ƏRƏB-TÜRK BAHARI

  • 12.10.2023
  • 198 baxış

Türkiyə prezidenti 9 illik fasilədən sonra bu il fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər etdi. Aradan ötən böyük fasilə ərzində iki ölkə arasında heç də xoş olmayan münasibətlər cərəyan etdiyi üçün bu səfər böyük diqqət və marağa səbəb oldu.

Rəcəb Tayyib Ərdoğan BƏƏ-nə səfəri barədə “ortaq hədəfimiz ikitərəfli əlaqələrimizi hər sahədə daha yüksək səviyyəyə qaldırmaqdır” dedi. BƏƏ dövlət rəhbərliyi tərəfdən də səfər barədə xeyli müsbət mesajlar verildi. Türkiyə prezidenti Əbu Dabidə yüksək səviyyədə, böyük ehtiramla qarşılandı, şəhərdə Türkiyə bayraqları asıldı, havada hərbi təyyarələr, yerdə atlı qarovul dəstələri fəxri qonağı müşayiət etdi.

Səfər zamanı iki ölkə arasında müdafiə sənayesi, iqlim dəyişikliyi, səhiyyə, sənaye, texnologiya, mədəniyyət, kənd təsərrüfatı, ticarət, iqtisadiyyat, quru və dəniz nəqliyyatı, gənclik, fövqəladə vəziyyətlərin idarə olunması, meteoroloji, rabitə və arxiv sahəsində 13 saziş imzalandı.

Prezident Ərdoğan BƏƏ-nin faktiki lideri Əbu Dabi vəliəhd-şahzadəsi Məhəmməd ibn Zayid ən-Nahyan və Dubay əmiri, BƏƏ-nin baş naziri Rəşid əl-Məktumla görüşdü. BƏƏ və Türkiyə arasında münasibətlərin yenidən istiləşməsi iki ölkə üçün də regionda ciddi təsirləri olacağı barədə mütəxəssislər nikbin analizlər verir.

 

Araya girən “bahar”

BƏƏ və Türkiyə münasibətləri 2011-ci ildə “ərəb baharı” hadisələri zamanı soyuqlaşıb. Xüsusən də 2013-cü ildə Misirdə hərbi çevriliş baş verdikdən sonra Türkiyə və BƏƏ, o cümlədən Misir və daha bir neçə ölkə arasında münasibətlər ciddi şəkildə pisləşdi. Çünki 2013-cü il hadisələrində Əbdülfəttah əs-Sisinin əsas dəstəkçiləri adıçəkilən ölkələr idi.

Bundan başqa Türkiyə rəsmiləri BƏƏ-ni terror təşkilatlarını maliyyləşdirmək, o cümlədən, 2016-cı ildə Türkiyədə baş vermiş 15 iyul qiyamını dəstəkləməkdə ittiham edib. 

2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Qətərə qarşı embarqo və təzyiqinə qarşı Türkiyənin Qətəri dəstəkləməsi münasibətləri bir qədər də pisləşdirib. BƏƏ rəsmiləri Türkiyəni 1918-ci ildə Məkkənin mühasirəsi zamanı İslam tarixinə aid qiymətli əşyaları qarət edib Osmanlı paytaxtına gətirməkdə ittiham edib.

BƏƏ hakimiyyəti Türkiyə hakimiyyətinə müxalif olan və internet üzərindən səs-küylü çıxışlar edən Sədat Pekerin ölkədə gizlənməsinə icazə verib. Bundan başqa Aralıq dənizinin şərq sahillərində tapılan neft və qaz yataqlarının işlənməsi üçün Yunanıstan şirkətlərinə dəstək verən BƏƏ Ankaraya qarşı cəbhədə yer alıb.

 

Zərurətdən doğan barışıq

Ancaq indi situasiya dəyişib. Hər iki ölkə üçün düşmənçilik ciddi zərər vurur. Söhbət münasibətlərin soyuqluğunun iqtisadi zərərlərindən belə getmir. İki ölkə üçün regionda daha ciddi mövzular ortaya çıxıb.

BƏƏ artıq 3 ildir ki, ardıcıl olaraq Yəmən husilərinin raket və dron zərbələrinə məruz qalır. Dəqiq rəqəmlər açıqlanmasa da, husilərin 1500 kilometr uzaqdan atdığı raketlər və dronlar BƏƏ neft terminalları, hava və dəniz limanları, sənaye mərkəzlərinə ciddi zərər vurub.

Bundan başqa, İranla münasibətlərin gərginliyi, müharibə riski ən çox BƏƏ-ni təhdid edir. Qətər blokadasının uğursuzluğu, Yəməndəki müharibənin 8 ildir davam etməsi və nəticəsiz qalması, Liviyada nəticəsiz müharibə BƏƏ-nin Türkiyə kimi güclü region ölkəsi ilə barışığa sövq edir.

Həmçinin körfəz qazının Avropaya çıxarılması və yüklərin daşınması ilə bağlı hazırda Türkiyə marşrutu əsas alternativlərdən biri hesab olunur. Yəni ortada həm də iqtisadi maraqlar var.

Ankara da Liviyada münaqişənin dalana dirənməsi, Aralıq dənizində enerji resurslarının istismarı, ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, Misirlə münasibətləri qaydaya salmaq, eləcə də ciddi inflyasiya yaşayan və buna görə də körfəz sərmayəsinə ehtiyacı olan Türkiyə BƏƏ ilə münasibətləri qaydaya salmaqda maraqlı idi. Digər tərəfdən, BƏƏ və müttəfiqlərinin Türkiyənin regional rəqibləri olan Yunanıstan, Ermənistan və İsraillə yaxınlaşması Ankara üçün diplomatik həmləyə ciddi əsas verirdi.

 

Barışığa gedən yol

Türkiyə və BƏƏ arasında yumşalma və barışıq prosesi hələ iki il əvvəldən başlayıb. Ötən ilin avqustunda BƏƏ milli təhlükəsizlik müşaviri Təhnun ibn Zayed ən-Nahyan, noyabrında isə Əmirliklərin faktiki lideri Məhəmməd ibn Zayed ən-Nahyan Ankaraya səfər edərək prezident Ərdoğanla görüşdülər. BƏƏ rəhbərliyi Türkiyəyə nəqliyyatdan enerjiyə, Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşuna qədər müxtəlif sahələrdə “yaxşı təkliflərlə” gəlmişdi.

Yeri gəlmişkən, yanvarın sonunda İsrail prezidenti BƏƏ-yə ilk dəfə səfər edib. Və bununla da 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış ərəb-İsrail dostluğunu möhkəmləndirməyə xidmət edən “İbrahim razılaşması” çərçivəsində ciddi bir addım atılıb. Martın ikinci ongünlüyündə isə İsrail prezidenti, təxminən, 12 ildir davam edən gərginlikdən sonra Türkiyəyə səfər edəcək. Yəni, başqa sözlə münasibətlərdə yumşalma çoxtərəfli bir prosesə çevrilir.

 

Türkiyə: idealizmdən praqmatizmə

“Ərəb baharı” yalnız bəzi ərəb ölkələrində çaxnaşmalardan ibarət olmadı, həm də Türkiyə kimi müsəlman ölkələrində xarici siyasətində ciddi eniş-yoxuşlara səbəb oldu. Ötən 10 il ərzində Ankaranın Yaxın Şərq region ölkələri münasibətlərində siyasi praqmatizm, “qonşularla sıfır problem” müstəvisindən xeyli kənara çıxaraq müsəlman həmrəyliyi, demokratiya və azadlıq şüarları altında inqilabi idealizmə köklənmişdi.

Əgər 2009-cu ildə “one minute” böhranı və 2020-ci il “Mavi Marmara” hadisəsi təkcə Türkiyə-İsrail münasibətlərinin pisləşməsi hadisəsi deyildi, həm də Ankaranın müsəlman aləmində İsrailə qarşı cəbhənin lideri kimi çıxış etməsi idi. Türkiyə ötən müddətdə Fələstin münaqişəsi, Qüds məsələsində ardıcıl olaraq İsrailə qarşı cəbhədə yer alıb. Bundan başqa “ərəb baharı” gedişində Ankara Misir, Liviya, Suriyada praqmatik dövlət maraqlarından daha çox idealist inqilabçılıq və müsəlman həmrəyliyi prizmasından yanaşıb. Və nəticədə Ankara uzun illər isti münasibətlərə malik olduğu İsrail, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı kimi regional və dünya səviyyəsində ciddi oyunçuları özünə qarşı düşmən edib. Aralıq dənizində neft və qaz yataqlarının istismarı məsələsində Yunanıstan qarşısında faktiki olaraq təklənib.

Ancaq 2020-ci ildən etibarən Türkiyə regional siyasətini yenidən qurmağa çalışdı. Doğrudur, Ankara 2020-ci il “İbrahim sazişi”nə görə BƏƏ-ni qınadı. Lakin bu saziş həm də onu göstərirdi ki, başlayan yeni ərəb-İsrail barışığı dalğası tezliklə Ankaranı regionda tamamilə yalnız qoyacaq.

Beləliklə, Türkiyə regionda pozulmuş əlaqələri yenidən bərpa etmək üçün səylərini artırdı. Misirlə barışıq danışıqları başladı, BƏƏ ilə artıq münasibətlər qaydaya salınıb. Səudiyyə Ərəbistanı ilə də Qaşıqçı hadisəsindən sonra kəskin pisləşən əlaqələr bərpa olunur. Eyni zamanda regionun yeni güclü oyunçusu İsraillə əlaqələr bərpa olunur.

Əlbəttə, Ankaranın tezliklə 10 il əvvəlki münasibətlər sistemini geri qaytarması mümkün deyil, lakin başlanan proses və yuxarıda da qeyd etdiyimiz kimi, region ölkələrinin də Türkiyəyə olan ehtiyacı Ankaranın başlatdığı bərpa prosesini sürətləndirir.

Türkiyənin yeni regional siyasət kursu qarşısında əsas maneə indi İranla münasibətlərin pisləşməsi riski və islam aləmindəki lider obrazının qoruyub saxlaya bilməsidir. Aydın məsələdir ki, Türkiyənin İsrail və eləcə də BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrlə barışığı Ankaranın müsəlman cəmiyyətlərində illərdir formalaşmış islam ümmətinin lideri obrazını zədələyəcək.

Türkiyə hakimiyyəti məhz bu riskləri nəzərə alaraq İsrail prezidentinin Ankara səfərindən öncə fevralın ortalarında Fələstinə yüksək rütbəli dövlət məmurları göndərərək dövlət adından məsləhətləşmələr apardı. Prezidentin sözçüsü İbrahim Kalın Qüdsdə İsrail və Fələstin rəhbərliyi ilə görüşüb danışıqlar apardı. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək. Lakin faktın özü göstərir ki, Türkiyə hakimiyyəti İslam ümmətinin ümumi məsələlərinə hələ də həssas yanaşır.

 

Regionun yeni dizaynı

Əlbəttə, illərdir pozulan münasibətləri bir dəfəyə bərpa edib qaydaya salmaq mümkün deyil, xüsusən də bu münasibətlər bir deyil, bir çox ölkəyə yayılanda. Amma Ankara və Əbu Dabidə verilən mesajlar göstərir ki, iki tərəf barışmaqda maraqlıdır və bunu özü üçün faydalı hesab edir. BƏƏ Türkiyə üçün bir neçə sərfəli iqtisadi layihə təklif edir. Təbii ki, əvəzində regional mövzularda əməkdaşlıq və mümkün gərginlikdə dəstək istəyir. Türkiyə isə BƏƏ-dən ciddi investisiya, eləcə də Liviya, Aralıq dənizi mövzularında dəstək alacağına ümid edir.

Ən əsası regionda formalaşmaqda olan yeni münasibətlər sistemində iki ölkə bir-birini qarşı cəbhədə deyil, birgə görmək istəyir. Bu həm də Azərbaycan üçün faydalıdır. BƏƏ, Qətər kimi ölkələr ərazisinə görə kiçik olsalar da bu gün Yaxın Şərq regionunda, ümumilikdə müsəlman dünyasında ciddi siyasi oyunçulardır. Zəngin neft-qaz gəlirləri və ABŞ, Avropadakı siyasi dəstəyi, böyük maliyyə resursları bu ölkələrin siyasi-diplomatik gücünü artırır. Türkiyənin BƏƏ ilə yaxınlaşması beynəlxalq təşkilatlarda ərəb-müsəlman ölkələrindən dəstək almaq, həmçinin erməni lobbisinin bu ölkələrdəki fəaliyyətinə Azərbaycanın əlini gücləndirəcək. Yada salmaq lazımdır ki, Azərbaycanla yaxın münasibətləri olmasına rəğmən məhz Türkiyə ilə BƏƏ, Səudiyyə Ərəbistanı arasında soyuqluq Ermənistanla bu iki ölkə arasında əlaqələrin yaranmasına səbəb olmuşdu. Ötən il Ermənistan prezidenti ilk dəfə Səudiyyə Ərəbistanına səfər edərək kral Salman bin Əbdüləzizlə görüşdü. İki il əvvəl isə Ermənistan və BƏƏ arasında yüksək səviyyədə qarşılıqlı səfərlər baş verdi. Yeni siyasi konfiqurasiya isə bu cür risklərdən sığortalanma üçün lazımlıdır.

Digər xəbərlər