Tramp Səudiyyə Ərəbistanını İsraillə barışdırmağa çalışır

  • 18.11.2025
  • 5 baxış

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İsraillə əlaqələrini normallaşdırmasını istəyir. Axios saytının iki amerikalı dövlət rəsmisinə istinadən bildirir ki, prezident Tramp bu barədə ötən ay Səudiyyə Ərəbistanı krallığının vəliəhdi Məhəmməd bin Salmana telefon danışığı zamanı ABŞ-ın Səudiyyə Ərəbistanından İsraillə münasibətləri normallaşdırmasını istəyib.

ABŞ prezidenti bunu Qəzzada müharibənin dayanması ilə əsaslandırır. Ancaq mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının İsraillə normallaşma ilə bağlı iki əsas şərti var.

1.      ABŞ və Səudiyyə Ərəbistanı arasında hərtərəfli təhlükəsizlik müqaviləsi imzalanması, bura Səudiyyə Ərəbistanında AES tikintisi də daxildir.

2.      Fələstin dövlətinin tanınması. 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ mediası Məhəmməd bin Salmanın noyabrın 18-də ABŞ-a səfər edəcəyi haqda xəbər yayıb. Krallığın əsas söz sahibi olan vəliəhdin Ağ Evdə prezident Trampla görüşəcəyi gözlənilir.

Bu görüşdə Ərəbistan-ABŞ təhlükəsizlik müqaviləsi və Qəzzanın taleyi kimi məsələlər müzakirə olunacaq. Görünür ki, əsas müzakirə mövzularından biri də Səudiyyə Ərəbistanı və İsrail arasında barışıq, yəni “İbrahim Razılaşması” olacaq.

Yeri gəlmişkən, bu günlərdə Ağ Evdə olan Suriya prezidenti də qeyri-rəsmi iddialara görə Trampla Suriyanın “İbrahim Razılaşmasına” qoşulmasını müzakirə edib. Hətta bəzi media orqanları Suriyanın İsraillə barışıq prosesinə gedəcəyini yazır.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Həmasın İsrailə qəfil hücumuna qədər Yaxın Şərqdə əsas müzakirə mövzusu Səudiyyə Ərəbistanının “İbrahim Razılaşması”, yəni İsraillə barışıq imzalayacağı ilə bağlı idi. Ancaq Həmasın hücumu bu prosesi pozdu. İndi isə Tramp İsraillə normallaşma önündə əsas maneə olan Qəzza müharibəsini dayandırdıqdan sonra ərəb ölkələrindən İsraillə barışmağı tələb edir.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı daha əvvəl də əsas şərt kimi hələ Bayden hökumətindən geniş hərbi əməkdaşlıq və AES tikintisinə razılıq tələbi şərtini irəli sürmüşdü. Ancaq Qəzza müharibəsi bu planı pozdu.

Maraqlıdır ki, bu gün ABŞ mediası Səudiyyə Ərəbistanına veriləcək F-35 qırıcılarının sirlərinin daha sonra Çinin əlinə keçə biləcəyi ilə bağlı “ehtimal” haqda yazıblar. Güman ki, İsrail lobbisi bununla Trampı Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişindən və F-35 satışından çəkindirməyə çalışır. Çünki indiki mərhələdə ərəblər İsraillə barışığa çətin qol qoysun.

 

Digər xəbərlər