Yeni Suriyada Türkiyənin yeri

  • 07.02.2025
  • 63 baxış

Suriya prezidenti Əhməd əş-Şəra Səudiyyə Ərəbistanına səfərdən sonra fevralın 4-də Türkiyəyə getdi. Əhməd əş-Şəra Beştəpə sarayında Ərdoğan tərəfindən ən yüksək səviyyədə - fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılandı. 

Prezidentlər arasında keçirilən görüşdən sonra brifinqdə Ərdoğan görüşdə iki ölkə arasında “təhlükəsizlik və iqtisadi sabitliyin yaradılması üçün” atılacaq birgə addımların müzakirə edildiyini və liderlərin demək olar ki, bütün mövzularda həmfikir olduqlarını qeyd edib. 

Suriyada suverenlik və ərazi bütövlüyünün qorunması prinsipinə sadiq olduqlarını deyən Türkiyə prezidenti İŞİD və PKK-ya (PYD/YPG) qarşı mübarizədə Dəməşqdə hər cür dəstəyi verməyə hazır olduqlarını deyib. Həmçinin Türkiyənin Suriyaya humanitar yardım və ölkənin yenidən inşasında iştirak etməyə hazır olduqlarını əlavə edib. 

Suriya prezidenti isə deyib ki, Türkiyə ilə əlaqələri “dərin strateji əməkdaşlığa” çevirmək istədiklərini, iqtisadi, mədəni və təhıükəsizlik sahəsində əməkdaşlıq edəcəklərini, görüş zamanı təhdidləri müzakirə etdiklərini qeyd edib. 

Həmçinin brifinqdə Əhməd əş-Şəra İsrailin Suriya ərazilərini işğalına da toxunub və İsrailin 1967-ci il sərhədlərinə geri çəkilməsi üçün beynəlxalq təzyiq edilməsi çağırışı edib. 

Əhməd əş-Şəranın ilk səfərini Səudiyyə Ərəbistanına etməsi səbəblərini keçən dəfəki yazıda qeyd etmişdik. Lakin əlbəttə, keçid dövrü Suriya üçün əsas ölkə Türkiyə olacaq. Bu səbəbdən də Suriya liderinin Ankaraya səfəri iki tərəf üçün də əhəmiyyətlidir. Çünki hər iki tərəf üçün bu səfərin xüsusi əhəmiyyəti var. 

Suriya ilə Türkiyə arasında 910 kilometrdən çox quru sərhədi var, hazırda 3,5 milyona yaxın suriyalı hələ də Türkiyədə qaçqındır. Türkiyə 2011-ci ildən Suriya müxalifətini dəstəkləyir, Suriya ərazisində Türkiyə ordu qüvvələri var. Suriyanın yenidən qurulmasında Türkiyə yaxından iştirak edə bilər. 

Yuxarıda da qeyd olunduğu kimi, bu mövzularda hər iki ölkə hakimiyyəti ortaqdır. Həmçinin PYD/YPG-yə qarşı mübarizədə də Dəməşq Ankaranın mövqeyini bölüşür. 

Ankaranın Suriyadakı prioritetləri sabitliyin bərpa olunması, qaçqınların geri qayıtması, YPG-yə qarşı mübarizədir. Əlbəttə, Suriyanın yenidən inşasında Türkiyə şirkətlərinin iştirakı və ümumiyyətlə qarşıdakı dövrdə Suriya kimi yeni bazar qazanmaq Ankara üçün əlverişlidir. Əhməd əş-Şəranın Türkiyə səfəri göstərdi ki, qarşıdakı dövrdə Türkiyə Suriyada əsas söz sahibi ölkələrdən biri olaraq qalacaq.

Digər xəbərlər