ABŞ-dan İsrailə yardım və ardınca sanksiya

  • 24.04.2024
  • 79 baxış

ABŞ Konqresi Ukrayna, Tayvan və İsrailə ümumilikdə 95 milyard dollarlıq yardım paketini təsdiqlədi. Paketdə İsrailə düşən yardım 26,4 milyard dollar dəyərindədir. Bu, İsrailə bu günə qədər edilmiş ən böyük birdəfəlik hərbi yardım hesab olunur. 

Bu yardım 4-5 milyard dollarlıq Qəzzaya humanitar dəstəyi nəzərdə tutan hissəsi istisna olmaqla qalanı İsrail ordusuna yönəlib. O cümlədən, 1,2 milyard raket və mərmilərə qarşı lazer sistemləri. 4 milyard HHM sistemləri, müdafiə xərc və xidmətləri üçün 4,4 milyard, xaricdən modern silah və sursat alımları üçünsə 3,5 milyard dollar ayrılıb.

Bu yardım İsrailin bu günə qədər Qəzza əməliyyatına xərclədiyi 19 dolları qarşılayır. Başqa sözlə, Qəzza müharibəsinin xərclərini ABŞ ödəməli olur. 

Lakin bu qərardan sadəcə bir neçə saat sonra ABŞ Dövlət Departamenti İsrail ordusunun Qəzza əməliyyatlarında iştirak edən 3 hərbi birləşməsinə qarşı sanksiya tətbiq etməklə yəhudi dövlətində ciddi qəzəbə səbəb olub. Hərbi hissələrdən yalnız biri “Netzah Yehuda” məlumdur. Ancaq bu qərar İsraildə sərt etirazlara səbəb olub. Hətta hərbi yardıma görə Vaşinqtona təşəkkür mesajı yayan baş nazir Benyamin Netanyahu belə ABŞ hakimiyyətini sərt şəkildə tənqid edib. 

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ və Avropa İttifaqı İordan çayının qərb sahilində yerli fələstinlilərə qarşı zorakılıq və işgəncə verən yəhudi məskunlarının bir qisminə qarşı sanksiya tətbiq etmişdi. İndi isə ABŞ hökuməti Konqresdən yan keçməklə maliyyə yardımının ardınca İsrail ordusuna qarşı sanksiya tətbiq edib. 

Bununla da Vaşinqton bir mənada İsrailə “qamçı və kökə” siyasəti tətbiq edir, bir tərəfdən İsrailin Qəzzadakı hərbi xərclərini ödəməklə arxasında olduğunu nümayiş etdirir, digər tərəfdən də Qəzzadakı zorakılığa qarşı olduğunu göstərmək istəyir. Lakin aydın məsələdir ki, bu cür qərarlar İsrail dövlətini dayandıra bilməz. Bu qərarın dünyada ABŞ-ın İsrailə təzyiqi kimi yozulması da inandırıcı deyil. Bu qərar ən yaxşı halda İsrailə qarşı ABŞ-da yeni bir presedentin əsasını qoyacaq və Vaşinqton onunla dil tapa bilməyən vaxtaşırı olaraq israilli hərbçi və siyasətçilərə sanksiyalar tətbiq edəcək.

Digər xəbərlər