
ABŞ prezidenti Donald Tramp BMT Bas Assambleyası çərçivəsində keçirdiyi görüşlərdə Türkiyə prezidenti Ərdoğanla münasibəti xüsusi diqqət cəlb edib.
Tramp Ərdoğanla iki dəfə görüşüb. Birincisi, Nyu-Yorkda BMT baş qərargahında Fələstin münaqişəsinə həsr olunmuş iclasda olub. Tramp 8 müsəlman ölkəsinin lideri ilə keçirdiyi iclasda Ərdoğanı yanında oturdub. Və Türkiyə prezidentinə xüsusi iltifat göstərib.
Tramp və Ərdoğan arasında ikinci görüş isə dünən Ağ Evdə olub. 2 saatdan çox davam edən görüşdə ABŞ prezidenti Ərdoğana xüsusi iltifat göstərib, onu böyük lider adlandırıb. Tramp Türkiyəyə F-16 və F-35 təyyarələri satışının mümkün olduğunu, ancaq bunun üçün bəzi tələblərin reallaşmalı olduğunu qeyd edib.
Doğrudur, Türkiyədəki müxalifət Ərdoğanın bu iltifat müqabilində Trampa bir çox güzəştlər etdiyi, bəzi kənd təsərrüfatı məhsullarına rüsumları götürdüyü, Boeng şirkətindən 200 təyyarə sifariş verdiyi, ABŞ-dan 70 milyard kubmetr LNG alınması müqaviləsini və sairi qeyd edir.
Lakin istənilən halda ABŞ və Türkiyə arasında bu yaxınlaşmanın altında daha dərin siyasi səbəblər dayanır.
Məsələ ondadır ki, Tramp və onun hökuməti Yaxın Şərqin yenidən dizayn etməyə çalışır. Fələstin, Livan, Suriyada baş verən dəyişikliklər, İran ətrafında baş verənlər Vaşinqtonun Yeni Yaxın Şərq planıdır. 20 il əvvəl olduğu kimi. ABŞ-ın Yaxın Şərq planında qabaqcıl rol Türkiyəyə verilir. Çünki;
1. Türkiyə güclü dövlət ənənəsi və orduya sahibdir.
2. Türkiyənin böyük iqtisadiyyatı var və sürətlə artan əhalisi var.
3. Regionun digər ərəb ölkələri ilə müqayisədə Türkiyədə işləyən demokratik, seçki sistemi və müsəlman demokratiyası var.
4. Türkiyə İranın anti-qərb ritorikalı ideoloji ekspansiya fəaliyyətlərinə qarşı dayana biləcək model ölkə Türkiyədir.
Bu səbəbdən də ABŞ Türkiyənin Suriyanın yenidən qurulmasında aktiv rol almasını, İraqda və Livanda İran qarşısında alternativ güc olaraq çıxmasını və ümumilikdə regionda “polis” rolu almasını istəyir. Başqa sözlə, regionda yeni güc mərkəzi rolu Türkiyəyə verilir.
Bununla Vaşinqton həm də Türkiyəni Şərq blokundan, xüsusən də Rusiyadan qoparmağa çalışır. Trampın Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmaq çağırışı, həmçinin Türkiyə kəşfiyyat təyyarələrinin Şərqi Avropaya göndərilməsinin arxasında bu amillər yatır.