"İraqda böyük bir türkmən tələbə hərəkatı mövcuddur"

  • 25.11.2024
  • 43 baxış

İraqın bölgələrində yaşayan türkmənlərlə tanışlıq layihəmiz davam edir. Bu dəfə İraq kürd muxtariyyətinin Süleymaniyyə vilayətində yaşayan türkmənlər haqda məlumat təqdim edəcəyik.

Qeyd edək ki, Süleymaniyyə əsasən kürdlər yaşayan bölgə kimi tanınsa da burada qədimdən türkmən tayfaları yaşayıb. Hazırda burada əvvəlki sayda olmasa da, türkmənlər yaşayır. Xüsusən də Süleymaniyyənin Kifri rayonunda türkmənlər çoxluqdadır. Yeri gəlmişkən, bir qədər əvvəl İraq kürd muxtariyyətində keçirilən parlament seçkilərində Süleymaniyyədən Kifri rayonundan türkmən əsilli Sezgin Muslih Alluş da iştirak edib.

Həmsöhbətlərimiz Sezgin Muslih Alluş və Türkməneli Tələbə və Gənclər Birliyi sədri Əhməd Türk Mehmetlə Süleymaniyə türkmənlərinin bugünkü vəziyyəti, Kifri rayonu türkmənləri və sonuncu seçkiləri dəyərləndirdik.

Əhməd Türk bildirdi ki, hazırda Süleymaniyyə vilayətində və Kifri rayonunda bir sıra türkmən təşkilat və dərnəkləri fəaliyyət göstərir. Bunlar İraq Türkmən Cəbhəsi Kifri vilayət təşkilatı, Türkmeneli Tələbə və Gənclik Birliyi Kifri bölgə təşkilatı, İraq Türkmən Cəbhəsi (İTC) Qadınlar Təşkilatının Kifri filialı, İraq Türkmən Müəllimlər Təşkilatının Kifri şöbəsi, İTC (TERT3) Türkməneli Kifri radiosu, İTC Mədəniyyət Mərkəzi Kifri filialı, “Şəhid Fatih Şakir” dispanseri və Türkmən Bayat tayfasıdır.

***

Qeyd edək ki, Kifri şəhəri İraqın ən qədim türkmən bölgələrindən biri hesab olunur. Birinci və ikinci dünya müharibələrindən sonra digər türkmən bölgələri kimi Kifri rayonunda da dəyişiklik baş verib, yerli türkmənlərin Kifridən üç böyük köçü baş verib. Bunlardan birincisi 1962-1970 baş verən köçürülmə, ikincisi 1991-ci ildə İraqın şimalında kürdlərin mərkəzi hökumətə qarşı qiyamı baş verdi və bunun nəticəsində Kifri şəhəri Şimal İraq Kürd Administrasiyasına birləşdirildi və türkmənlərin vəziyyəti daha da pisləşdi. Üçüncü köç isə 2014-cü ildə baş verdi, bu zaman Kifriyə həm də başqa millətlərin köçürülməsi qeydə alındı və proses hələ də davam edir. 2014-cü ildə bu yana İraqın şimal (kürd) regional idarəsi maddi cəhətdən tükənmiş, işsizlik artmış, xüsusilə də Kifri türkmənləri dövlət xidmətinə təyin edilməmiş. Nəticədə bu ərazidə türkmən əhalinin sayı sürətlə azalıb. Hazırda Süleymaniyyədə ümumi olaraq 5500 türkmən yaşayır ki, bunun da 4 min nəfəri Kifri türkmənləridir.

 

Süleymaniyyədə seçkilərdə türkmən namizədin qalib gələ bilməsinin səbəbinə gəlincə, həmsöhbətlərimiz burada kürd partiyalarının rolunu qeyd edir: “Məlum olduğu kimi, Şimali İraq regional idarəsi parlamentində daha əvvəl 111 yerdən 11-i azlıqlara, o cümlədən 5-i türkmənlərə ayrılmışdı. Ancaq 2024-cü il seçkilərində bilindiyi kimi, partiyaların şikayəti əsasında bu bölgü dəyişdi. Ümumilikdə regional parlamentin üzv sayı 100-ə endirildi, azlıqlara isə cəmisi 5 yer ayrıldı. Bunun da ikisi türkmənlərə verildi. Hazırda 1 yer Ərbildə, 1 yer isə Süleymaniyyədə türkmənlərə ayrılıb”.

Əhməd Türk deyir ki, Süleymaniyyədə, xüsusən də Kifridə türkmənlərin sayının çoxluğu sirr deyil. Bu səbəbdən də, İraq Türkmən Cəbhəsinin türkmənlərin əsas təmsilçisi olaraq qazanması şansı yüksək olub. Lakin seçkilərdə İTC-nin dəstəklədiyi namizədin qələbə çala bilməməsinin əsas səbəbi böyük kürd partiyaları oldu. Kürd partiyaları İTC-nin namizədi qalib gəlməsin deyə onun qarşısına 5 fərqli namizəd çıxardılar. Hədəf türkmənlərin səslərini parçalamaq idi.

Sitat: “Baxmayaraq ki, ümumi səsvermədə İTC-nin dəstəklədiyi türkmən namizəd, yəni Sezgin Alluş ən çox səs almasına baxmayaraq hakim partiyanın dəstəklədiyi namizəd 6 min səslə qalib oldu”.

Qeyd edək ki, son seçkilərdə Süleymaniyyədə Kifri rayonundan türkmən əsilli Necdet Nuri Mehmet seçkilərdə qalib gəlib.

 

Türkmən Tələbə Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verən Əhməd Türk İraqda türkmən tələbə hərəkatının 30 ildən çox yaşının olduğunu bildirdi: “Türkməneli Tələbə və Gənclər Birliyi bu istiqamətdə fəaliyyət göstərən ilk türkmən təşkilatı olaraq 1992-ci ildə ilk dəfə Ərbil və Kifri şəhərində Türkmən Tələbə Birliyi adı ilə fəaliyyətə başlayıb. 2003-cü ildə Bəəs rejiminin devrilməsindən sonra təşkilatın digər türkmən bölgələrində də yerli təşkilatları yaranmışdır.  Kərkük, Səlahəddin, Mosul, Təlafər və Diyala vilayət və rayonlarında güclü türkmən tələbə hərəkatı formalaşıb. Türkmən tələbə və gənclərini bir arada tutan bu birlik İraq Türkmən Cəbhəsinin dəstəyi və ilə fəaliyyətini davam etdirir”.

Həmsöhbətimiz deyir ki, Türkməneli Tələbə və Gənclər Birliyi türkmən tələbə qız və oğlanları birləşdirir. Əsas fəaliyyət sahəmizə Milli hədəflər bayraq, vətən, təşkilat, siyasət, dil və düşüncə birliyi, təhsil, tarix, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərir, kurslar, dərnəklər təşkil edir.

TTGB Kifri rayon təşkilatının əsas fəaliyyət sahəsi türkmən kimliyini qorunması, gənclərin milli hisslərlə yetişdirilməsi üçün fərqli sahələrdə işlər görülür: “1993-cü il noyabrın 3-də Kifri rayonunda Karaoğlan adlı ilk Türkmən məktəbi fəaliyyətə başlayıb. Bu məktəbə türkcə dərslər verilir, bu günə qədər çoxlu sayda türkmən gənci bu məktəbdən məzun olmuşdur. Məktəblərdə təhsilin inkişafı, şagirdlərin dərslik və ləvazimatla təminatından tutmuş, türkmən dili və mədəniyyətinin öyrədilməsinə qədər fərqli sahələrdə xidmətlərimiz var.

Bu gün Kifri rayonunda daha 3 Türkmən məktəbi var. Bunlar: Qönçə Gül ibtidai məktəbi, Karaoğlan orta məktəbi və Şəhid Mehmet Korkmaz liseyidir. Hər 3 məktəbdə dərs ləvazimatından tutmuş, kitablara qədər yardım və dəstəklərimiz davam edir.

Bundan başqa idman sahəsində TTGB-nin Yıldırım futbol və voleybol klubu var. bu komandalarımız yerli əhəmiyyətli yarışlarda iştirak edir. Bundan başqa illik masa tennisi və şahmat turnirlərimiz olur.

Mədəniyyət sahəsində də fəaliyyətlərimiz var. gənc şairlər üçün yazar kursları, türkmən tarixi, milli günlərimiz və şəhidləri anım mərasimləri, müxtəlif mövzularda seminar və konfranslarımız olur. Eyni zamanda əl işləri sərgiləri, musiqi kursları da təşkil edirik”.

Bəs hazırda türkmən camaatının hazırda hansı problemlər var? həmsöhbətlərimiz deyir ki, İraqda türkmənlərin tarixi çox qədim dövrə gedib çıxsa da, xüsusən də son 100 ildə türkmənlərə qarşı təzyiqlər artıb, türkmən kimliyinin yox olması üçün işlər görülüb.

Sitat: “1959, 1980, 1991 qətliamları və 2003-cü ildə Bəəs rejiminin devrilməsi dövründə çoxlu sayda türkmən lideri. Fəallar, nüfuzlu şəxslər və tayfa rəisləri şəhid olub. 2014-cü ildə İŞİD İraqın bir çox ərazilərini, o cümlədən türkmənlər yaşayan şəhərlərin bir çoxunu işğal etdi. bu zaman çoxlu sayda türkmən ev-eşiyini tərk etməyə məcbur oldu.

Hazırda türkmənlərin bir çox problemləri var. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.

1.     İraqda 3-cü sayca, kürd muxtariyyəti ərazisində isə 2-ci ən böyük etnik qrup olmasına rəğmən, türkmənlər hələ də mövcudluq uğurunda mübarizə aparır, təməl hüquqlarını əldə edə bilməyiblər.

2.     Körfəz müharibəsi və İraqın işğalından sonra İraqda hakimiyyət bölüşdürüldü, kürdlərə prezident postu, parlament sədri postu sünnilərə, baş nazir vəzifəsi isə şiələrə verildiyi halda türkmənlər bu bölgüdən kənarda qaldı.

3.     Təhsil sahəsində, o cümlədən, ana dilində ərəb və kürdlər hüquqlarını aldığı halda, türkmən dili sıxışdırıldı.

4.     Türkmən tarixini əks etdirən sənət və memarlıq əsərləri məhv olur və tarixdən silinir. Kərkük, Telafer, Mosul, Ərbil, Kifri və Diyala bölgələrində türkmən izləri sürətlə silinir. Xülasə, türkmənlərin hazırda çox ciddi problemləri var və eyni zamanda bizə qarşı çalışan çoxlu düşmənimiz də var.

Digər xəbərlər