İraq-ABŞ gərginliyinin arxasındakı səbəb – Vaşinqton silahlı qruplar məsələsində niyə israr edir?
- 07.11.2025
- 4 baxış
Noyabrın 11-də parlament seçkilərinə hazırlaşan İraqda indi əsas mövzu ABŞ-la aparılan danışıqlar və silahlı qrupların taleyidir.
ABŞ artıq 2 ilə yaxındır ki, Bağdada islamçı silahlı qrupları buraxmağı tələb edir. Belə bir tələb hələ 2017-ci ildə İŞİD məğlub eildiyi ildə də vardı, ancaq o zaman İraq hökuməti “Həşd-Şabi”yə rəsmi ordu statusu verib, baş nazirə tabe etməklə vəziyyətdən çıxdı.
Ancaq Qəzza müharibəsi zamanı yerli silahlıların İsrailə və İraqdakı ABŞ hərbi bazalarına raket və dron hücumları İranın dəstəklədiyi silahlı qrupların taleyini yenidən müzakirə mövzusu etdi.
Rəsmi Vaşinqton açıq şəkildə İraq hökumətindən islamçı silahlı qrupları buraxmağı tələb edir. Əks təqdirdə ABŞ yardımlarını dayandırmaq və sərmayəni geri çəkməklə təhdid edir.
ABŞ dövlət katibi Rubionun keçən ay baş nazir Məhəmməd Şia Sudani ilə telefon danışığında açıq şəkildə silahlı qruplar məsələsini ortaya qoyması Vaşinqtonun bu məsələdə ciddi olduğunu göstərir.
Məsələ ondadır ki, prezident Tramp müttəfiqi Netanyahu ilə birlikdə Yaxın Şərqdə başladığı işi yekunlaşdırmaq, İranın bölgədəki “qollarını” kəsməyə çalışır. Suriya və Livandan sonra indi növbədə İraqdır. İraqda İrana yaxınlığı ilə bilinən şiə milis qruplarını tək-silah etmək Livanla paralel olaraq İraqda ABŞ-ın gücünü təmin edəcək, Tehranı regionda sıxışdırmağa xidmət edəcək.
Lakin bu elə də asan deyil. Bu ilin əvvəlində ABŞ və İsrail İraqa hərbi zərbələr endirməklə hədələyəndə baş nazir Sudani silahlı qruplara təzyiq etsə də, yerli siyasi partiyalar, Nəcəf şəhərindəki üləma buna qarşı çıxdı. Nəticədə təhdidlərə rəğmən İraq hökuməti silahlı qrupları ləğv edə bilmədi.
Rubionun sonuncu hədələrindən sonra İraq baş naziri bildirib ki, silahlı qrupları o zaman tərk-silah edə bilər ki, ABŞ və antiterror koalisiyasının qüvvələri İraqı tamamilə tərk etsin.
Məsələ ondadır ki, ABŞ hökuməti bir neçə dəfə bu barədə qərarını elan etsə də, İraqı tamamən tərk etməyib, üstəlik İraqdan çıxardığı qüvvələri də çox uzağa deyil, kürd muxtariyyəti ərazisinə yerləşdirib. İndiki razılaşma isə gələn ilin sentyabrına qədər koalisiya qüvvələrinin çıxması ilə bağlıdır. Lakin indiki halda bu o qədər də real görünmür.
