
ABŞ və ərəb müttəfiqləri husilərə qarşı quru əməliyyatı hazırlayır. Mediada gedən yazılardan belə məlum olur ki, əməliyyatda ABŞ ordusu birbaşa iştirak etməyəcək, ancaq amerikalı təlimatçılar yerli müxalif silahlı qrupları hazırlayacaq.
Qeyd edək ki, husilər 2014-cü ilin sentyabrında ölkədə yaranmış xaos və hakimiyyətsizlikdən istifadə edərək paytaxt Səna şəhərini ələ keçirib və ardınca Mansur Hadi hökumətini devirərək yeni koalisiya hökuməti qurub. 2015-ci ildə Səudiyyə Ərəbistanının liderlik etdiyi ölkələrdən ibarət koalisiya husilərə qarşı hərbi əməliyyatlara başlasa da, hava bombardmanları və quru əməliyyatları nəticəsiz qalıb, husiləri məğlub etmək mümkün olmayıb.
Yəməndə əsas 4 hərbi-siyasi cinah mövcuddur. Husilərin lideri olduğu hazırkı hökumət, devrilmiş Mansur Hadi hökuməti, keçmiş Cənubi Yəmən (Yəmən Xalq Demokratik Respublikası) tərəfdarları və Ərəb Yarımadası əl-Qaidə qruplaşması.
Husilər digər 3 qrupla vuruşub. Mansur Hadi hökumətini Səudiyyə Ərəbistanı, Cənubi Yəmən separatçılarını isə BƏƏ dəstəkləyib. Lakin ilk illərdə BƏƏ və Səudiyyə Ərəbistanı bir mövqedə olsalar da sonradan ayrılıblar. Əl-Qaidə isə bütün tərəflərə qarşı olub.
Yəməndə vətəndaş müharibəsi nəticəsiz qalıb və bir neçə il əvvəl atəşkəs əldə olunub. Ancaq ABŞ-ın husilərə qarşı aramsız bombardmanı bu qrupları yenidən hərəkətə gətirib. Çünki ABŞ-a indi Qırmızı dəniz sahilindəki Hudeyda limanını ələ keçirmək lazımdır. Bunun üçün quru əməliyyatı şərtdir. Çünki bu olarsa həm Qırmızı dənizdə gəmi keçidinə maneə azalar, həm də husilərə silah gətirilməsinin qarşısı alınar.
İddialara görə, BƏƏ artıq ABŞ-la razılıq əldə edib, ilkin hazırlıqlar görülüb. Məsələ ondadır ki, martın 15-dən husilərə qarşı hava zərbələrini bərpa edən ABŞ faktiki olaraq heç nəyə nail ola bilməyib. Husilər 18 ABŞ PUA-sı vurulub, bir neçə gəmiyə zərər yetirib.
Başqa sözlə, quru əməliyyatı həm Yəməndə hakimiyyəti dəyişmək istəyən Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrə sərf edir, həm də ABŞ-ın maraqlarına uyğundur. Lakin quru əməliyyatları – hətta yalnız Hudeyda şəhəri uğurunda olsa belə - ciddi risk və fəlakət vəd edir. Çünki daha əvvəl də ABŞ-ın dəstəklədiyi ərəb koalisiyası 8 ilə yaxın aramsız hücumlara rəğmən husiləri məğlub edə bilməyib.