
Suriyanın kürdlərin nəzarət etdiyi bölgədə (kürdlər ora Rojova deyir – red.) ötən həftə keçirilən “Milli Konqres” kürdlər üçün yeni “yol xəritəsi” müəyyən etdi.
Suriyanın Hələb, Dəməşq, Hama və digər şəhərləri, eləcə də İraq və Türkiyədən 400 təmsilçinin qatıldığı konqresdə bütün kürd qruplarının təmsil olunurdu. Konqresə İraqdan həm Bərzani, həm Talabani (KVP), həm də islamçı kürdlər, Türkiyədən DEM Partiya kimi sol təşkilatları da qatılıb. Konqres iştirakçıları Türkiyədə PKK ilə hökumət barışığını dəstəkləyib.
Konqresin əsas tələbləri isə Dəməşq hakimiyyətinə yönəlib. Kürdlər Suriya hakimiyyətindən kürd dilinin ikinci rəsmi dil olması, Konstitusiyada ərəblər, kürdlər, suriyanilər, assurilər, çərkəzlər, türkman etnik və həmçinin ələvi, druz, yezidi və xristian kimi dini qrupların haqlarının tanınması, insan haqları və vətəndaşların bərabərliyi qorunması, federativ idarəetmə, iki palatalı parlament idarəetməsinə keçid, əyalət məclislərinin yaradılması, mərkəz və regionlar arasında ədalətli gəlir bölgüsü, yezidiliyin din olaraq tanınması, həmçinin kürdlərin mərkəzi hakimiyyətdə təmsil olunması kimi tələblər irəli sürülüb.
Ancaq gözlənildiyi kimi, Dəməşq bu tələbləri qəbul etməyib. Suriyanın yeni hakimiyyəti bu tələblərin bir qismini, ən əsası federalizm tələbini qəbuledilməz adlandırıb. Bu da onu göstərir ki, iki ay əvvəl ABŞ-ın tələbi ilə Dəməşqdə Əhməd əş-Şara ilə Mazlum Abdi arasında əldə olunan razılaşma o qədər də işlək deyil.
Lakin burda başqa bir məsələ var. Kürdləri ABŞ dəstəkləyir, o cümlədən, son kürd konqresini də ABŞ hökuməti dəstəkləyib. Bundan başqa, Kürd Konqresindən bir neçə gün əvvəl Mazlum Abdi İraqda Fransanın xarici işlər naziri ilə görüşüb və rəsmi Paris kürdlərin fəaliyyətini dəstəkləyib.
Fransanın Suriyanın kürd regionunda bir neçə hərbi bazasının olunduğu bilinir. Mümkündür ki, Amerika ordusu çıxdıqdan sonra fransızlar kürdlərin yanında qalsınlar. Lakin bütün hallarda bu hadisə Qərbin “kürd layihəsinin” arxasında olduğu təsdiqini tapır.
Suriyadakı “kürd konqresi” həm də Türkiyədə aparılan PKK-nın silahı buraxma prosesinin bir hissəsi kimi baxmaq lazımdır. Yəni Türkiyədə PKK ilə barışıq prosesi ilə paralel olaraq Suriyada beynəlxalq aləmin də dəstəyi ilə kürd muxtariyyəti yaradılması istiqamətində proses sürətlənir. “Kürd kartı” yenidən oyun meydanına çıxarılır.