“İnkişaf Yolu”na yeni maneə

  • 13.05.2024
  • 116 baxış

İraq Hzbullah hərəkatı “İnkişaf Yolu” layihəsi ilə bağlı hökuməti tənqid edib. Təşkilatın sözçüsü Əbu Əli əl-Əskəri X şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, “İnkişaf Yolu” layihəsi ilə bağlı narahatlıq var. Bununla bağlı hökumətdən layihə işə düşməmişdən əvvəl şübhələri aradan qaldıracaq izahat tələb edib. 

Məsələ ondadır ki, “inkişaf Yolu” adlı nəqliyyat dəhlizi layihəsi üzərində iş 10 ildən çoxdur aparılır. Apreldə isə Türkiyə prezidentinin Bağdada səfəri zamanı İraq, Türkiyə, BƏƏ və Qətər hökumətləri arasında layihənin inşası ilə bağlı birgə bəyannamə imzalanıb. Güman edilir ki, 2029-cu ilə qədər layihə işə düşəcək. Bu layihə Fars körfəzindən yüklərin İraqın Bəsrə, Bağdad, Nəcəf, Kərbəla şəhərlərindən keçərək Türkiyəyə, oradan isə Aralıq dənizi vasitəsilə Avropaya çıxışını təmin edən ən qısa və optimal dəhlizlərdən biri hesab olunur. 

Bağdad və Ankara “İnkişaf Yolu”nun üzərində yerləşən PKK terror təşkilatına qarşı birgə mübarizə ilə bağlı razılaşma əldə edib. Ancaq indi Hizbullah bəyanatı göstərir ki, İraqda bu layihədən narahat olan başqa qruplar da var. 

İraq Hizbullahı İrana yaxın olması ilə bilinir və daha əvvəl də Türkiyəyə qarşı çıxışları olub. Xüsusən də Türkiyənin İraq ərazisində ordu saxlamasına etiraz edib. İndi də görünür ki, əsas etiraz Türkiyəyədir. Türkiyənin bu layihə vasitəsilə İraqda möhkəmlənməsi və hansı imtiyazları əldə etməsi silahlı qrupları narahat etməyə başlayıb. Həmçinin burada İran amilini də unutmaq olmaz. 

Təxminən bir ay sonra İraq Hizbullahının hökumət qarşısında sərt tələblər qoyması onu göstərir ki, bu mövzu yaxın zamanda Bağdad üçün ciddi başağrısına çevrilə bilər. Bunu aradan qaldırmaq üçünsə Bağdad iraqlı silahlı qruplarla dil tapmalıdır. Bu isə o qədər də asan deyil. Çünki son aylarda İraq Hizbullahı ilə hökumət arasında ciddi fikir ayrılıqları var. 

Yeri gəlmişkən, Hizbullah sözçüsü “İnkişaf Yolu” layihəsi ilə bağlı tələblə birlikdə eyni zamanda ABŞ ordusunun İraqdan çıxarılması prosesindəki hökumətin ləngliyini də tənqid edib. Üstəlik ABŞ bazalarına hücumlarla bağlı Bağdad və qruplaşma arasında gərginlik var. Bu isə o deməkdir ki, problem daha da dərinləşə bilər. 

Maraqlıdır ki, Ərdoğanın səfərindən əvvəl Bağdad gedən xarici işlər naziri Hakan Fidan İraq Hizbullahının da daxil olduğu Həşd-Şabi ordusu rəhbərliyi ilə görüşüb. Güman olunurdu ki, Fidan Həşd-Şabidən layihəyə dəstək alıb. Ancaq görünür ki, bəzi qruplarla dil tapmaq mümkün olmayıb.

Digər xəbərlər