İsrail ordusu Rəfaha quru əməliyyatı başlatdı. Şərqdən irəliləyən 162-ci diviziya və 401-ci zirehli briqadanın iştirakı ilə ordu qüvvələri Qəzzanı Misirlə ayıran sərhəd zolağını və yeganə sərhəd-keçid məntəqəsini ələ keçirib. Əməliyyat planından görünür ki, ordu şəhəri tamamilə mühasirəyə almaq və dinc əhalini çıxarıb Rəfahda Həmasa məxsus 4 taboru məhv etməyi planlayır.
İsrail ordusu Rəfah sakinlərdən şimal-qərbdə və Xan Yunis şəhərinin cənub-qərbində yerləşən 100 min nəfərlik çadır düşərgələrinə köçməyi tələb edib. Beynəlxalq təşkilatlar isə 1,3 milyon insanın sığındığı – Rəfahda müharibədən əvvəl 300 mindən bir qədər çox insan yaşayıb – şəhərdə fəlakət olacağı barədə xəbərdarlıq edib.
Maraqlıdır ki, dünən axşam saatlarında Həmas nəhayət atəşkəs planını qəbul edib. Daha əvvəl açıqlanan plana əsasən atəşkəs hər biri 40 gündən bir qədər çox olan 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə Həmasın əlində olan 33 israilli girov və əvəzində isə hər girova görə 50 fələstinli məhbus azad edilir.
İkinci mərhələ 42 günlük sükut dövründə İsrail hərbi qüvvələrini Qəzza zolağından çıxarır, nəhayət 3-cü 42 günlük mərhələdə isə cəsədlər dəyişdirilir və BMT, Misir və Qətərin nəzarəti altında bərpa prosesi başlayır. Həmçinin Həmas silahı buraxmağı öhdəsinə götürür.
Həmas atəşkəs təklifini qəbul etdikdən bir neçə saat sonra İsrailin Rəfaha əməliyyata başlaması o deməkdir ki, İsrail rəhbərliyi atəşkəsə getməmək üçün bu addımı atıb.
Netanyahu hakimiyyəti anlayır ki, əgər atəşkəs təklifini qəbul edib hərbi əməliyyatları dayandırarsa, Həmas müharibədən sağ çıxacaq və üstəlik tərəf kimi qəbul olunaraq Qəzzada hakimiyyətini qoruyub saxlayacaq. “Tam qələbəyə qədər vuruşmaq” sözü vermiş Netanyahu anlayır ki, müharibəni bu şəkildə bitirməsi onun və ümumiyyətlə, İsrailin radikal sağının sonu olacaq. Bu səbəbdən də Vaşinqtonla konfrontasiyaya getmək bahasına olsa da, Rəfah əməliyyatını başlatdı.
Rəfah əməliyyatı yeni kütləvi insan tələfatı riskini artırmaqla yanaşı, müharibəni qeyri-müəyyən vaxta qədər uzadır. Bu gün müharibənin 7 ayı tamam olur, ancaq İsrail hələ də Qəzzada tam nəzarəti ələ keçirə bilməyib, zolağın mərkəzində hələ də İsrail ordusunun girə bilmədiyi nöqtələr qalır.