İran seçkiləri başa çatdı - bundan sonra nə olacaq?

  • 25.03.2024
  • 318 baxış

İran Keşikçilər Şurası (Şurayi-Negahban) martın 1-də keçirilən seçkilərin nəticələrini təsdiqləyib. İslam Respublikası qanunvericiliyinə görə, ölkədə qəbul olunan qanunlar, eləcə də seçkilərdə iştirak edəcək namizədlər və həmçinin seçkinin nəticələrini məhz Keşikçilər Şurası təsdiq etdikdən sonra qüvvəyə minir. 

Şuradan verilən məlumata görə, 12-ci çağırış parlament seçkiləri ilə bağlı 31 vilayət üzrə 189 seçki dairəsində nəticələr təsdiqlənib. Daha əvvəl mübahisəli olan 19 dairədə seçkinin nəticələri təsdiqlənib. Ancaq Ekspertlər Şurası (Xubreqan) seçkiləri ilə bağlı bütün vilayətlərdə nəticələr təsdiqlənib. 

Beləliklə İran siyasətinin mühafizəkar qanadı növbəti müddətdə parlament və Ekspertlər Məclisinə nəzarəti əlində saxlayacaq. Güman ki, ciddi sensasiya baş verməsə gələn il keçiriləcək prezident seçkilərində hazırkı prezident, mühafizəkarların namizədi İbrahim Rəisi yenidən seçiləcək. 

Daxildə iqtisadi və sosial problemlər qalsa da, son iki ildə dünyada baş verən böhranlar səbəbi ilə İran neft və qaz satışını böyük həcmdə artırıb, üstəlik Ukrayna müharibəsi səbəbi ilə Rusiya, Yaxın Şərqdəki vəziyyət səbəbi ilə Çinlə daha da yaxınlaşıb. Xüsusən də son 5 ay ərzində Yaxın Şərqdə baş verənlər İranın mövqelərini gücləndirib. İran Proxy qüvvələri İraq, Suriya və Livanda ABŞ və İsrail ordusuna qarşı hücumları artırıb, Yəmən husiləri Qırmızı dəniz ticarət yolunu faktiki olaraq bağlayıb. Hətta Qərb mediası ABŞ-ın husilərə təsir etməsi üçün İranla gizli danışıqlar apardığını yazıb. 

Təbii ki, ənənəvi İran siyasi kombinasiyasına əsasən, münaqişələrin xaricdə baş verməsi daxildəki sabitliyin təminatıdır. Bu mənada hazırda regiondakı hərbi-siyasi vəziyyət İran üçün əlevrişlidir. Bu mənada ölkə daxilində ciddi kataklizmlər gözlənilmir. 

Lakin İslam hökuməti qarşısında iki əsas çətinlik var. Birincisi, 85 yaşlı dini liderin əvəzlənməsidir. Hər nə qədər tabu mövzu olsa da, son illərdə artıq nüfuzlu din xadimləri də hazırkı dini liderin xələfi haqqında danışmağa başlayıb. Təbii ki, hər kəs bu prosesin elə də asan olmayacağını anlayır. Ancaq yeni dini lider seçimi belə demək olar ki. hazırkı dini liderin həyatının sona çatmasına bağlıdır. Bu mənada riskli olsa da zaman var. 

İkinci ciddi problem, nəsillər dəyişikliyidir. Son illərdə İran İslam hakimiyyətini ən çox təhdid edən mövzu inqilabdan sonra dünyaya gəlmiş, İran-İraq müharibəsini görməmiş gənc nəsildir. Bunların arasında İslam hakimiyyətinin dayaqlarının nəvələri də var. Bu gənclər həddən artıq Qərb mədəniyyəti təsiri altında olan, Qərbə heyran olan, dini elitanı məhdudiyyətlərin səbəbi olaraq görən aqressiv qrupdur. Son illərdə İran rejimini silkələyən bütün aksiyaların aparıcı qüvvəsi məhz bu qrup olub. Belə demək olar ki. “atalar və oğullar (həm də qızlar)” mövzusu hazırda islamçıları ən çox narahat edən mövzulardan biridir. Hətta etnik münaqişələr belə rejimi gənclər qədər narahat etmir. Ən pisi odur ki, bu problemin faktiki olaraq həlli yoxdur.

Digər xəbərlər