
Müasir beynəlxalq münasibətlər sistemi çöküb. BMT baş katibi Antonio Quterreş təşkilatın baş qərargahında keçirdiyi mətbuat konfransında bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının strukturu hazırkı dünya şərtlərinə uyğun gəlmir və təşkilatda islahatlar “son dərəcə məntiqlidir”.
Quttereş deyib ki, Təhlükəsizlik Şurası 1945-ci ilin dünyasına uyğundur, ancaq bu gün lazımı qədər effektiv ola bilmir. Əslində BMT baş katibi haqlıdır, çünki son 25 ildə, BMT faktiki olaraq qlobal siyasi proseslərdə təsirli güc olaraq çıxış edə bilməyib. ABŞ BMT mandatı olmadan İraqa hücum etdi, ardınca “ərəb baharı” prosesində BMT faktiki olaraq müşahidəçi və ən yaxşı halda humanitar yardım təşkilatı kimi fəaliyyət göstərə bildi.
Əslində Quttereşdən daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və daha bır neçə dünya ölkələri liderləri BMT TŞ-nin təsirsiz və islahata ehtiyacı olan qurum olduğunu vurğulayıb.
Son İsrail-Həmas müharibəsi isə BMT-nin heç bir təsiri olmayan qurum olduğunu dünyaya göstərdi. Yeri gəlmişkən, dünən BMT komissiyası İsrailin 2023-cü ildən bu yana Qəzza zolağında soyqırımı törətdiyini təsdiqləyən hesabatını açıqladı. Lakin məsələ ondadır ki, beynəlxalq münasibətləri tənzimləyən qurum olaraq bMT faktiki olaraq Qəzzada yaşayan soyqırımına müdaxilə edə bilmir.
Iksinə, İsrail BMT baş katibini “persona-non-qrata” elan edərək ölkəyə buraxmır, Qəzzada isə təkcə son günlərdə BMT-yə məxsus yardım təşkilatı UNRWA-nın 10 binasını bombalayıb.
BMT isə məhz TŞ-nin 1945-ci ildə formalaşmış sturkturu sayəsində İsrailə qarşı qərar qəbul edə bilmir. Belə ki, BMT TŞ-nin strukturu 5 daimi üzvdən (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) və 10 seçilmiş üzvdən ibarətdir. Ancaq TŞ-nin qərar verməsi üçün 5 daimi üzvün yekdil qərarı olmalıdır. Bu səbəbdən də ABŞ sayəsində İsrailə qarşı qərar qəbul etmək mümkün olmur.
İndi isə vəziyyət o həddə çatıb ki, artıq BMT baş katibi qurumun işlək olmadığını, xüsusən də Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu rəsmi şəkildə bəyan edir.
Ümumiyyətlə isə son illərdə həm Ukraynada, həm Fələstində, həm İran ətrafında baş verənlər mövcud beynəlxalq nizamın süquta uğradığını gəstərir. Belə olmasaydı, İsrail 1800 kilometr uzaqda yerləşən Qətərin paytaxtını bombalaya bilməzdi.