlyas Bekkar - təqaüddə olan müəllimə olan Bekkar hazırda İraq parlamentində deputatdır. 269 saylı siyahıda 4-cü nömrə Mosul-Telafer bölgəsindən namizəd olan Züleyxa Bekkar 11 noyabrda keçirilən seçkilərdə yenidən qalib gələrək İraq parlamentinə seçilib. İTC-nin gənclər təşkilatının (TÖGB) Telafer yerli bürosu da çox fəaldır, şəhərdə seçki kampaniyası və mədəni tədbirlərdə İTC gəncləri fəal iştirak edirlər. TÖGB-nin yerli sədri Ziyad Əli Emin oğlu Telaferdə yerli türkmən gənclərin milli ruhda yetişməsi, təlim və tərbiyə istiqamətində layihələrinin olduğunu, gəncləri Türkiyə universitetlərinə göndərdiklərini bildirdi. Yeri gəlmişkən, artıq 2 ildir ki, Telaferdən tələbələr Azərbaycan dövlətinin təqaüd proqramı ilə gəlib Bakıda təhsil alırlar. Onlardan biri də Cəlal Həbibdir. Cəlalgilin evi Telaferin mərkəzində yerləşir, ancaq İŞİD hücumu zamanı dağılan evlərini hələ də təmir edə bilməyiblər.

Dava Partiyasının Telafer şöbə sədri Hacı Sədu
Dava Partiyasının Telafer şöbəsinin deputatlığa namizədi olmasa da, partiya iki yerli namizədi dəstəkləyir. Dava Partiyasının yerli təşkilat sədri Hacı Sədu-nun partiyası hökumət koalisiyasında olsa da, hökumətin, xüsusən də baş nazirin daxili siyasətindən narazıdır. Eyni zamanda türkmənlərin siyasi fəallığını tənqid edir, seçkilərdə iştirak faizinin aşağı olduğunu, həmçinin türkmənlər arasında məzhəb ayrılığı olduğunu, buna görə də səs itirdiklərini deyir.

Kimya müəllimi və Yetimlər Xeyriyyə təşkilatının rəhbəri Selim Cəddu
Telaferdə “Muəssəsə Yetimi” xeyriyyə təşkilatına Səlim Cəddu adlı türkmən rəhbərlik edir. Bu qurum yerli iş adamlarının ianələri və müəyyən yardımlar hesabına dövlətdən dəstək almayan, ailə başçısını itirmiş ailələrə yardım edir. İraqda dövlət müharibədə və terror zamanı, habelə Səddam Hüseyn diktaturası dövründə repressiyaya məruz qalmış şəxslərin ailələrinə maddi yardım edir. Ancaq xəstəlik və ya digər səbəblərdən yardım ala bilməyən, yaxud da bürokratik təsdiqləmə prosesində olan ailələrə yardım edir. Cəddu deyir ki, hazırda onlar 200 belə ailəyə geyim, məktəb ləvazimatı, ev əşyası, ərzaq və ya nağd pul şəklində yardımlar edirlər.

Əl-Bayraq Türkmən Liseyi və şagirdləri ilə

Biz Telaferdə olduğumuz gün - oktyabrın 29-da burada ilk türkmən məktəbi “Əl-Bayraq Türkmen Lisesi”nin açılışı oldu. Daha doğrusu, 2023-cü ildə təsis olunmuş məktəb yeni inşa olunmuş binaya köçdü. Bu, Telaferdə ilk türkmən məktəbidir. Burada bütün dərslər türkcə (Türkiyə türkcəsi) tədris olunur.

Direktorla söhbət etdim, dərs vəsaitlərinə baxdım və hətta dərsdə iştirak etdim. Dərsliklər İraq Təhsil Nazirliyinin vəsaitləridir, ancaq Türkiyə türkcəsinə çevrilib və bu şəkildə tədris olunur. Məktəbi İraq hökuməti açıb, Təhsil Nazirliyinin balansındadır, işçilər hamısı yerli türkmənlərdir, bir çoxu Türkiyədə təhsil alıb.

Telaferin İyaziyyə qəsəbəsinin rəsm kursu şagirdlərin əl işləri İraq gündəminə uyğun olaraq sülh və qardaşlığı tərənnüm edir. Casim Kasaboğlu kənd müəllimi və İTC yerli təşkilatinın sədridir.

Mənə bildirildi ki, türkmən əhalisinin sıx yaşadığı bölgələrdə yerli əhalinin müraciəti əsasında türkmən (türk) dilli məktəb açılır. Hazırda bir çox türkmən qəsəbə və şəhərlərində çoxlu sayda məktəblər var. Ancaq türkmən dili inkişaf etmədiyi üçün burada Türkiyə türkcəsi tədris olunur. Həmçinin İraq qanunlarına əsasən həftədə bir dəfə bütün ölkə məktəblərində türkmən dili dərsi tədris olunur.

Sincar hələ də İŞİD yaralarını özündə saxlayır
Telaferin ətrafında ən böyük türkmən qəsəbəsi, eyni zamanda nahiyə olan İyaziyyədir. Bu kəndin digər adı Evgenni və Mitcedir. Bu kənd bir qəbilədən ibarətdir. Kəndin bütün əhalisi Kasaboğlu qəbiləsinin üzvüdür. İraqın hazırkı müdafiə naziri və deputatlığa namizəd Sabit əl-Abbasi bu kənddəndir. Lakin deyilənə görə Abbasi siyasi səbəblərə görə türkmən deyil, ərəb olduğunu bildirir. Ancaq öz kəndi ilə əlaqələri qalır, İyaziyyə kəndindəki qədim kükürdlü bulağı da Abbasi öz hesabına restavrasiya etdirib, Telaferin girişində yeni hərbçilər sarayının və Telafer hərbi hava limanının yenidən qurulmasını təşkil edib. O da bildirilir ki, Abbasi növbəti dövrdə İraq parlamentinin spikeri olmağa iddialıdır.

İTC-nin İyaziyyə kəndindəki yerli bürosunun sədri Casim Kasaboğlu eyni zamanda orta məktəb müəllimi və həvəskar rəssamdır. Kasaboğlu Türkiyədə türk dili müəllimliyi kurslarında bir neçə dəfə iştirak edib. Bir dəfə də Türkiyədən gəlib Mosulda kurslar təşkil edən müəllimlərin dərslərində dinləyici olub. Kənddə rəsm kursları açıb. Müharibədən əvvəl 20 mindən çox əhalisi olan kənddə hazırda əhalinin sayı azalsa da, həyat axarına düşüb. Həmin gün rəsm kursunun üzvlərinin sərgisi təşkil olunmuşdu və mən də sərgidə iştirak etdim. 30-dan çox kənd sakininin, əsasən məktəblilərin rəsm işləri çox maraqlı idi. Diqqət etdim ki, əksər rəsmlər sülh, qardaşlıq və barışığa həsr olunmuşdu.

Telaferdə məşhur şair Rza Çolakoğlunu da ziyarət etdim. Çolakoğlu uzun müddət Ankarada yaşayıb, ancaq yaxın zamanlarda oradakı evini sataraq Telaferə köçüb. Telafer ləhcəsi və yerli folklora həsr olunmuş kitablar yazıb, bir neçəsini mənə verdi. Telafer ləhcəsinin Azərbaycan dilinə çox yaxın olduğunu, ancaq nədənsə Azərbaycanda türkmən tədbirlərinə ancaq Kərkükün dəvət olunmasından şikayətləndi.
Sincara səfər
Telafer qəzasına bağlı olan Sincar Suriya sərhədinə yaxın ərazidə yerləşən tarixi qəsəbədir. Burada əhalinin əsas hissəsini yezidi (ezidi) kürdlər təşkil edir. Ərəb və az sayda türkmən də var. 2014-cü ildə İŞİD Sincarı işğal etdiyi zaman döyüşlər nəticəsində qəsəbə xarabalığa çevrilib, qədim bazar tamamilə dağıdılıb və hələ də bərpa olunmayıb. İŞİD bu şəhərin əhalisinin bir hissəsini qətlə yetirib, yezidi qızları isə cariyə olaraq satıb. Məşhur hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Nadiyə Murad Sincardandır və 2014-cü ildə burada digər yezidilər kimi İŞİD tərəfindən əsir alınmışdı.
Hazırda Sincarda həyat normala dönüb, qəsəbədə dövlət binaları, məktəb və xəstəxanalar bərpa olunub, Sincar yolu yenidən qurulur. Ancaq bazar əvvəlki yerində deyil, ümumiyyətlə, Sincarın qədim hissəsi — dağın ətəyində yerləşən Seyyidə Zeynəb ziyarətgahından aşağı hissə tamamilə dağınıqdır. Buralar hələ də müharibənin izlərini daşıyır və dağıntılar olduğu kimi qalır. Hazırda Sincarda təhlükəsizliklə bağlı hər hansı təhdid olmasa da, qəsəbəyə gedən yollar çoxlu sayda polis və “Həşd-Şabi” postları və hərbi hissələri tərəfindən qorunur.
Mosul

Mosul artıq qaynar şəhərə çevrilib
Telafer və Sincardan sonra yolumuz İraqın ikinci böyük şəhəri Mosula idi. Mosul 2014–17-ci illərdə İŞİD-in işğalı altında olub, Əbubəkr əl-Bağdadi 2014-cü ilin avqustunda Mosulda özünü “İslam dövləti”nin xəlifəsi elan edib. Şəhər, xüsusən də İŞİD-ə qarşı hərbi əməliyyatlar zamanı ABŞ və İŞİD əleyhinə koalisiya tərəfindən ağır şəkildə bombalanıb, daha sonra 2017-ci il Mosulun azadlığı əməliyyatı zamanı ciddi şəkildə dağıdılıb. Dağıntıların müəyyən izləri hələ də bəzi yerlərdə qalsa da, ümumilikdə şəhər artıq bərpa olunub, həyat çox qaynayır. Hətta Bağdaddan da daha qaynar bir şəhərdir; bazarlar və parklar doludur, xristian əhali çox olduğu üçün Mosulda hicabsız qadına və ümumiyyətlə Avropa tərzi geyinmiş daha çox insana rast gəlmək olur.

İŞİD digər şəhərlərdə olduğu kimi, Mosulda da dini ziyarətgah və məscidləri dağıtdığı üçün onların əksəriyyəti, xüsusən də ziyarətgahlar bərpa olunur. Ancaq şəhərdə həyat qaynayır. Bazarlar gurdur, nəqliyyat gurdur. Mosulun özündə türkmənlərin sayı çox azdır, ancaq şəhər ətrafında yerləşən Rəşidiyyə rayonunda əhalinin 60 faizini türkmənlər təşkil edir. Burada türkmənlər qarışıqdır, ancaq sünnilərin çoxluq təşkil etdiyi güman edilir. Şəhərdə kürdlər daha çox gözə dəyir.

Casim Muhammed Cəfər Bayatlı və yeni Bağdad
Casim Məhəmməd Cəfər Bayatlı: Türkmənlərin bir çoxu seçkilərə getmir
Səfərin sonuncu günü Bağdadda Yaşıl Zonada türkmən siyasətçi, keçmiş inşaat, habelə idman və gənclər naziri, Türkmən İslami Birlik Partiyasının sədri Casim Məhəmməd Cəfər Bayatlı ilə görüşdüm. Cəfər Bayatlı 1958-ci ildə Tuzxurmatıda anadan olub. Yeri gəlmişkən, Tuzxurmatı 1974-cü ilə qədər Kərkük vilayətinə tabe olsa da, bu tarixdən sonra Səlahəddin (Tikrit) vilayətinə bağlanıb. Casim Məhəmməd orta təhsilini Tuzxurmatıda alıb, Süleymaniyyə Universitetində inşaat mühəndisliyi ixtisasına yiyələnib. Tələbəlik illərində Dava Partiyasına qoşulub və 1980-ci ildə repressiyalar səbəbi ilə İraqı tərk edərək qonşu ölkələrə mühacirət edib. 2003-cü ilə qədər İran, Türkiyə və Suriyada mühacirət həyatı yaşayıb. 1991-ci ildə Suriyada bir qrup türkmənlə birlikdə Türkmən İslam Birliyi Partiyasını təsis ediblər. Casim Məhəmməd Türkmən İslami Birlik Partiyasının sədr müavini, 2008-ci ildən isə sədri olub.

2003-cü ildən sonra İraqda fəaliyyətini davam etdirib, birinci İraq hökumətində sənaye nazirinin müavini postunu tutub. 2005-ci ildə qurulan İraq hökumətində isə inşaat və məskunlaşdırma naziri postunu tutub. 2006-cı ildən gənclər və idman naziri postuna təyin olunub və 2014-cü ilə qədər iki dönəm bu postda qalıb. 2014–2018-ci illərdə isə parlamentin deputatı və idman komitəsinin sədri postunu tutub. Ondan sonrakı dövrdə isə partiya sədri kimi İraqda siyasi fəaliyyətini davam etdirir. İraq Türkmən İslami Birlik Partiyasının 1-ci, 2-ci və 3-cü çağırış parlamentlərində 3 deputatı olsa da, son iki seçkilərdə deputat yeri qazana bilməyib. Casim Məhəmməd bu dəfəki seçkilərdə ən azı bir vəkil yeri qazanacaqlarına ümid edir.

Casim Məhəmməd hazırkı seçkilərdə namizəd deyil, şiə partiyalarının birləşdiyi “Səlahəddin Birlik İttifaqı”nın sədridir. Bu ittifaqda Fəzl Koalisiyası, Bədr və Dava Partiyası, Əmmar Həkimin lideri olduğu Hikmə bloku da daxil olmaqla 9 partiya və blok var. Casim Məhəmməd deyir ki, türkmənlər siyasi cəhətdən fəal deyil, xüsusən də seçkilərə güvənmirlər. Sitat: “Tuzxurmatı rayon mərkəzində 42 min səsvermə hüququ olan vətəndaş var. Əmirlidə isə 12 min türkmən seçici var. Bu, təxminən 54 min səs deməkdir. Ancaq indiyə qədər ən çox 17 min insan səsverməyə gedib bu iki qəsəbədən. Türkmənlər seçkiyə çox qatılmır. Üstəlik, bizim bu məntəqələrdə təhlükəsizliklə bağlı problemlər oldu. Əvvəl İŞİD, sonra kürdlərlə qarşıdurmalar oldu, ona görə də xalq seçkilərə getməyə ehtiyat edərdi. 2014-cü ildən əvvəl seçkilər olanda seçkidən əvvəl kürdlər gəlib məntəqələrin qarşısında iki bomba partladırdı, bundan sonra türkmənlər seçkilərə getməzdi. Kürdlər özləri aktiv şəkildə gedər və səs də onların xeyrinə olurdu. Ancaq sonra həmd olsun biz türkmən “Həşd”lərini qurduq, təhlükəsizlik məsələsində söz sahibi türkmənlər oldu. Hazırda bizim Kərkükdə 3 livamız (liva - briqada, polk mənasındadır – K.R.) var. Bunlar: 16, 62 və 63 saylı briqadalardır. Həmçinin 15-ci briqadada da bir neçə türkmən taboru var”.

Casim Bayatlı deyir ki, Telafer və Tuzxurmatının vilayət statusu alması ilə bağlı Nazirlər Kabinetindən qərar alınsa da, parlamentdə kürd və ərəb deputatların etirazı nəticəsində hər iki vilayətin yaranması ilə bağlı qanun layihəsi rədd edilib. Qeyd edək ki, hazırkı İraq parlamentində 4 türkmən deputat var. Bu da parlament səviyyəsində türkmənlərin haqq və hüquqlarını qorumaq üçün kifayət etmir. Ancaq türkmən partiya lideri bu dəfəki seçkilərdə daha çox mandat qazanacaqlarına ümid edir.
İraq Yaxın Şərq regionunun potensiallı ölkəsi olaraq perspektiv vəd edir. Əlbəttə, növbəti bir fitnə və ya müharibənin ortasında qalmasa. Sürətlə artan əhalisi, böyük neft-qaz və kənd təsərrüfatı potensialı, turizm imkanları İraqı bölgənin ən zəngin ölkəsinə çevirmək iqtidarındadır. Ancaq bunun üçün ilk növbədə İraqa hərbi-siyasi sabitlik və şəffaf siyasi-iqtisadi idarəçilik lazımdır. Tarixən İraqın ən zəngin və məhsuldar torpaqlarında məskunlaşmış türkmənlərin torpaqlarına ərəb və kürd köçü məqsədli şəkildə həyata keçirilib və nəticədə bu ərazilərdə türkmən əhalinin sayı azalıb. Lakin bununla belə o torpaqlarda hələ də türkmən varlığı ağır gəlir. Türkmənlər indi Bağdad və Ərbil (Kürd Muxtariyyəti) arasındakı münaqişədən milli mənfəətlər üçün faydalanmağa çalışır və 2017-ci il hadisələri bunun nümunəsidir. İraq türkmənlərinin ölkənin mövcud reallıqlarından kənarda daxili məsələlərdə etnik və milli kimlik müstəvisini əsas götürməsi onların bir icma olaraq daha da güclənməsi və İraqda mədəni və siyasi hüquqlarına nail olması baxımından vacib faktor ola bilər. Bunun üçünsə hələ çox işlər görülməlidir.
Kənan Rövşənoğlu
