“Livanda etnik və siyasi qruplar arasında ciddi bölünmə yoxdur”

  • 19.10.2024
  • 87 baxış

Livanda vəziyyət gərgin olaraq qalır. Artıq 3 gündür ki. İsrail ordusu Livanın cənub və şərq ərazilərini, o cümlədən, paytaxt Beyrutu bombalayır. İsrail bombardmanları nəticəsində 650-dən çox Livan vətəndaşı ölüb, 2 minə yaxın insan yaralanıb. Ölkənin cənub və şərq hissəsini 500 mindən çox insan tərk edib.

ABŞ və Fransa hökuməti Livanda 21 günlük atəşkəs təklifi irəli sürüb. İsrail mediasının yazdığına görə, baş nazir Benyamnin Netanyahu atəşkəs danışıqları üçün nazirlərdən birini ayırıb. Ancaq eyni zamanda İsrail tərəfi Hizbullahın atəşkəs təklifini rədd edəcəyi və müharibənin davamına ümid etdiyi bildirilir.

Hazırda Livandakı vəziyyət, müharibənin gedişi ilə bağlı məlumat almaq üçün Beyrutda yaşayan Livan Türk Kültür Dərnəyinin sədri, türkmən əsilli fəal Kamal Maksudla danışdıq.

K.Maksud bildirdi ki, hazırda Livanda bombardmanlar nəticəsində ağır humanitar fəlakət yaşanır. Dərnək sədrinin sözlərinə görə, cənub rayonları, o cümlədən Bəka vadisində İsrail bombardmanlarından qaçan əhali əsasən Beyruta yerləşir. Bu səbəbdən də paytaxtda sıxlıq yaşanır, qida və zəruri tələbat malları çatışmır.

Sitat: “Beyrutda hər yerdə qaçqınlar var. Xüsusən də məktəblər hamısı dolub. Elektrik enerjisi məhdudiyyəti əvvəldən də var idi, hazırda problemlər var. Ancaq internetin verilişində problem yoxdur. İndi əsasən yataq dəstləri, odeyal yoxdur. Qaçqınların çox olması səbəbi ilə satışda yataq ləvazimatları qalmayıb. Bundan başqa ərzaq məhsulları, qida və südə ehtiyac var. Cənubdan hamı köçüb”.

Livanda türkmənlər əsasən ölkənin şimalında yaşadığı üçün türkmən icmasının üzvləri arasında müharibədə zərər görən azdır. Yalnız ölkənin şərqində Bəka vadisində yerləşən kəndlərdə yaşayan türkmən əhali zərər görüb. Ancaq Kamal Maksud deyir ki, bu kəndlərin əhalisi hələlik evlərini tərk etməyib: “Bəka vadisində 5 kənddə türkmənlər yaşayır. Hazırda müharibədən ən çox zərər çəkən kəndlərdən biri olan Duris kəndində türkmənlər yaşayır. Bu kənddə türkmənlərlə yanaşı fərqli etnik və dini qruplar da yaşayır. Burada 1000 nəfərdən bir qədər çox türkmən yaşayır, onlar hələlik kəndlərini tərk etməyib”.

ABŞ, Fransa və bir neçə Avropa ölkəsinin atəşkəs təklifinə gəlincə, K.Maksud deyir ki, yerli əhali arasında atəşkəsin baş tutmasına ümid azdır.

Livanda Hizbullah və İsrail arasında gərginliyə digər siyasi və etnik qrupların qarşı çıxması barədə xəbərlər yayılır. Hətta Hizbullaha İsraillə qarşıdurmanı dayandırmaq çağırışının olduğu iddiaları var. Bu nə qədər doğrudur? Kamal Maksud deyir ki, bəzi siyasətçilər və ya partiyalar Hizbullahın geri çəkilməsini istəyir, ancaq bu sadəcə kiçik bir qrupdur və siyasi qruplar arasında gərginlik yoxdur: “Bəzi şəxs və siyasi qruplar Hizbullahın geri çəkilməsi tərəfdarıdır, başqa bir fikir ayrılığı yoxdur. Siyasi baxışlar fərqli olsa da, hazırda hər kəs qaçqınlara yardım etməyə çalışır”.

Kənan Rövşənoğlu

Digər xəbərlər