İran-İsrail gərginliyi ərəb hakimiyyətlərini çətin vəziyyətdə qoyur

  • 18.04.2024
  • 94 baxış

Sosial şəbəkələrin ərəb seqmentində İsraili dəstəkləyən ölkələrin dövlət başçılarına qarşı ciddi tənqidlər yağıb. Xəbər verildiyi kimi, İordaniya hərbi qüvvələri ölkə hava məkanına daxil olan İran raket və dronlarını vurub, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə bu əməliyyat zamanı İsrailə kəşfiyyat dəstəyi verib. 

Əsas tənqid hədəfi isə İordaniya olub. İordaniya əhalisinin yarıya qədərini fələstinlilər təşkil edir və bu ölkədə Fələstin mövzusuna həssas münasibət var. İordaniyanın İsrailə dəstəyi media və sosial şəbəkələrdə o qədər güclü olub ki, hökumət rəsmi açıqlama yaymağa məcbur olub. Daha sonra isə İran mediasında dərc olunan yazılara görə İranın Əmmandakı səfiri İordaniya XİN-ə çağırılaraq xəbərdarlıq edilib. 

Region ölkələrindən yalnız Türkiyə İsraili qınayaraq baş verən gərginliyə İsrailin İranın Dəməşqdəki səfirliyinə hücuma etməsinin səbəb olduğunu bəyan edib. Prezident Ərdoğan bu hərəkətinə görə hökumət başçısı Netanyahunu sərt şəkildə tənqid edib. 

İraq hökumət başçısının hazırda Vaşinqtonda səfərdə olmasını nəzərə alsaq, Bağdadın indiki məqamda tərəf tutması gözlənilmir. Əlcəzair hökuməti isə İsraili tənqid edib. 

Aydın məsələdir ki, ərəb aləmində İrana münasibət birmənalı deyil, ancaq mövzu Fələstin və Qəzza müharibəsi olduğu üçün bəzi ərəb dövlət başçılarının İsrailin yanında yer alması onlara qarşı ciddi etirazlara səbəb olub. O da məlumdur ki, indiki halda bu hadisələr hər hansı kütləvi etirazlara və ya gərginliyə səbəb olmayacaq. Ancaq məsələn, son həftələrdə Qəzzaya humanitar yardım çatıdılması üçün ciddi siyasi-diplomatik cəhdlər edən kral Abdullahın imici üçün ciddi zərbə olacaq. 

Ümumilikdə Qəzza müharibəsi regionun ərəb hakimiyyətləri üçün Qərb və İsraillə müttəfiqlik mövzusunda ciddi sınağa çevrilib. Ərəb hakimiyyətləri İsrail və Qərblə siyasi-hərbi müttəfiqlik və aşağıdan xalq arasında Fələstin məsələsindəki həssaslıq arasında çətin seçim qarşısında qalıb. İranın son İsraillə gərginliyi isə bu situasiyanı daha da qəlizləşdirir.

Digər xəbərlər