Ərdoğan 11 ildən sonra yenidən Misirdə

  • 14.02.2024
  • 101 baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, fevralın 14-də Misirə rəsmi səfər etdi. Bu, 2013-cü ildə Misirdə baş verən çevrilişdən sonra Türkiyə dövlət başçısının bu ölkəyə ilk səfəridir. Ərdoğan sonuncu dəfə baş nazir kimi 2012-ci ildə Qahirəyə səfə edib. 2013-cü ildə baş verən çevrilişdən sonra isə iki ölkə münasibətləri kəskin şəkildə pisləşib. Hətta Türkiyə dövlət rəhbərliyi Misir prezidenti haqqında kəskin fikirlər səsləndirib, hər iki ölkə səfirləri geri çağırıb.

Ancaq son illərdə iki ölkə arasında yaxınlaşma müşahidə olunub. Xüsusən də Liviya böhranı və Aralıq dənizinin şərh hissəsində neft-qaz ehtiyatlarının işlənməsi və Avropa bazarına çıxarılması mövzusu iki ölkəni yaxınlaşdıran əsas faktorlar sırasındadır. 

Elan olunan rəsmi səfər proqramına əsasən Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə ikitərəfli əlaqələr, münasibətlərin inkişaf mexanizmlərinin yaradılması, Qəzzadakı müharibə, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. 

Yeri gəlmişkən, bir neçə gün əvvəl xarici işlər naziri Hakan Fidan bildirib ki, Misir Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) ilə maraqlanır. Səfər zamanı PUA satışı da müzakirə olunacaq. Son illərdə sürətlə silahlanan Misirin Türkiyə dronları ilə maraqlanması normaldır. 

Səfərin əsas mövzusu heç şübhəsiz ki, Qəzza müharibəsi və onun regionda yaratdığı yeni siyasi şəraitdir. Məlumdur ki, Qəzzada müharibəyə səbəb olmuş. ərəb-İsrail barışığı həm də regiona yeni bir siyasi-iqtisadi sistem gətirməyi nəzərdə tuturdu. Hindistandan yüklərin Avropaya daşımasını nəzərdə tutan Ərəbistan yarımadasından İsrailə çıxan İMEC layihəsi regionun iki mühüm nəqliyyat ölkəsi olan Türkiyə və Misiri kənarda qoyurdu. Digər tərəfdən, hazırda davam edən müharibə bir tərəfdən Misirin ərəb dünyasındakı imicini zədələməklə yanaşı, digər tərəfdən, Qırmızı dənizin bağlanması ilə Misirin gəlirlərinin ciddi şəkildə azalması ilə nəticələnib. Başqa sözlə, Misir və Türkiyə Həmas-İsrail müharibəsi və regiondakı son proseslərdən ən çox təsirlənən ölkələrdir. Başqa sözlə, indi bu iki ölkəni həm də tale yaxınlaşdırır. Çünki körfəz ölkələri və Səudiyyə Ərəbistanının apardığı siyasət göstərir ki, onlar hazırkı vəziyyətdən o qədər də narahat deyil və yaranmış vəziyyətdən ən az “zədə almaqla” çıxmağa çalışırlar. Misir və Türkiyə isə faktiki olaraq aktiv proseslərdən kənarda qoyulmaqla yanaşı, həm də yaranmış yeni şəraitin ağırlığını çəkməyə məhkum edilib.

Digər xəbərlər