Yaxın Şərqdə Çin əjdahası

  • 26.10.2023
  • 340 baxış

Rusiya, İran və Çin ordusu Fars körfəzində növbəti hərbi təlimlər keçirəcək. Artıq bununla bağlı İran və Çin hərbi rəhbərliyi arasında son müzakirələr də keçirilib. Rusiya, Çin və İran ABŞ və müttəfiqlərinin Fars körfəzindəki gücünə qarşı “əzələ nümayişi” edəcək.
Amma Çin dövləti bu regionda yalnız İran və ya belə desək Qərb əleyhdarı cəbhə ilə əməkdaşlıq etmir. Məsələn, 2019-cu il dekabrın əvvəlində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Kral Faysal” dəniz bazasında Çin və Səudiyyə Ərəbistanı hərbi donanması “Mavi Qılınc 2019” birgə hərbi təlimini keçirib. Yəni Çinin Yaxın Şərqə baxışında “soyuq müharibə” dövründəki cəbhələşmə yoxdur. Çin bütün cəbhələrlə yaxından əməkdaşlıq edir.
Əslində, Çin “əjdahasının” Yaxın Şərqə marağı yeni deyil. 1956-cı ildə Süveyş böhranı zamanı Çin Camal Əbdül Nasir hakimiyyətini dəstəkləmişdi. Baxmayaraq ki, Çini rəsmən tanıyan ilk ölkələrdən biri İsrail olmuşdu. Lakin sonrakı illərdə İsrailin Qərb cəbhəsində yer alması Çinin isə antiimperialist xəttə dəstək verməsi ilk illərdəki isti münasibətlərə təsir etdi.
Lakin Çinin Yaxın Şərqə böyük “açılımı” daha sonralar, yəni “soyuq müharibədən” sonraya təsadüf edir. Amma “soyuq müharibə” illərində bu “açılımın” ilk işartıları vardı. 1979-cu ildə SSRİ Əfqanıstana hərbi müdaxilə edəndə silahlı müqavimətçilərə silah verən ilk ölkələrdən biri Çin idi.
1980-ci ildə başlayan İran-İraq müharibəsi həm qlobal rəqabəti, həm də silah bazarını canlandırdı. Bu bazarda Çinə də yer vardı. Üstəlik, 1970-ci illərdən sonra neft qiymətlərinin bahalaşması Yaxın Şərqə olan marağı artırmışdı. Dünya güclərinin mövqe mübarizəsi apardığı Yaxın Şərqə Çin də “yerləşməyə” çalışırdı. Nəhayət, Çinin zəif yeri, uyğur məsələsi. Çin müsəlman dünyası ilə yaxınlaşmaqla Sincan-Uyğur muxtar bölgəsində mümkün ayaqlanmaların qarşısını almağa çalışır. Hal-hazırda Pekinin Yaxın Şərqdəki aktiv siyasətinin əsas səbəblərindən biri də məhz uyğur mövzusudur.

Əjdaha qanadını Yaxın Şərq üzərinə gərir
SSRİ-nin süqutu və ondan sonrakı 10 illik xaos və müharibələr dövründən sonra baş verən 11 sentyabr hadisələri və ABŞ-ın dünyada terrorizmə qarşı cəbhə açdığı illərdə Çinin də ilk dəfə Yaxın Şərqə geniş miqyaslı açılımı baş verib. 2004-cü ildə Çinin dövlət başçısı Hu Cin Tao Misirin paytaxtında rəsmi səfər edib və Qahirədə Çin dövlət başçısı ilə Ərəb Liqası üzvü 22 dövlətin təmsilçiləri ilə birgə toplantı təşkil olunub.
Bu toplantıda Çin-ərəb ölkələri əlaqələrində “yeni ortaqlıq” adı verilən 4 prinsip elan olunub. Bu prinsiplər qarşılıqlı hörmət əsaslı siyasi əlaqələrin inkişaf etdirilməsi, birgə iqtisadi inkişaf və irəliləyiş üçün iqtisadi əlaqələrin qurulması, mədəni əlaqələrin dərinləşdirilməsi və sülhün qorunması, nəhayət, beynəlxalq siyasət mövzusunda bir sıra sahədə əməkdaşlıq olub.
Qahirə toplantısından az sonra, 2004-cü il sentyabrın 14-də ilk Çin-Ərəb Ölkələri Əməkdaşlıq Forumu keçirilib. Daha sonra Pekin və Bəhreyndə bu toplantıların analoqları baş tutub. Bu dövrdən, yəni 2004-cü ildən sonra Çinin Yaxın Şərqdə sərmayəsi hər il, orta hesabla, 12 faiz artıb. Çin xam neft tələbatının yarıdan çoxunu idxal edir ki, onun də yarısını Yaxın Şərqdən təmin edir. Çinin ərəb ölkələri ilə ticarət həcmi hazırda illik 300 milyarddır və bu rəqəm qarşıdakı 10 ildə 3 qat artmalıdır.
Əlbəttə, Çinin Yaxın Şərqdə əsas tərəfdaş ölkələrindən biri İrandır. Burda əgər bir səbəb İranın strateji mövqeyi, “İpək yolu” üzərində yerləşməsidirsə, digər səbəbi zəngin enerji ehtiyatları, ABŞ-la münasibətlərindəki gərginlikdir. Burdan Çin həm də qazanır, çünki Qərbə bazarı bağlanan İran Çinlə daha münasib qiymətə neft satışında maraqlıdır. Bu səbəbdən də, 1997-ci ildə 12 milyard dollar olan Çin-İran ticarət dövriyyəsi bu il 50 milyarda çatıb. Nəzərə almaq lazımdır ki, bu rəqəm İrana qarşı kəskin embarqoların necə deyərlər, kölgəsində alınıb.

İran və İsrailin dostu
2016-cı ildə Tehrana səfər edən Çin dövlət başçısı Şi Cinpin İslam Respublikası ilə 17 anlaşma imzalayıb. İran və Çin arasında imzalanmış “Əhatəli Strateji Əməkdaşlıq Sazişi” 25 illikdir və bu anlaşmaya əsasən yaxın 10 ildə iki ölkə arasında ticarət dövriyyəsi 600 milyard dollara çatdırılmalı, eyni zamanda Çinin İranda müxtəlif sahələrə 400 milyard dollar sərmayə yatırmasını nəzərdə tutur. Əməkdaşlığın, demək olar ki, bütün sahələrini əhatə edən anlaşmanın icrası ilə bağlı “yol xəritəsi” hazırlanıb. Bu yaxınlarda İran ordusu baş qərargah rəisi Baqeri bildirib ki, ölkənin dini lideri Çinlə imzalanmış “yol xəritəsi”ni təsdiqləyib.
“Yol xəritəsi”nə əsasən Çin İranın neft və qaz yataqlarında yeni istehsal sahələri yaratmaqla yanaşı ölkənin neft-kimya sənayesinə əsas hissəsi ilk 5 ildə olmaqla 280 milyard dollar sərmayə yatıracaq. Bundan başqa, Pekin İranın nəqliyyat, istehsalat sənayesinə 120 milyard dollar sərmayə qoyacaq. Bu anlaşmaya əsasən “Böyük İpək Yolu” İran üzərindən keçəcək və bu xətlərdən biri də Təbriz şəhərindən keçdiyi üçün ölkənin dəmir yolları, o cümlədən sürət qatarı xətləri yenilənəcək.
Eyni zamanda bu anlaşmaya əsasən Çin şirkətləri İranın bütün neft və təbii qaz, eləcə də neft-kimya sahəsində tenderlərdə üstünlük əldə edəcəklər. Çin İranda istehsal olunacaq neft, qaz və neft-kimya məhsullarını 12 faiz endirimlə ala biləcək.
Razılaşmanın əsas detallarından biri isə hərbi əməkdaşlıqla bağlıdır. Anlaşmaya əsasən Çin İrandakı sərmayələrini qorumaq üçün bu ölkəyə 5 min nəfərlik hərbi qüvvə göndərə biləcək.
Amma bu cür genişmiqyaslı anlaşmanı Pekin yalnız İranla bağlamayıb. Bu ilin sentyabrında İraq baş naziri Çinə səfər edib və bu zaman iki ölkə arasında 8 anlaşma imzalanıb. İqtisadi, mədəni, texniki əməkdaşlıq, nəqliyyat, rabitə, inşaat, enerji və infrastruktur layihələrini əhatə edən anlaşmanın ümumi dəyəri milyardlarla dollar edir. İki ölkə rəsmiləri qarşıdakı 10 ildə İraq və Çin arasında ticarət həcminin 500 milyard dollara çatdırılması haqda razılığa gəliblər.
Bağdad və Pekin rəsmiləri Çinin hazırda İraqdan aldığı gündəlik 800 min barel neftin həcminin qarşıdakı illərdə daha da artırılması haqda danışıblar.
Amma necə deyərlər, bu hələ hamısı deyil. Çin xüsusən də Şi Cinpinqin hakimiyyətə gəldiyi 2013-cü ildən bu yana açılım siyasətini ildən ilə genişləndirir. Hazırda Pekin 100-dən çox ölkə ilə “Bir qurşaq, bir yol” layihəsi üzrə əməkdaşlıq əlaqələrini davam etdirir. Yaxın Şərqdə 10 il əvvəl illik 1 milyard sərmayə yatıran Çin hazırda bu həcmi nə az, nə çox 23 dəfə artırıb. Amma bu, son dayanacaq deyil.
Çin yalnız bu il Türkiyəyə 1 milyard dollar nağd pul yatırıb. İsrailə isə Çin bu ilin yarısında 3,2 milyard dollar sərmayə qoyub. Artıq amerikalı ekspertlər yaxın illərdə İsraildə xüsusən də texnologiya sahəsində Çin yatırımının ABŞ sərmayəsini keçəcəyini proqnozlaşdırırlar. Bundan başqa Misirdə Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra fəallaşan Çin artıq bu ölkədə bütün kommunikasiya şəbəkəsini demək olar ki, nəzarətə götürüb. Analoji olaraq Livan və Səudiyyə Ərəbistanında da milyard dollar dəyərində böyük Çin sərmayələri mövcuddur.
Afrikanın yoxsul ölkələrinə isə Çin artıq 10 illərdir ki, böyük yatırımlar qoyur. Afrikada yeni qlobal nəqliyyat, rabitə sahəsində böyük infrastruktur layihələri həyata keçirir, bununla da kifayətlənmir, bəzi ölkələrdə özünə yaxın qüvvələri hakimiyyətə gətirir.

“Yumşaq güc”ün “sərt güc”ə transferi
Yeri gəlmişkən, daha əvvəl yalnız iqtisadi layihələr, sərmayələrlə gələn Çin artıq hərbi gücünü də göstərməyə başlayıb. 2015-ci ildə Aralıq dənizində Rusiya ilə birgə hərbi manevrlər keçirən Çin ordusu artıq pul qoyduğu yerə güc göndərmək iddiasını nümayiş etdirirdi.
Elə həmin il Çin regionda və dünyada ilk xarici hərbi bazasını dünya ticarət yüklərinin 65 faizinin daşındığı Bab-əl-Məndəb boğazında – Cibutidə qurub. Uzaq Şərq, Cənub-Şərqi Asiya ölkələri, Avstraliya, Hindistan və Bəsrə körfəzindən gələn yüklər dəniz vasitəsilə məhz Bab-əl-Məndəb boğazından keçməklə Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxır. Çinin niyə ilk xarici hərbi bazasını Cibutidə yaratdığını xüsusi əsaslandırmağa gərək yoxdur.
İndi isə belə görünür ki, Çinin Yaxın Şərqdə yeni hərbi bazaları olacaq. Çünki dəyəri 100 milyard dollarla ölçülən sərmayələrin qorumasına ehtiyac olacaq, xüsusən də nəzərə alanda ki, söhbət qeyri-sabit Yaxın Şərqdən gedir, o zaman hərbi gücə ehtiyac qaçılmaz olur.
Çini ən çox narahat edən mövzulardan biri də uyğur məsələsidir. İki il əvvəl Pekin ordu generalını Dəməşqə göndərərək Bəşər Əsədə dəstək təklif edib. Hətta o zaman ərəb mediası Çinin Suriyaya elit hərbi birləşmə göndərəcəyi ilə bağlı yazırdı. Aralıq dənizində olan Çin gəmilərinin Suriyaya desant çıxarması o qədər də qeyri-real plan deyildi. Əlbəttə, Yaxın Şərqdə açıq tərəf tutmayan və bütün “cəbhələrlə” əlaqələrini qoruyub saxlayan Pekinin Bəşər Əsədə hərbi yardımının əsas səbəbi uyğur məsələsi də hazırda rəsmi olmayan məlumatlara görə Suriyanın müxaliflərin nəzarətində olan İdlib vilayətində 15 min nəfərdən çox uyğur yaşayır. “Türküstan İslam Partiyası” adlı təşkilatın ətrafında birləşən və əsasən radikal islamçı uyğurların İdlibdə ayrıca kəndlərdə yerləşdiyi və vilayətdə ən böyük 3-cü hərbi güc olduğu bildirilir. Çini isə uyğurların bir gün Sincana dönməsi faktı narahat edir. Sincan-Uyğur vilayətində böyük həbs düşərgələri yaradan Çin hökuməti zorakı üsullarla uyğurları “radikalizmdən təmizlədiyini” iddia etsə də, bu müasir həbs düşərgələri dünyada böyük etiraz doğurub. Sincanda alovlanacaq etnik-dini münaqişə isə Çin üçün ağır nəticələr doğura bilər. Pekinin yuxarıda da qeyd etdiyimiz kimi, Yaxın Şərq “açılımının” arxasında dayanan səbəblərdən biri də uyğur faktoru idi. Məhz bu səbəbdəndir ki, Qərb mediası və hökumətləri uyğur məsələsində Çinə daha çox etiraz edir, nəinki müsəlman ölkələri.
İstənilən halda böyük layihələr özü ilə siyasi kataklizmlər gətirir. Məsələn, İraq Çinlə məlum iqtisadi anlaşmaları imzaladıqdan cəmi 10 gün sonra ölkə qarışdı və hələ də düzəlməyib. İran isə son 3 ildə ən azı 2 dəfə kütləvi etirazlarla çalxalanıb. Bu məsələdə konspirologiyaya çox yuvarlanmaq riskli olsa da, təcrübə onu göstərir ki, Çinin və onun müttəfiqi Rusiyanın Yaxın Şərqdə fəallaşması bölgənin “ənənəvi sahibləri” tərəfindən o qədər də xoş qarşılanmır. Bu isə o deməkdir ki, yaxın illərdə regionda kataklizmlər daha da artacaq və Yaxın Şərq böyük qüdrətlərin sui-qəsd savaşları meydanı olaraq qalacaq.
Kənan RÖVŞƏNOĞLU

Digər xəbərlər