Suriyada hazırda siyasi cəbhə həddən artıq genişdir və burada müxtəlif qruplar var. Ancaq xüsusən də 2014-cü ildən əsas silahlı müxalif qruplar islamçılar olub. Hətta dünyəvilik təmsilçisi hesab olunan “Suriya Milli Ordusu”nda əsas qüvvə islamçılardır.
Bəşər Əsədin devrilməsi ilə nəticələnən hücum əməliyyatının əsas qüvvəsi olan HTŞ cihadçı islam təşkilatıdır və indi görünən odur ki, Suriyanın dövlət başçısı HTŞ-nin lideri Colanı və ya əsl adı ilə Əhməd əş-Şara olacaq.
Türkiyə, Qətər, Böyük Britaniya, BMT və digər təşkilat və dövlətlərin nümayəndələrinin Dəməşqə gedərək əş-Şara ilə görüşüb Suriyanın gələcəyini bu adamla müzakirə etməsi bunu təsdiqləyir. Suriyanın keçici baş naziri də Colaninin adamı əl-Bəşir oldu.
Və belə görünür ki, Qərb Colaninin Suriyanı Taliban tipli şəriət respublikasına çevriməsindən narahatdır. Doğdurur, Colani bütün çıxışlarında Suriyada demokratik, dünyəvi və azlıqların hüquqlarını qoruyan dövlət quracaqlarını deyir. Amma 2010-cu ilə qədər İraqda əl-Bağdadi ilə silahdaş olmuş, 2011-ci ildən sonra əl-Qaidənin Suriya qolunu yaratmış Colaninin kəskin dəyişikliyi qərbliləri şübhələndirir.
Maraqlıdır ki, BBC-yə müsahibəsində şəriət dövləti qurulması ehtimalı ilə bağlı suala cavab olaraq Colani özü də Əfqanıstanla Suriyanın fərqli ölkələr olduğunu deyib.
Lakin son 100 ilin təcrübəsi fərqlidir. Əvvəla, bu gün şəriət qanunları ilə idarə olunan Əfqanıstan və İran ötən əsrin 60-70-ci illərində dünyəvi dövlətlər olub. Ancaq islamçılar ölkəni dəyişdilər. İkincisi, Suriya artıq 15 il əvvəlki deyil, ölkədə 10 ildən çoxdur vətəndaş müharibəsi var və burada əsas tərəf radikal islamçılardır.
Aydın məsələdir ki, özünü dövlətin yeni lideri olaraq görən Colani Suriyanın dünyəvi dövlət olmasına etiraz etmir. Çünki bu olarsa onun hakimiyyəti Qərbdə qəbul olunacaq, dəstək və maddi yardım ala biləcək.
Lakin hazırda bu məsələdə Colaninin qarşısında əsas maneə onun keçmiş silah dostları, həmkarları olan islamçılardır. Bunu Colani özü də bilir, ona görə də silahlı qrupların hamısının buraxılacağını eıan edib. ancaq bu o qədər də asan olmayacaq. Çünki söhbət müxtəlif ağır və yüngül silahlarla silahlanmış sayı minlərlə olan və uzun illər döyüş təcrübəsinə malik şəxs və qruplardan gedir.