Hama şəhəri ətrafında müxaliflər və Suriya ordusu arasında şiddətli döyüşlər bu gecə də davam edib. Suriya hökuməti Hamaya əlavə qüvvələr göndərərək şəhərin müdafiəsini gücləndirsə də, müxaliflər 3 istiqamətdə hücumu davam etdirir və geri çəkilməyib. Dekabrın 5-də axşam saatlarında HTŞ-nin silahlıları Hama şəhərini ələ keçirdiklərini elan ediblər.
Hama ətrafında, eləcə də digər bölgələrdə döyüşlərdə müşahidə olunan əsas detal bu oldu ki, Suriya ordusu müxaliflərə ciddi müqavimət göstərə bilmir, ilk hücumda ya təslim olur, ya da geri çəkilir. Suriyada əvvəl olduğu kimi, döyüşən qüvvələr Suriya ordusunun xüsusi təyinatlıları, “Pələng qüvvələri” və qeyri-rəsmi könüllü döyüşçülər, İranın Proxy qruplarıdır. Ordu isə həm uzun illərin yorğunluğu, həm də yetərli hazırlıq olmaması səbəbi ilə döyüşlərdə özünü göstərə bilmir.
Əgər yaxın günlərdə Hama müxaliflərin əlinə keçərsə bu, Suriya hakimiyyəti və müttəfiqləri üçün ciddi psixoloji məğlubiyyət olacaq və cəbhə xəttində geriləmələr artacaq. Nəticədə Hama şəhərinə yaxın əsas nəqliyyat qovşağı hesab olunan Hums şəhərini də qorumaq çətinləşəcək. Nəzərə almaq lazımdır ki, Hama şəhəri ölkənin mərkəzində, Dəməşq və şimaldakı Aralıq dənizi sahili vilayətlər olan Latakiya (Laziqiyyə) və Tartusu birləşdirən nəqliyyat yolu üzərində yerləşir. Hamadan paytaxt Dəməşqə 210 kilometr məsafə var.
Dünən cənubda İsrail sərhədində də hərəkətlənmə qeydə alınıb. Kuneytra rayonundan Suriya ərazisinə daxil olan İsrail hərbçiləri iki suriyalını həbs ediblər. Şimalda isə eskalasiyadan bu yana ilk dəfə Türkiyə ordusu Menbic istiqamətində kürd qüvvələrini artilleriya atəşinə tutub. Ümumiyyətlə, daha əvvəl də qeyd etdiyimiz kimi, Menbicə hücum gözlənilsə də, ötən gün kiçik toqquşmalar xaricində əhəmiyyətli hərəkətlənmə olmayıb. Ancaq yerli informasiya mənbələri Menbicə hücum hazırlandığını və Fərat çayının qərb sahilində qalan yeganə kürd (SDQ) ərazisinin tezliklə müxaliflərin hücumuna məruz qalacağını bildirir.
İraq parlamentinin ölkənin baş nazirinə Suriyaya qüvvə göndərmək barədə səlahiyyət verməsi onu göstərir ki, Suriyada vəziyyət artıq qonşu ölkələri narahat etməyə başlayıb. İlk günlərdə bir qədər müşahidəçi mövqedə dayanan regionun ərəb ölkələri də yaranacaq vəziyyətin doğuracağı nəticədən narahat olan ərəb dövlətləri artıq Dəməşqi dəstəkləyən bəyanatlar verməyə başlayıb.