Generalların bölə bilmədiyi Sudan

  • 03.11.2025
  • 6 baxış

Sudanda vətəndaş müharibəsi zamanı ordu və Çevik Dəstək Qüvvələri (RSF) arasında baş verən döyüşlərdə minlərlə dinc insanın soyqırımına və zorakılıqlara məruz qaldığı məlum olub. 

BMT və insan haqları hesabatlarında ötən həftənin bazar günü RSF tərəfindən ələ keçirilən Şimali Darfurun paytaxtı Faşir şəhərində zorakılıqların və kütləvi edamların baş verdiyi əksini tapıb. Daha dəhşətlisi isə hadisələrin hələ də davam etməsidir. 

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) hazırda Faşirdə qətliamların davam etdiyini, çoxlu sayda dinc insanın ölüm təhlükəsi altında olduğunu bildirir.

Qeyd edək ki, RSF ötən bazar günü 18 aydır davam edən mühasirədən sonra Sudan ərazisinin 30 faizdən çoxunu təşkil edən Darfur vilayətinin mərkəzini ələ keçirib. Bundan sonra şəhərdə kütləvi qətllər, təcavüz və zorakılıqlar başlayıb. 260 mindən çox əhalisi olan Faşirdə 60 mindən çox insan şəhərdən qaçıb. RSF-nin 2 mindən çox dinc sakini öldürdüyü ehtimal olunur. 

Faşirin ələ keçirilməsi Sudanda vətəndaş müharibəsinin ən qanlı səhifəsi hesab olunsa da, Afrikanın bu ən böyük ölkəsində müharibə artıq 7 ildir davam edir. 

2019-cu ildə Sudanda baş verən xalq etirazları nəticəsində ölkəni 30 ildən artıq idarə edən Ömər əl-Bəşir istefa verdi. Ancaq Sudanda inqilabın nəticələrini ordu mənimsədi, generallar elan etdilər ki, dinc mülki hökumət qurulana qədər ölkəni Hərbi Şura idarə edəcək. Az sonra isə ordu içərisində bölünmə baş verdi, Müdafiə Nazirliyi və 2000-ci illərin əvvəllərində yaradılmış Çevik Dəstək Qüvvələri (RSF) rəhbərliyi arasında hakimiyyət uğurunda rəqabət yarandı. RSF-nin komandiri Məhəmməd Həmdan Dqalo və ya Hamdeti ləqəbli şəxsdir. Daha əvvəl daxildəki etiraz qüvvələri və üsyanları yatırmaq üçün Təhlükəsizlik Nazirliyi nəzarətində olan bu xüsusi qüvvələr Daqalo qardaşları tərəfindən istifadə olundu. 

Daha çox millətçi şüarlarla çıxış edən və siyasi islamçılara qarşı olduğunu elan edən bu qruplaşma və rəhbərlərinin əsas hədəfi hakimiyyət və ölkənin sərvətləridir. Ehtimal olunur ki, RSF bir sıra xarici dövlətlərdən, o cümlədən, BƏƏ-dən dəstək alır. Bu isə o deməkdir ki, yaxın zamanlarda Sudanda sülh əldə olunması real deyil. Çünki digər ölkələrdə olduğu kimi, burada da fərqli xarici dövlətlərin maraqları toqquşur.

Digər xəbərlər