
Türkiyə və İsrail arasında Suriyada yaranan gərginliyi aradan qaldırmaq üçün iki ölkə təmsilçiləri arasında bu həftə Bakıda müzakirələr başlayıb. İsrail mediasının məlumatına görə, ilk raundu nəticəsiz başa çatan müzakirələr yəhudilərin Pasxa bayramı başa çatdıqdan, yəni aprelin 19-dan etibarən davam etdiriləcək.
Suriyada gərginlik aprelin 2-də İsrail aviasiyasının Türkiyənin hərbi baza qurmağa hazırlaşdığı obyektləri bombalaması ilə yüksəlib. Türkiyə mediasının məlumatına görə, T-4 hərbi bazası bombalananda orada olan bir neçə türk mühəndis də ölüb. İsrail isə Türkiyənin Suriyada hərbi baza yaratmasını İsrailin təhlükəsizliyi üçün təhdid adlandırıb.
Daha sonra Netanyahunun Vaşinqton səfərində də bu məsələ müzakirə olunub və brifinq zamanı prezident Tramp bildirib ki, məntiqli olarsa Ərdoğanla onu barışdıra bilər.
Eyni zamanda Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Türkiyə və İsrail arasında Suriyada təzyiqi azaltmaq üçün müzakirələr aparılıb. Eyni zamanda o, daha əvvəl Türkiyə və Rusiya və ya Türkiyə və İran arasında olan qarşılıqlı məlumatlandırma mexanizmi yaradılmasını istisna etməyib.
Görüş yeri kimi Bakının seçilməsi hər iki dövlətin Azərbaycanla yaxşı əlaqələrinin olmasının göstəricisidir. Yeri gəlmişkən, İsrail və Türkiyə rəsmilərinin Bakıda müzakirələr apardığı gün Bakıda keçirilən beynəlxalq seminarda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl Türkiyə və İsrail arasında barışıq prosesinin Azərbaycan tərəfindən aparıldığını və uğurlu nəticə verdiyini ilk dəfə açıqladı.
Suriyadakı gərginliyə gəldikdə, burada məsələ aşkar olduğu qədər də mürəkkəbdir. Türkiyə ABŞ-ın da dəstəyi ilə Suriyada ordu quruculuğu həyata keçirəcək, həmçinin bu ölkə ərazisində iki hava və Hava Hücumundan Müdafiə bazası yaradacaq. İsrail isə Türkiyənin Suriyada hərbi iştirakından narahatdır. Çünki bu halda İsrail aviasiyası Suriya ərazisinə daxil ola bilməyəcək, ikincisi isə Türkiyə ordusunun dəstəklədiyi islamçılar güclü ordu yarada biləcək. İsrail isə Suriyanın daha da zəifləməsi və mümkün olsa muxtariyyətlərə bölünməsinə çalışır. Burda Türkiyə və İsrailin maraqları toqquşur. Bunu aradan qaldırmağın isə bir yolu qalır: Suriya ərazisini təsir zonalarına bölmək. Yəni İsrail Türkiyənin Suriyanın cənubunda, öz sərhədlərinə yaxın olmasını istəmir. Bunun üçün də Suriya iki ölkə arasında təsir zonalarına bölünməlidir.