Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb mediasına müsahibədə bildirib ki, hazırda Suriyanın keçid hökuməti qarşısındakı əsas vəzifə bütün tərəflərlə anlaşmaqdır.
Sitat: “Ölkədəki silahlı qrupların vahid komandanlıq altında toplanmalı, silah gəzdirmək və güc tətbiqi hüququ orduya məxsus olmalıdır. Bütün modern dövlətlərdə belə olur. Müxtəlif silahlı qruplar vətəndaş müharibəsi üçün zəmin hazırlayır və bu qəbuledilməzdir”.
Eyni zamanda Fidan deyib ki, Türkiyə hakimiyyəti Suriyada özünə yaxın təxminən 80 min nəfərlik silahlı birliklərə - hansı ki onlar “Suriya Milli Ordusu” adı altında birləşib – rəsmi orduya qatılmaq çağırışı edib. Əlavə edib ki, Ankara Suveyda və Dəra rayonunda da eyni prosesin olacağına ümid edir. Həmçinin Fidan qeyd edib ki, hazırda Suriya siyasəti ilə bağlı Türkiyə ilə Səudiyyə Ərəbistanı və körfəz ölkələri arasında hər hansı fikir ayrılığı yoxdur.
Hakan Fidan xarici işlər naziri və ondan əvvəl kəşfiyyat rəisi olaraq Ankaranın Yaxın Şərq siyasətinin əsas fiquru hesab olunur. Onun müsahibəsində Suriya ilə bağlı bəzi mətləblər aydın olur. Birincisi, Suriyada silahlı qrupların keçid hökuməti Müdafiə Nazirliyinə qatılmasında ciddi problemlər var. Fidan Dəra və Suveydadakı qrupların adını çəkir və bu məsələdə Türkiyə ilə körfəz ölkələri arasında fikir ayrılığının olmadığını qeyd edir.
İkincisi, bu məsələdə xarici ölkə amilini vurğulayır. Məsələn, Dərada yerləşən Cənub Əməliyyatlar Mərkəzi adlı qruplaşma açıq şəkildə keçid hökumətinə qatılmaqdan imtina edib və bu qrupu BƏƏ dəstəkləyir. Suveydada isə druzlar var, hansılar ki, onlar da Dəməşqlə ortaq dil tapa bilmirlər.
Başqa sözlə, Fidan açıq şəkildə bildirir ki, Suriyada xarici ölkələrin təsirində olan qrupların orduya qatılmaması vətəndaş müharibəsi riskini artırır.
Yeri gəlmişkən, bazar günü Fidanın xələfi, Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın ikinci dəfə gözlənilmədən Dəməşqə səfər edərək keçid hökuməti rəhbərliyi ilə görüşüb.
Kalının Dəməşqə səfəri ilə eyni günlərdə keçmiş rejim lideri Bəşər Əsədin qardaşı general Mahir Əsədin Rusiya təyyarəsi ilə Laziqiyyəyə gəldiyi xəbərləri yayılıb. Bunun ardınca isə keçmiş hökumət bayraqları daşıyan silahlı qruplar sahil bölgəsində keçid təşkil edib, ardınca HTŞ qüvvələri ilə toqquşmalar baş verib.