Suriyada son vəziyyət

  • 04.12.2024
  • 41 baxış

Suriya ordusu və müxalif Heyət Təhrir əş-Şam qruplaşması arasında Hama şəhəri ətrafında şiddətli döyüşlər davam edir. Bəşər Əsədin son iki gündür Hamaya əlavə qüvvələr göndərməsinə baxmayaraq, müxaliflər irəliləyir. Hətta bəzi mənbələr döyüşlərin şəhərin ətraf məhəllələrində davam etdiyini yazır.

Əgər Hama şəhəri müxaliflərin əlinə keçərsə, növbəti hədəf ölkənin mərkəzində yerləşən və şimal ilə cənubu, şərq ilə qərbini birləşdirən nəqliyyat qovşağı hesab olunan Hums şəhəri olacaq. Humsun ələ keçməsi isə Dəməşq üçün ciddi risk daşıyır. Çünki bu halda mərkəzi hökumətin ölkənin digər bölgələri, xüsusən də Əsədin “qalası” hesab olunan və müharibənin yaşanmadığı Tartus və Laziqiyyə vilayətləri ilə əlaqəsi kəsilmiş olacaq.

Qeyd edək ki, Rusiyanın Suriyadakı iki hərbi bazası məhz bu bölgələrdə yerləşir. Tartusda sovet dövründən qalma hərbi-dəniz bazası, Laziqiyyədə isə Xmeymim hərbi hava bazası Rusiya ordusunun nəzarətindədir. Bu isə faktiki olaraq Rusiya qüvvələrinin Dəməşqlə əlaqələrinin kəsilməsinə səbəb ola bilər.

Humsun ələ keçməsi həm də İranın Livana, yəni Hizbullaha silah və hərbi-texniki yardımını dayandıra bilər. Çünki İrandan gələn silah və sursat əsasən Hums-Quseyr yolu ilə Livana ötürülür. Üstəlik, Hums və Hama ətrafında İrana məxsus raket fabriklərinin olduğu ehtimal olunur ki, vaxtaşırı olaraq İsrail bu əraziləri bombalayır.

Bir sözlə, Hama və Hums Suriyada yeni müharibənin açar nöqtələridir. Lakin nəzərə almaq lazımdır ki, vətəndaş müharibəsinin ilk mərhələsində adıçəkilən şəhərlər müxaliflərin nəzarətində olub. Suriya hökumət qüvvələri onları daha sonra nəzarətə götürüb. İndi əsas məsələ Suriya hökumət qüvvələrinin və müttəfiqlərinin müxaliflərin hücumu qarşısında dayana bilməsindən asılıdır. Hamada hücum dayandırılsa, bu, müharibənin gedişinə təsir edə bilər. Əks təqdirdə, Bəşər Əsəd yeni risklərlə üz-üzə qalacaq.

Suriyada son eskalasiyanın ikinci istiqaməti şimal-şərqdə kürdlərlə olan toqquşmalardır. Hələbi ələ keçirdikdən sonra Tel-Rıfatı nəzarətə götürən müxaliflər şərqə doğru irəliləyərək kürd ərazilərinə daxil olub və Fəratın qərb sahilindəki əl-Xafsa rayonunu ələ keçiriblər. Ancaq bu istiqamətdə hücum dayandırılıb. Müxaliflərin, əsasən də Türkiyə ilə yaxın olan Suriya Milli Ordusu qüvvələrinin şərqə doğru Menbic rayonuna irəliləməsi gözlənilsə də, burada hərəkət demək olar ki, dayanıb.

Hətta HTŞ bununla bağlı bəyanat yayaraq SMO-nu qınayıb. Öz növbəsində SMO da HTŞ-ni onun əsgərlərini əsassız ittihamlarla həbs edib işgəncə verməkdə günahlandırıb.

Müxaliflərin Menbici ələ keçirəcəyi təqdirdə, kürd qüvvələri Fərat çayının qərb sahilindəki sonuncu məntəqəni, Hələbin Şeyx Maqsud rayonu istisna olmaqla, itirmiş olacaq. Üstəlik, Menbic ələ keçirilərsə, Kobani də faktiki olaraq mühasirəyə düşür. Çünki Kobaninin şərqində Tel-Ayad, qərbində isə Cerablus kimi Türkiyə ordusunun nəzarətində olan şəhərlər var.

Müxaliflərin Menbicə hücumu dayandırması iki ehtimalla izah olunur. Birincisi, texniki səbəblərlə bağlıdır: bu istiqamətdə kürdlərin güclü müdafiə səddi mövcuddur və müxaliflərin yetərli gücü yoxdur. Yəni hücum texniki olaraq ləngiyir və yaxın zamanda baş verə bilər.

İkinci ehtimal isə ABŞ ordusunun varlığıdır. Suriyada əsasən kürdlərin nəzarətində olan ərazilərdə 20-dən artıq ABŞ hərbi bazası yerləşir. Əvvəlki təcrübələr göstərir ki, kürdlərə hücum ABŞ ordusunun cavab reaksiyasına səbəb olur. Bu səbəbdən SMO Menbicə hücum etməyə risk etmir. Ancaq Vaşinqtondan qarışmamaqla bağlı təminat aldıqdan sonra hücum mümkündür.

Maraqlıdır ki, kürdlər cənubda Deyr əz-Zor şəhərinə hücum edirlər. Burada əsasən Suriya ordusu ilə yanaşı İrana bağlı qruplar və yerli tayfa silahlıları mövcuddur. Kürdlərin yaranmış vəziyyətdə Suriya hökuməti ilə toqquşmaya getdiyi müşahidə olunur.

Hazırda Bəşər Əsəd və İranın əsas diqqəti Hamaya yönəlib. Şəhərə əlavə qüvvələr cəlb olunur, müxaliflərin hücumlarını dayandırmaq üçün lazımi addımlar atılır. Hətta İran xarici işlər naziri bəyan edib ki, rəsmi Dəməşq tələb etsə, İran Suriyaya ordu qüvvələri göndərə bilər.

Proseslərin gedişi göstərir ki, İranın qüvvə göndərməsi qaçılmaz olacaq. Lakin bu qüvvələrin sahədə vəziyyətə nə qədər təsir edəcəyini zaman göstərəcək.

Hələbin alınması ilə qızışan son eskalasiya Türkiyənin bölgədəki rolunu önə çıxarsa da, risklər də mövcuddur. Türkiyə 2020-ci ildən rəsmi olaraq İdlibdəki müxaliflərin təminatçısı kimi çıxış edib. İdlibdə atəşkəsə və radikal islamçı qrupların silahsızlaşdırılmasına cavabdeh olub. Lakin son döyüşlərlə bu razılaşma faktiki olaraq dağılıb.

Hələbin müxaliflərin əlinə keçməsi və İdlib müxaliflərinin yeni ərazilər ələ keçirməsi Türkiyənin beynəlxalq səviyyədə mövqeyini gücləndirib. Lakin risklər də qalmaqdadır. Proseslərin belə sürətli gedişi kürdlər üçün yeni perspektivlər yarada bilər. Əgər Vaşinqton kürd məsələsində Ankara ilə razılığa gələ bilməsə, Suriyanın yenidən dizayn olunması zamanı kürdlər önəmli yer tuta bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasında maraqlıdır. Ərdoğanın qəsdi isə Suriyanın federativ respublikaya çevrilməsinin qarşısını almaqdır.

Digər xəbərlər