
İran ABŞ-la vasitəçilər üzərindən danışıqlara razılıq verib. Eyni zamanda birbaşa danışıqlar da istisna deyil, ancaq Tehranın daha əvvəldən elan etdiyi kimi, dürüstlük tələb edir.
Bu barədə İran ordusunun baş qərargah rəisi general Məhəmməd Baqiri bazar günü açıqlama verib. General Baqeri xatırladıb ki, İran nüvə silahı əldə etmək istəmir və müharibə təşəbbüskarı deyil, ancaq istənilən təhlükəyə var gücü ilə cavab verəcək.
Qeyd edək ki, bütün bunlar ABŞ-İran gərginliyinin artdığı, ABŞ-ın İrana hava zərbələri endirəcəyi ilə bağlı xəbərlərin fonunda yayılıb. İsrail mediası bir neçə gündür ki, Netanyahu hökumətinin ABŞ-la birlikdə İrana zərbələr endirməyə hazırlaşdığını yazır. Netanyahu isə bu gün ABŞ-a səfər edib.
İran da öz növbəsində hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Həmçinin İranın İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreynə ABŞ-nin mümkün hücumuna dəstəyin düşmənçilik hərəkəti sayılacağına dair bildirişlər göndərdiyi haqda xəbərlər yayılıb.
Dünən isə iranlı deputat Məhəmməd Qasım Osmani parlamentdə çıxışı zamanı nüvə silahı istehsalı çağırışı edib. İranda son zamanlar xüsusən də mühafizəkar qanadda dini liderə nüvə silahı yaradılması ilə bağlı təzyiq artıb. İran mediasının bildirdiyinə görə, xüsusən də hərbi qanad dini liderin nüvə silahı əldə etməyə qoyulan qadağanı ləğv etməsi və nüvə silahı əldə etməyə icazə verməsi üçün təzyiq edir. Dini lider isə hələlik buna razılıq vermir.
Ancaq eyni zamanda maraqlıdır ki, son günlər Qərb mediası İranın İraq və Yəməndəki silahlı qruplara dəstəyi dayandırmağa hazırlaşdığı haqda xəbərlər yayır. Ehtimal olunur ki, bu, Vaşinqtonun İranla danışıqlarda irəli sürdüyü şərtlə bağlı ola bilər. Doğrudur, İran tərəfi hələlik bu iddiaları təsdiqləmir, lakin Tehran həmçinin ABŞ-la danışıqlara “yaşıl işıq” yandırır.
Ancaq ümumilikdə hazırda ABŞ-İran danışıqları iki ölkədən asılıdır. Bunlar Rusiya və İsraildir. Rusiya ABŞ-İran danışıqların həlledici rol oynayacaq. Yəni başqa sözlə, ABŞ-İran danışıqları Putin-Tramp münasibətlərindən asılıdır.
Eyni zamanda paralel olaraq Tramp İranla danışıqlara getmək üçün İsrailin, yəni Netanyahunun razılığını almalıdır. Görünür İsrial baş nazirinin Vaşinqtona gözlənilməz səfəri bununla bağlıdır. Başqa sözlə, hər iki tərəf danışıqlar üçün “ilkin şəraiti” hazırlamağa çalışır.