Vaşinqton növbəti dəfə Qəzzada atəşkəsə niyə veto qoydu?

  • 12.12.2023
  • 119 baxış

 BMT Təhlükəsizlik Şurasının iclasında təklif olunan Qəzzada təcili humanitar atəşkəs qərarı layihəsi ABŞ tərəfindən veto edildiyi üçün qəbul olunmayıb. Böyük Britaniyanın bitərəf qaldığı qərar layihəsini digər 13 üzv dəstəkləyirdi. 
ABŞ-ın BMT TŞ-dəki təmsilçisi vetonun səbəbini qərar layihəsinin “tələsik hazırlanması, ABŞ-ın təkliflərinin nəzərə alınmaması və Həmasın 7 oktyabr hücumunun qınanmaması” ilə əsaslandırmağa çalışıb. Amerika hakimiyyəti bu cür atəşkəsin növbəti müharibələrin “toxumunu əkdiyi” üçün dəstəkləmədiyini açıqlayıb.
Lakin aydın məsələdir ki, Vaşinqtonun vetosunun əsl səbəbi daha dərindədir. Məsələ ondadır ki, humanitar atəşkəs ABŞ-ın Yaxın şərq planları ilə ziddiyyət təşkil edir. Çünki bu zaman münaqişə daha çox BMT-nin və digər dünya ölkələrinin müdaxiləsinə açıq vəziyyətə gəlir, ABŞ isə sadəcə iştirakçılardan biri və ya İsrailin dəstəkçisi kimi meydanda qalır. Prosesdə birbaşa müdaxilə və yeni siyasi kursunu reallaşdırma imkanları məhdudlaşır. 
Bu səbəbdən də Vaşinqton Qəzza münaqişəsinin tamamilə özünün nəzarətində olması, BMT-nin o cümlədən Rusiya kimi rəqib ölkələrin bu mərhələdə münaqişəyə müdaxilə edərək ABŞ-ı neytrallaşdırmasını istəmir. 
Maraqlıdır ki, BMT rəhbərliyi ABŞ-ın veto qoyacağını bildiyi halda Qəzzada atəşkəs məsələsini səsverməyə çıxardı. Ekspertlərə görə, BMT rəhbərliyi bununla da ABŞ hakimiyyətini fakt qarşısında qoymaq, eləcə də İsrail siyasətini ifşa etmək və beynəlxalq ictimai qınaqla üz-üzə qalmasını təmin etmək istəyib. Belə görünür ki, məqsədinə nail olub, çünki ABŞ-ın bu siyasəti ərəb ölkələrində getdikcə daha çox qəzəb narazılıq doğurur.

Digər xəbərlər