Xəbər verildiyi kimi, dekabrın 18-də İraqda bələdiyyə seçkiləri keçirildi. 10 illik fasilədən sonra keçirilən bələdiyyə seçkiləri İraqın kürd muxtar vilayətinə daxil olan 3 əyaləti istisna olmaqla qalan 15 əyalətində baş tutub. Kərkükdə isə sonuncu dəfə bələdiyyə seçkiləri 18 il əvvəl 2005-ci ildə keçirilib.
İraq bələdiyyə seçkilərinin ilkin nəticələri və seçkilərin İraq türkmənlərinin maraqları baxımdan dəyərləndirmək üçün Kərkükdə olan hüquq müdafiəçisi və politoloq Mehdi Saadun Cəfərlə söhbət etdik.
Qeyd edək ki, hazırda seçki qutularının əksəriyyəti sayılıb və yekun nəticə məlumdur. Lakin Mərkəzi Seçki Qurumu hələlik yekun nəticəni elan etmədiyi üçün mövcud nəticələrdə dəyişiklik olması mümkündür. Həmsöhbətimiz bildirdi ki, hazırda əldə olan nəticələrin bəzilərində dəyişiklik ola bilər, hər halda bu MSQ-nin yekun qərarı zamanı bilinəcək. Bu səbəbdən də mövcud nəticələr əsasında dəyərləndirmə edir.
- Bildiyiniz kimi, İraqda türkmənlərin ən çox məskunlaşdığı vilayətlər Mosul, Səlahəddin və Kərkükdür. Ən böyük türkmən rayonu Təlafər də Mosul vilayətinə daxildir. Hazırkı məlumatlara əsasən Mosul vilayət məclisinə 3 türkmən namizəd seçilib. 4-cü namizədin də seçilməsi ehtimalı yüksəkdir, lakin hələlik rəsmiləşməyib, ancaq güman edirik ki, bu bütün səslər sayılandan sonra 4-cü türkmən namizədin qalib olması ehtimalı yüksəkdir.
Kərkükdə isə bizim 2 türkmən namizədimiz qalib gəlib. Burada da 3-cü namizədin qalib gəlməsi ehtimalı yüksəkdir. Amma bu əlbəttə səslərin tam sayılmasından sonra dəqiq bilinəcək. Hələliksə Kərkükdən 2 namizədimiz qalibdir.
Türkmənlərin ən çox yaşadığı 3-cü böyük vilayət isə Səlahəddindir. Burada Tuzxurmatı, Əmirli və digər türkmən rayonları var. Səlahəddin vilayətində də hazırda 2 türkmən namizədimiz qalib gəlib, amma 3-cünün də qalib gəlməsi ehtimalı yüksəkdir.
Ümumilikdə bələdiyyə seçkilərində 3 vilayətdə hal-hazırda 7 yer qazanmışıq. Amma qeyd etdiyim kimi, bu say bir neçə nəfər arta da bilər, səslərin tam sayılmasından asılı olaraq.
- Bələdiyyə seçkilərinin nəticələri türkmənlər üçün hansı siyasi dəyişikliklər vəd edir?
- Hazırda İraq türkmənlərinin əsas hədəfi Təlafər və Tuzxurmatı rayonlarının vilayətə çevrilməsidir. 2003-cü ildən bu yana türkmənlərin əsas hədəflərindən biri budur. Bu rayonların vilayətə çevrilməsi üçünsə ilk növbədə vilayət məclisləri tərəfindən təsdiqlənməsidir. Bu mənada türkmənlərin vilayət məclisində daha çox təmsil olunması bizim üçün çox ciddi əhəmiyyət kəsb edir.
Bəlli olduğu kimi, İraqda vilayət məclisləri ləğv olunmuşdu. O zamandan seçkilər olmamışdı. Ancaq parlament vilayət məclislərinin yenidən bərpa olunması və seçkilərin keçirilməsi haqda qərar verdi. Bələdiyyə məclislərinin yenidən bərpa olunması bölgələr üçün, o cümlədən, Türkməneli bölgəsi üçün faydalı olacaq. Yerli şərait, infrastruktur yenidən bərpa olunacaq, yeni iş yerləri yaranacaq, yollar, evlər təmir olunacaq. Bu mənada vilayət məclislərinə ümidimiz çoxdur. Çünki bildiyiniz kimi, bütün türkmən bölgələri İŞİD işğalına və böyük dağıntılara məruz qalmışdı. Bunların yenidən bərpa olunması üçün yerli bələdiyyələrə büdcə ayrılması və işlərin sürətlənməsi lazımdır. 2017-ci ildə İraq əraziləri. o cümlədən. türkmən bölgələri İŞİD-dən azad edildikdən sonra müəyyən işlər başlasa da, hələ də təmir-bərpa işləri zəif gedir. Ümid edirik ki, bələdiyyə seçkiləri nəticəsində formalaşan vilayət məclisləri bu prosesi sürətləndirəcək.
Yeri gəlmişkən, qeyd edim ki, Kərkükdə 2005-ci ildən bu yana vilayət məclisi seçilməmişdi. Bu gün 18 illik fasilədən sonra Kərkükdə vilayət məclisi seçildi. O zaman Amerikan işğalı zamanı Kərkükdə ərəb, kürd və türkmənlərdən ibarət hər qrupdan 32 faiz təmsilçilik olmaqla bir məclis formalaşmışdı. Ancaq indi artıq seçkilər keçirilib, doğrudur, türkmənlərin seçkiyə qatılma faizi azdır, daha çox türkmənin seçkilərə qatılmasını arzu edərdik, lakin təəssüf ki, bu mümkün olmadı. Kərkükdə 72 min səslə türkmənlər 2 mandat qazandılar, dediyim kimi. bu nəticədən asılı olaraq 3 mandat da ola bilər.
- İraq türkmənlərin qarşılaşdığı əsas problemlər nələrdir?
- Əsas problemlər regionlarda işsizlik və infrastrukturun bərpasıdır. Ümid edirik ki, vilayət məclisləri bölgələrdəki mövcud problemlərin həllində yaxından iştirak edəcək.
Əlbəttə, bu seçkiləri türkmənlər adına bir qələbə hesab edə bilmərik. Bu da İraqın əsas problemlərindən qaynaqlanır. Həyat şərtləri çətinləşib, işsizlik artıb, müharibənin dağıntılarını hələ tam olaraq aradan qaldırmaq mümkün olmayıb və sair. Əlbəttə, çox arzu edərdik ki, türkmənlər seçkilərdə daha aktiv şəkildə iştirak etsin. Doğrudur, keçən seçkilərlə müqayisədə türkmənlərin seçkidə iştirakında artım var, amma biz daha çox qatılmasını arzu edərdik.
- Qeyd etdiyiniz kimi, İraqda ümumilikdə seçkiyə qatılım az oldu. Burda bəzi siyasi qüvvələrin boykot qərarının da təsirinin olduğu deyilir. Ümumilikdə türkmənlərin seçkilərə az qatılması nə ilə bağlıdır?
- Seçkilərdə iştirak da ümumi olaraq az olub. Hazırkı nəticələrə əsasən ümumi İraq üzrə seçkilərdə iştirak 41-43 faiz arasında dəyişir. Bu da əvvəlki seçki ilə müqayisədə əslində pis göstərici deyil. Amma ümumi olaraq təbii ki, aşağı göstəricidir. Bütün İraq üzrə yalnız 3 kürd vilayəti istisna olmaqla 15 vilayətdə keçirilən seçkilərdə bələdiyyə məclisləri formalaşıb. Güman edirəm ki, yanvar ayında yeni seçilmiş bələdiyyə məclisləri fəaliyyətə başlayacaq.
Kənan Rövşənoğlu