Livan-İsrail sərhədində fəaliyyət göstərən BMT sülhyaratma gücü UNIFIL rəsmi açıqlama yayaraq İsraili BMT TŞ-nin 1701 saylı qərarını pozmaqda və sülhə zərbə vurmaqda ittiham edib.
Qeyd edək ki, son günlər İsrailin Livanın cənubuna zərbələri intensivləşib. Son iki-üç gün ərzində İsrail ordusu Sur, Taybə, Ayta əl-Cəbəl rayonlarını bombalayıb. Bombardman nəticəsində təkcə bir gün ərzində 1 nəfər ölüb 8 nəfər yaralanıb.
İsrail hava zərbələrini Hizbullahın silahsızlaşma danışıqlarından imtinası və cənubi Livanda yeni hərbi bunkerlər inşa etməsi ilə əsaslandırıb. Bu iddianın nə qədər gerçək olduğu məlum olmasa da, İsrailin bu addımı Livan və İsrail sərhədində sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı 1701 saylı qətnamənin pozulmasıdır. Çünki bu qətnaməyə əsasən 15 min nəfərlik beynəlxalq sülhməramlı kontingent sərhəddə atəşkəsə nəzarət etməlidir. İsrail isə 2024-cü ilin 26 noyabrında əldə olunmuş atəşkəs razılaşmasını pozaraq Livanı vaxtaşırı hədəfə alır. ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya əsasən İsrail ordusu Livan ərazisini tərk etməli, Hizbullah isə Litani çayından şimala çəkilməli idi. Ancaq İsrail hələ də razılaşmaya əməl etməyərək Livan ərazisində 7 məntəqədə hərbi qüvvələrini saxlayır və vaxtaşırı olaraq əraziləri bombalayaraq dinc əhalinin yenidən Livanın cənubuna qayıtmasına mane olmağa çalışır.
İsrail hakimiyyəti hazırkı yaranmış vəziyyətdən istifadə edərək Suriyada olduğu kimi, Livanın cənubunda İsrail sərhədləri qarşısında bufer zona yaratmaq və daha əvvəl olduğu kimi. Hizbullah və ya digər fələstinli qrupların buradan İsrail ərazisini atəşə tutmasının qarşısını almağa çalışır.
Digər tərəfdən, ABŞ, Avropa və ərəb ölkələri vasitəsilə Livana təzyiq edərək Hizbullahın Həmas kimi silahsızlaşdırılmasına nail olmağa çalışır. Bunun üçün Livan ərazisini bombalayır və bunu Hizbullaha görə etdiyini açıq şəkildə elan edir. Hələlik Hizbullah rəhbərliyi daxili və xarici təzyiqlərə dözsə də, İsrail hər an Livana növbəti hücum etməklə vəziyyəti dəyişə bilər.
Başqa sözlə. Hazırda Yaxın Şərqdə mövcud vəziyyət, ABŞ prezidentinin qeyd-şərtsiz dəstəyi İsrail hakimiyyətini Fələstin və Livandakı əsas təhdid mənbələrini sıradan çıxarmaq üçün fürsət yaradıb. Baş nazir Netanyahu isə bu fürsətdən maksimum yararlanmağa çalışır. İsrail qonşuluqda bütün mümkün təhdid mərkəzlərini sıradan çıxarır.
