Ərəb Liqası Qahirədə toplanır

  • 01.11.2024
  • 65 baxış

Misirin paytaxtı Qahirədə Ərəb Liqası üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə fövqəladə iclas keçirdi. İordaniyanın təşəbbüsü ilə keçirilən iclasın əsas mövzusu İsrailin UNRWA-nın fəaliyyətinin dayandırması barədə qərarı idi. 

Qeyd edək ki, BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və Dəstək Agentliyi (UNRWA) 1948-ci ildə yaradılıb. Təşkilat Fələstində və ətraf ölkələrdəki fələstinli qaçqınlara yardım və zəruri dəstəyi təmin edir. UNRWA-nın Qəzzada 12, ümumilikdə Yaxın Şərqdə isə 30 minə yaxın əməkdaşı mövcuddur. 

İsrail Qəzza sakinlərinə BMT yardımlarını nəzarət altına almaq üçün ötən ildən etibarən bu quruma qarşı kampaniya başladıb. İsrail UNRWA-nın 14 əməkdaşının 7 oktyabr hücumunda iştirak etdiyini iddia edərək təşkilatın fəaliyyətini məhdudlaşdırıb. Oktyabrın 29-da isə İsrail parlamenti Fələstin ərazisində UNRWA-nın fəaliyyətini dayandırması barədə qərar qəbul edib. 

BMT, Aİ, ABŞ və bir çox ölkələr İsrailin qərarını tənqid edib, qanunu geri çəkməyi tələb ediblər. Ancaq bu çağırışlar nəticə verməyəcəyi məlumdur. Lakin hətta nəticə versə belə, İsrail artıq uzun müddətdir ki, faktiki olaraq işğal ərazilərində, Qəzzada BMT yardım təşkilatının fəaliyyətinə imkan vermir. 

Əlbəttə, Qahirədə keçirilən toplantıdan ciddi bir qərar çıxacağı ehtimalı zəifdir. 

Çünki birincisi, toplantı Ərəb Liqasındakı təmsilçilər səviyyəsində keçirildi, daha ciddi qərarlar isə bir qayda olaraq dövlət başçıları və ya XİN rəhbərlərinin toplantısında qəbul olunur. 

İkincisi, ötən bir ildən çox müddət ərzində ərəb dövlətləri, hətta İsraillə diplomatik əlaqələrə malik Misir, İordaniya, BƏƏ, Mərakeş, Bəhreyn və Sudan kimi dövlətlər, eləcə də diplomatik əlaqələri olmasa da siyasi əlaqələri və təsir imkanları olan Səudiyyə Ərəbistanı ən azı atəşkəs və humanitar yardımın ötürülməsi üçün İsrailə təzyiq etməyib. 

Doğrudur, nəzərə almaq lazımdır ki, ərəb hakimiyyətləri, xüsusən də Səudiyyə, BƏƏ, Misir və İordaniya Həmas və Hizbullahı İsraildən daha böyük təhlükə olaraq görürlər və bu səbəbdən də onlar İsrailin Həmas və Hizbullahla döyüşməsindən məmnundurlar. Amma Qəzza, Fələstin və Livanda müharibə hər gün cinayətlərinin baş verdiyi, uşaqlar kütləvi şəkildə öldüyü bir vaxtda ərəb rejimlərinin ən azı Avropa dövlətləri qədər atəşkəs üçün çalışmmaması təkcə ərəblərin deyil, ümumiyyətlə, müsəlmanların faciəsi hesab oluna bilər.

Digər xəbərlər