Bəşər Əsəddən sonrakı Suriya

  • 09.12.2024
  • 39 baxış

Dekabrın 8-də cənubdan Dəra vilayətindən hücum edən müxalif silahlılar paytaxt Dəməşq ətrafına çatdıqda məlum oldu ki, prezident Bəşər Əsəd şəhəri tərk edib və baş nazirə hökuməti təhvil verməyi tövsiyə edib. Bununla da rəsmi olaraq Suriyada Bəşər Əsəd erası başa çatdı.

 

Əslində hər kəs hücumun şimaldan - Hama şəhəri istiqamətindən olacağını gözləyirdi. Çünki noyabrın 27-də İdlib vilayətindən Hələbə hücum edən Heyət Təhrir əş-Şam qruplaşması liderliyindəki silahlılar Hələb şəhərini və ətraf əraziləri ələ keçirdikdən sonra cənuba - Dəməşqə doğru hücum etmişdi. Dekabrın 5-də Hamaya çatan müxaliflər şəhəri cəmisi bir sutka ərzində ələ keçirdi, lakin sonrakı günlərdə hücum dayandı. Hökumət qüvvələrini Hums şəhəri ətrafında müdafiə səddi yaratmağa çalışdı. Lakin gözlənilmədən cənubda Dəra vilayətində üsyan baş verdi və bir sutka ərzində üsyançılar Dəra və qonşu Quneytra vilayətlərini ələ keçirərək paytaxta meydan oxumağa başladı.

 

Bu səbəbdən də Hums ətrafında dayanan HTŞ qruplarından daha əvvəl Dəra üsyançıları Dəməşqə çatmadı və bazar günü səhər erkən saatlarında Bəşər Əsədin (bir gün əvvəl ailəsinin Suriyanı tərk etdiyi bilinirdi - red.) Dəməşqi tərk etdiyi xəbərləri yayıldı. Bununla da Suriyada hakimiyyət dəyişikliyi rəsmən təsdiqlənmiş oldu.

 

Dəməşqin süqutundan az sonra Bəşər Əsədin "qalası" hesab olunan və əsasən ələvilərin yaşadığı, Bəşər Əsədin vətəni Laziqiyyə və Tartus vilayətləri də müxaliflərə təslim oldu. Yalnız şimal-şərqdə kürd qüvvələri istisna olmaqla bütün ölkə müxalifətin nəzarətinə keçdi.

 

HTŞ-nin lideri Əbu Məhəmməd Colani bildirdi ki, "qələbənin bütün suriyalıların olduğunu" bildirərək barışıq çağırışı etdi, eyni zamanda HTŞ silahlılara müraciət edərək insanların evlərinə hücum etməməyə, sakitliyi qorumağa çağırdı, eyni zamanda Dəməşqdə komendant saatı elan edildi. Lakin buna qədər Dəməşqdə İran və İraq səfirlikləri, o cümlədən İtaliya səfirinin iqamətgahı hücuma məruz qalıb qarət edildi, həmçinin prezident Bəşər Əsədin iqamətgahı və Mədəniyyət Nazirliyinin binası qarət olundu.

 

Lakin ümumilikdə hələlik çox ciddi qarşıdurma və qətllər qeydə alınmayıb. Müxaliflər isə hökumət həbsxanalarında uzun illərdir saxlanılan şəxsləri azad edib.

 

Üsyançılar elan edib ki, Suriyada 18 aylıq keçid dövrü olacaq. Yeni konstitusiya hazırlanacaq və seçkilər keçiriləcək. Buna qədər isə müvəqqəti hökumət qurulacaq. Lakin hələlik müvəqqəti hökumətə kimin rəhbərlik edəcəyi məlum deyil.

 

Suriyanın qarşısında dayanan əsas problemlər sırasında yeni hökumət, konstitusiya və keçid fəaliyyətləri ilə yanaşı bir neçə ciddi məsələlər var.

 

Bunlardan birincisi ölkənin şimal-şərqində Suriyanın təxminən 25 faiz ərazisinə nəzarət edən kürdlərin "Suriya Demokratik Qüvvələri" koalisiyasıdır. 2016-cı ildən faktiki olaraq muxtariyyət kimi fəaliyyət göstərən, özünün parlamenti və ordusu olan bu qurum Türkiyə tərəfindən terrorçu hesab olunur. Ankara SDQ-nin aparıcı qüvvələri olan PYD və onun hərbi qanadı YPG-ni PKK-nın Suriya qolu hesab edir.

 

Dekabrın 9-da Türkiyəyə yaxın Suriya Milli Ordusu qruplaşması SDQ-nin nəzarətində olan Menbic şəhərinə hücum edib. Axşama doğru Menbicin ələ keçdiyi haqda xəbərlər yayıldı. Maraqlıdır ki, bundan bir gün əvvəl ABŞ ordusu xəbərdarlıq edərək SDQ-yə hücuma müdaxilə edəcəyini bildirmişdi. Lakin görünür ki, Ankara və Vaşinqton arasında müəyyən razılaşma ələ olunub.

 

Ancaq amerikalıların Fəratın qərb sahilində qalan Menbicdən fərqli olaraq Fəratın şərq sahilinə keçməyə necə yanaşacağı məlum deyil.

 

Daha bir cidid problem İsraildir. İsrail bazar günü Suriya ərazisində 100-dən çox hərbi obyekti, o cümlədən, Dəra vilayətində 12 və 175 saylı hərbi hissələrin silah anbarları, Quneytra vilayətində hərbi baza və hava hücumundan müdafiə qurğuları (HHM), həmçinin paytaxt Dəməşq ətrafında yerləşən Məzzə hərbi aerodromu ərazisindəki təyyarə və HHM sistemləri vurulub.

 

Rəsmi açıqlamada Suriya ordusuna məxsus kimyəvi silah anbarları, radar qurğuları və “Skad” raketlərinin “müxaliflərin əlinə keçməməsi üçün” məhv edildiyi bildirilir.

 

Dünən gün ərzində İsrail ordu birlikləri 1974-cü ildən sonra ilk dəfə Colan təpələri bölgəsindən Suriyanın Quneytra vilayətinin Cisr Rakkad qəsəbəsinə qədər irəliləyib. İsrailin tampon bölgəni və Suriya ərazisinin bir hissəsini işğal edəcəyi gözlənilir. Təbii ki. indiki dövrdə Suriyanın yeni hakimlərinin İsrailə qarşı müqavimət göstərmək imkanları azdır.

 

Suriyanın daha bir ciddi problemi silahlı qruplar, əsasən də islamçı silahlı qruplar və əcnəbilərdir. Çünki İdlibdə Türküstan İslam Partiyasının 15 minə yaxın uyğur döyüşçüsü olduğu bilinir. Bundan başqa orta asiyalılardan ibarət "Səmərqənd" briqadası və daha bir neçə əcnəbi cihadçı qruplar var. Bu və digər cihadçı qrupların gələcək Suriyada yeri bilinmir. Çünki onların yeni Suriya ordusuna qatılması ehtimalı azdır, ayrıca silahlı qrup kimi qalmaları isə mümkün deyil. Suriyanın yeni hakimiyyəti ya onları yeni bir döyüşə, məsələn, kürdlər və ya Livanda Hizbullaha qarşı döyüşə göndərib sıradan çıxmasına şərait yaratmalı, ya da planetin başqa bir nöqtəsində başlayacaq "cihada" göndərməli olacaq. Əks təqdirdə bu qruplar yeni Suriya üçün başağrısına çevriləcək.

 

Suriyanın bilindiyi kimi. zəngin neft-qaz ehtiyatları yoxdur, cüzi təxminən gündəlik 20-30 min barel arasın neft istehsalı isə hazırda kürdlərin nəzarəti altındakı Deyr əz-Zor vilayətindədir. Yəni yeni Suriya indidən artıq ciddi xarici yardıma möhtac olacaq. Düzdür, artıq Avropa İttifaqı Suriyaya yardım sözü verib, ancaq avropalılar güman ki, yardımı yeni konstitusiya qəbulundan sonra edəcəklər. Buna qədər isə ümid Qətər və Türkiyə kimi müttəfiq ölkələrə qalıb.

 

Digər xəbərlər