Qəzzada körpülər yanır?

  • 14.02.2024
  • 166 baxış

Taleyin istehzasıdır ki, Yaxın Şərqdə yeni il iki min ildən çox dövr ərzində olduğu kimi, nəticələrin həlledici olacağı hadisələrlə yadda qalıb. Hər 3 hadisə İran və onun təsiri altında olan və Tehran tərəfindən “müqavimət oxu” adlandırılan ərazilərdə baş verib. Hər 3 hadisənin bir ortaq məqsədə xidmət etdiyi açıq hiss olunurdu. Bu barədə bir qədər sonra...

Yanvarın 2-də HƏMAS Siyasi Bürosu sədrinin müavini Saleh Aruri Livanın paytaxtı Beyrut şəhərində, Hizbullahın “qalası” olaraq bilinən Dahiyə rayonunda pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində öldürülüb. Aruri sui-qəsdi ilə bağlı bütün işarələr İsraili göstərsə də, Təl-Əviv rəsmi olaraq məsuliyyəti üzərinə almadı, baxmayaraq ki, bəzi israilli rəsmilər açıq şəkildə bunu etiraf etdilər.

Əl-Aruri sui-qəsdindən bir gün sonra isə İranın şərqində Kirman vilayətinin eyniadlı mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds briqadasının komandiri, 2020-ci il yanvarın 3-də amerikalılar tərəfindən öldürülmüş general Qasim Süleymaninin ölümünün ildönümü münasibətilə təşkil olunan mərasimdə törədilən terror aktı nəticəsində 84 nəfər öldü, 284 nəfər isə yaralandı. İlk gün hadisənin məsuliyyətini öz üzərinə götürən olmasa da, yerli rəsmilər İsrailə işarə etdilər. Lakin iki gün sonra İŞİD açıqlama yayaraq hadisənin məsuliyyətini üzərinə götürdü.

Daha sonra, yanvarən 4-də isə ABŞ-nin İraqın paytaxtı Bağdad şəhərində “Nucəba” hərəkatının qərargahını vurması nəticəsində hərəkatın 12-ci briqadasının komandiri və Bağdad əməliyyat qərargahının rəis müavini Əbu Təqva əs-Səidi (əsl adı Müştaq Talib əs-Səidi) öldürüldü. Əbu Təqva həmçinin qrupun İraq və Suriyadakı terror hücumlarının əsas aktoru, “raket taborunu”nun komandiri olub. “Nucəbə” İrana yaxın silahlı qruplardan biri hesab olunur. Xatırladaq ki, HƏMAS-ın İsrailə hücum etdiyi dövrdən, yəni oktyabrın 7-dən bəri İraq və Suriyadakı silahlı qruplar bu iki ölkədəki ABŞ hərbi bazalarına 115-dən çox raket və PUA hücumu həyata keçirib.

Hər üç hücum müxtəlif ölkələrdə və müxtəlif şəxslər tərəfindən həyata keçirilsə də, onların ortaq hədəfi İranın özü və ya bölgədə Tehrana müttəfiq olan qüvvələr idi. Əsas odur ki, hər üç hadisə Tehranı Yaxın Şərqdə müharibəyə cəlb etmək prosesinə xidmət edir. İsrail-Livan sərhədində gərginliyin artması fonunda Beyrutda əl-Aruriyə hücumu ciddi təxribat adlandırmaq olar. Bu hücumun təşkilatçıları Hizbullahı daha da qəzəbləndirmək istəyir, onu İsrailə hücuma məcbur etməyə çalışırdılar. Axı əl-Aruri Hizbullahın nəzarətində olan ərazidə öldürülüb.

Bağdad hücumunun müəllifi isə ABŞ-dir. Maraqlıdır ki, 3 aydır İraq və Suriyadakı bazalarına olan hücumlara səbr göstərən Vaşinqton məhz yanvarın 4-də iraqlı silahlı qrupları cəzalandırmağa qərar verdi. Aydın məsələdir ki, Vaşinqtonda da yaxşı bilirlər ki, bu hadisə Tehran və onun müttəfiqlərini ABŞ-yə qarşı cavab addımlarına sövq edəcək.

Nəhayət, Kirmandakı terror aktı. Hədəf olaraq Kirmanın seçilməsi simvolik əhəmiyyət kəsb edir. Qasim Süleymani İranın Yaxın Şərqdəki əməliyyatlarının əsas müəlliflərindən biri olub və İraqın paytaxtında ABŞ ordusu tərəfindən öldürülüb. İran bu şəxsi Yaxın Şərqdə ABŞ və onun müttəfiqlərinə qarşı müqavimətin əsas siması, İŞİD-ə qarşı mübarizənin aparıcı komandiri hesab edirdi. Onun ölümünün ildönümündə məzarını ziyarətə gedənlərin hədəfə alınması Tehranı qisasa təhrik etməyə xidmət edirdi.

Lakin Tehran hələ ehtiyatlı davranır. Gözlənilənlərin əksinə, İran hakimiyyəti baş verənlərə təmkinli reaksiya verib. Baxmayaraq ki, bir sıra hökumət rəsmiləri, parlament üzvləri hadisəyə görə İsraili ittiham edib və sərt cavab veriləcəyini bildiriblər. Ancaq ölkə rəhbərliyi təmkinli açıqlama verərək müharibə ehtimallarının üzərindən xətt çəkib. Lakin aydın məsələdir ki, iranlılar bu hücumun kimin tərəfindən törədildiyini bilir və qisas almağa çalışacaqlar.

 

Qəzza sınağı

Hər nə qədər rəsmi Tehran HƏMAS-ın 7 oktyabr hücumunda birbaşa iştirak etmədiyini desə də, faktiki olaraq yaranmış yeni gərginlikdə tərəf kimi çıxış edir. HƏMAS-a siyasi, hərbi və maliyyə dəstəyi ilə yanaşı, İran həm də açıq şəkildə anti-İsrail cəbhəsində yer alıb. Tehranın Yaxın Şərqə yayılmış proksi gücləri İraq, Suriya, Livan və nəhayət Yəməndə, yəni Qırmızı dənizdə ABŞ və İsrailə qarşı fəaliyyətə keçib.

Tehranın bu fəallığı təkcə Vaşinqton və Təl-Əviv üçün deyil, regionun bir sıra ölkələri üçün də ciddi problemlər yaradır. Xüsusən də ötən il başlayan ərəb-İran barışığı fonunda bu, daha çox nəzərə çarpır. İranın İslam Əməkdaşlıq Təşkilatının ötən ilin noyabrında Ciddədə keçirilən toplantısında müsəlman ölkələrini İsrailə qarşı daha sərt addımlar atmağa səsləməsi, İraq və Suriyada silahlı qrupları ABŞ hərbi bazalarına hücumlar təşkil etməsi və husilərin Qırmızı dənizdə gəmilərin hərəkətini məhdudlaşdırmaq cəhdi Misir, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ kimi ölkələrin birbaşa maraqlarını təhdid edir. Xüsusilə, husilərin gəmilərə son hücumları iqtisadiyyatının çox hissəsini Süveyş kanalından əldə edilən gəlirlər hesabına formalaşdıran Misirə əhəmiyyətli zərbə olub. O cümlədən, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr husilərin İsrail ərazilərini vuran raket və dronlarından ciddi narahatdırlar. Çünki bu ölkələr də həm də uzun müddətdir ki, Yəməndə husilərə qarşı hərbi əməliyyatlar aparıb.

Qəzza müharibəsi sonrası baş verənlər göstərib ki, İran proksi gücləri vasitəsilə Yaxın Şərqdə ciddi hərbi gücə sahib olub. Bu güc xüsusilə Fələstin münaqişəsi kimi həssas mövzularda region ölkələri üçün başağrısına çevrilə bilər. Çünki ərəb ölkələrinin passiv, daha çox atəşkəs çağırışı və qınaq bəyanatları fonunda ABŞ və İsrailə qarşı hücumlar həyata keçirən İran dəstəkli qüvvələr daha çox diqqət cəlb edir və xalq arasında rəğbət toplayır. Onların fonunda isə İsraillə barışığın bir addımlığında olan ərəb hakimiyyətləri az qala düşmən kimi görünür. Bu mənada indi İranın apardığı xətt təkcə ABŞ və İsraili deyil, həm də son bir ildə münasibətləri qaydaya salmağa çalışdığı Səudiyyə Ərəbistanı, BƏƏ, Misir kimi ölkələrlə münasibətləri risk altında qoyur.

 

İran böyük müharibəyə girəcəkmi?

Qeyd etdiyimiz kimi, ilin əvvəlində baş verən hər üç hadisənin ortaq cəhəti onların İranı böyük müharibəyə doğru sövq etmək məqsədi idi. Çünki Tehranın hər 3 hücumdan birinə özü və ya tərəfdaşları (oxu: Hizbullah) tərəfindən cavab verməsi regionu böyük müharibəyə sürükləyə bilərdi. Belə görünür ki, hansısa qüvvələr Tehranı ABŞ və İsraillə həlledici müharibəyə cəlb etmək istəyir. Ancaq aydın məsələdir ki, Tehran rəhbərliyi buna getmək istəmir.

Birinci səbəb odur ki, İranla müharibə İsrailin maraqlarına cavab verir. Regionda yeni müharibə ocağı İsrail üçün diqqəti Qəzzadan yayındırmaq və ən əsası əzəli rəqibi İranı sıradan çıxarmaq üçün bir fürsət olar.

İkincisi, İranla müharibə Tehranın regionda təklənməsi, İsrail və ABŞ-NATO koalisiyası qarşısında yalnız qalmasına səbəb ola bilər. Çünki regionda İranın məğlub olmasını istəyən yalnız İsrail deyil və bunu Tehranda da çox yaxşı bilirlər.  

Bu səbəbdən də, Tehran təmkinli davranmağa, ABŞ-İsrail tandeminə böyük müharibə fürsəti verməməyə çalışır. Hətta indiki halda Hizbullahın İsraillə müharibəyə cəlb olunması nə Tehranın, nə də Hizbullahın maraqlarına cavab verir. Çünki Livanın siyasi qüvvələri İsraillə böyük müharibə istəmir və bunun olmaması üçün Hizbullaha dəfələrlə xəbərdarlıq edib. Lakin aydın məsələdir ki, ilk hücum edən tərəf İsrail olarsa, o zaman vəziyyət dəyişəcək. Təl-Əviv Livanı hədəf alacaqsa, Hizbullah həm ölkə daxilində, həm də xaricdə mövqelərini gücləndirəcək. Onun müqavimət göstərmək qabiliyyəti genişlənəcək və İsrail təcavüzkar kimi daha da böyük tənqidlərə məruz qalacaq. Üstəlik, Hizbullahın məhdud hərbi imkanlarını nəzərə alsaq, İsrailə hücum ona qələbə vəd etmir.

Bu səbəbdən də, indi həm ABŞ və İsrail, həm də İran və müttəfiqləri ilk hücum edən tərəf olmaq istəmir, hər kəs ilk addımı qarşı tərəfin atmasını gözləyir.

 

Ərəb ölkələri üçün risk

Status-kvonun bu şəkildə davam etməsi ən çox regionun ərəb ölkələri üçün risklidir. Qəzzada amansız müharibənin və humanitar böhranın davam etməsi fonunda ABŞ-İsrail ikilisinə təsir edə bilməyən ərəb ölkələri eyni zamanda “aşağıdan” ciddi xalq tərəfindən təzyiqlə üz-üzədir. Çünki xalq hakimiyyətlərdən daha qəti addımlar tələb edir. Fələstin məsələsinə az qala ölüm-qalım mövzusu kimi baxan ərəb ölkələri xalqları getdikcə hökumətlərə daha çox təzyiq göstərir.

Digər tərəfdən, İran və müttəfiqlərinin (proksi qruplar) aramsız olaraq ABŞ və İsrail mövqelərinə hücumları, Tehranın sərt addım çağırışları region ərəb dövlət başçıları üçün getdikcə daha çox başağrısına çevrilir. Üstəlik, dinc dövrdə populyar olan ərəb ümmətçiliyi və dini-məzhəb təəssübkeşliyi şüarları əhəmiyyətini itirir. Başqa sözlə, müharibə həm də yenidən formalaşmaqda olan münasibətlər sistemini təhlükə altında qoyur.

Bu mənada 2023-cü il 7 oktyabrdan sonra regionda baş verənlər yeni həssas bölgü yaradıb. Ancaq cizginin hansı xətlər üzərindən keçəcəyini Qəzzadakı müharibə təyin edəcək.

Digər xəbərlər