Suriyada qalmaqallı seçkilər – keçid parlamentə seçkilər niyə narazılıqla qarşılandı?
- 08.10.2025
- 36 baxış

Bazar günü Suriyada Xalq Məclisinə seçkilər keçirildi. Suriya seçkiləri Bəşər Əsədin devrilməsindən sonra keçirilən ilk seçki olaraq dünyanın diqqət mərkəzində idi.
Keçid dövründə 3 il ərzində fəaliyyətdə olacaq bu parlament Suriyada yeni konstitusiya qəbul olunub seçkilər keçirildikdən sonra buraxılacaq. Keçid dövrü prezidenti Əhməd əş-Şaranın avqust ayında imzalandığı sərəncam əsasında keçirilən seçkilər indidən Suriyada ciddi etirazlara səbəb olub. Xüsusən də siyasi şərhçilər parlament seçkiləri ilə bağlı bir neçə əsas məqamı tənqid edir.
1. Parlament hakimiyyət tərəfindən formalaşır. 210 yerlik parlamentin 1/3-ni prezident təyin edir. qalan 140 nəfəri isə hökumətin və Mərkəzi Seçki Komissiyasının yerlərdə müəyyən etdiyi “seçicilər” seçəcək. Yəni təkcə seçilənlər deyil. həm də seçənlər hakimiyyətin müəyyən etdiyi şəxslər olacaq.
2. Legitimlik problemi. Seçkilər ölkənin 11 əyalətində keçirilib. Kürdlərin nəzarətində olan Raqqa və Hasake, habelə druzların yaşadığı Suveyda vilayətlərində “təhlükəsizlik” səbəbi ilə seçki olmayıb. Üstəlik 1578 namizədin hər biri xüsusi şəkildə araşdırılıb və bir çox siyasi qüvvə seçkiyə buraxılmayıb.
3. Ölkə əhalisinin 1/3-dən çoxu qaçqın kimi ölkədən kənarda olsa da, onlar seçkidə iştirak edə bilməyib.
Nəticə etibarı ilə 5 oktyabrda körfəz ərəb monarxiyalarında olduğu kimi, daha çox məsləhət məclisi və dövlət başçısının göndərdiyi qanunları təsdiq etməkdən o tərəfə bir səlahiyyəti olmayan bir parlament formalaşmış olub.
Əlbəttə, Əhəd əş-Şara üçün qarşıdakı dövrdə öz hakimiyyətini möhkəmləndirmək və dövlət quruculuğunu həyata keçirmək üçün belə bir məclisin olması lazımdır, nəinki müxalifətin olduğu siyasi debat məclisi. Lakin bu şəkildə formalaşan parlamentin bir sıra mənfi cəhətləri var.
Parlament, yəni qanunverici orqan yalnız bir siyasi qüvvənin əlində cəmləndiyi üçün digər qüvvələr kənarda qalacaq və dövlət quruculuğunda iştirak etməyəcək, bu isə mili birliyin yaranması qarşısında maneə olacaq.
İkincisi. Separatçı bölgələrin parlamentdən kənarda qalması ümumilikdə digər separatizmə meyilli qrupları da hakimiyyətdən uzaqlaşdıracaq. Və daxildə parçalanmanı dərinləşdirəcək. Dolayısı ilə bu vəziyyətdən Suriyanı bölməyə çalsan xarici dövlətlər istifadə edərək separatizmi qızışdıra biləcək. Bu şəkildə parlament daha çox avtoritarizmi gücləndirəcək və ölkənin daha sərt rejimin yaranmasına aparacaq.