Üfüqdə Suriya savaşının bitəcəyini göstərən işarətlər var. Hər halda indi nüfuzlu sahə ekspertləri bu fikirdədir. Görünən odur ki, böyük dövlətlər, xüsusən də Suriyadakı əsas oyunçular – ABŞ və Rusiya müharibənin bitməsinə necə deyərlər, qol qoyurlar. Əlbəttə, bunu bəsit şəkildə Rusiya-ABŞ razılaşması adlandırmaq sadəlövhlük olardı, amma ümumi mənzərə budur ki, hər iki ölkə mövcud vəziyyətlə barışır.
Antaliyada ABŞ, Rusiya və Türkiyə baş qərargah rəislərinin növbəti görüşü bir mənada bunun təsdiqidir. Ümumi mənzərə isə belədir ki, Rusiya Suriya hökuməti üzərində təsirini qoruyub saxlayır, hərbi qüvvələri ilə birbaşa döyüş əməliyyatlarında iştirak edir. ABŞ isə kürdlərin yanında dayanır və onların vasitəsilə Suriyanın şimalında hazırda böyük bir bölgəyə faktiki nəzarət edir. Hərbi aviasiyanın davamlı dəstəyindən başqa ABŞ ordusunun 500, bəzi məlumatlara görə, 1000 hərbçisinin Suriyanın şimalındakı kürd bölgəsinə yerləşdirilməsi Vaşinqtonun mövqeyini açıq şəkildə büruzə verir.
Suriya münaqişəsinin bundan sonra hələ neçə il davam edəcəyi bəlli deyil. İllərlə də davam edə bilər. Ancaq artıq mahiyyət etibarı ilə Əsədin devrilməsinin günlərlə hesablandığı, Dəməşqin hansı gün süqut edəcəyi mərhələsi geridə qalıb. Hətta sui-qəsdlə belə Bəşər Əsəd öldürülsə, hakimiyyət və ya Suriyadakı mövcud dövlət sistemi yerində qalacaq. Necə deyərlər, kritik zaman artıq keçib.
Türkiyə dövləti hazırda Azad Suriya Ordusu adı ilə özünün formalaşdırdığı hərbi birləşmələrlə birlikdə 2 min kv.km-dan bir qədər böyük əraziyə nəzarət edir. Eyni zamanda Türkiyəyə simpatiya bəsləyən, əlaqələri olan silahlı qrupların da nəzarət etdiyi bölgələr hələ qalır.
ABŞ və Rusiya baş qərargah rəsilərinin türkiyəli həmkarları ilə birgə toplantı keçirməsi Türkiyəni mövcud vəziyyətlə barışdırmaq cəhdi ilə yanaşı, Suriya üzərində ciddi təsiri olan ölkə olması faktının etirafı idi. Amma Türkiyə Suriyada daha böyük təsirə malik olmaq qüdrətində bir ölkədir. Ankara Suriya üzərində Vaşinqton və ya Moskvadan, hətta yerdə qalan ərəb ölkələrindən daha böyük təsir imkanına malik idi. Amma indiki mənzərə heç də bunu əks etdirmir.
Məsələ ondadır ki, Türkiyə tarixi ənənə, yəni, Osmanlı zamanı irsinə görə Suriyaya ciddi təsir imkanına sahibdir. Bundan başqa, coğrafi yaxınlıq, etnik bağlar, hətta sərhədin o tay-bu tayında qohumların yaşaması və 900 kilometrlik sərhəd kimi faktorlar Türkiyənin Suriya üzərindəki ciddi təsirinin simvolu idi. Və ən əsası. Türkiyənin təbii diasporu olan türkmən əhali.
Suriyanın mərkəzindən Homs şəhəri və ətrafı, Livan sərhədləri və ordan Hələb də daxil olmaqla Hatay vilayətinə qədər böyük bir ərazidə 2 milyona yaxın türkmən əhali yaşayır. Daha doğrusu müharibə başlayana qədər yaşayırdı, amma indi onların böyük hissəsi öz yurd-yuvasını tərk edərək xarici ölkələrə mühacirət edib. Amma münaqişənin ilk vaxtlarında türkmənləri bir araya gətirib onların siyasi və hərbi təşkilatlarının qurulması, daha sonra türkmənlərin kompakt yaşadığı bölgədə ən azı bir və iki kantonda (Suriyada vilayət adı – K.R) türkmən muxtariyyəti yaratmaq mümkün idi. Bunun üçün kifayət qədər zaman da oldu, ancaq Ankara ayrıca türkmənlərin deyil, ümumilikdə suriyalıların təşkilatlanması, silahlanması prosesində iştirak etdi. Doğrudur, hazırda Azad Suriya Ordusu kimi silahlı qruplaşmalarda böyük sayda türkmən silahlıları var. Ancaq əsas hədəf, yəni Suriyanın şimalında kürd muxtariyyətinə qarşı türkmən muxtariyyəti kartı Türkiyənin əlindən çıxmış kimi görünür. Çünki bunun üçün lazım olan vaxt gedib. Bu gün Vaşinqtonun ən azından oynadığı kürd kartına qarşı sağlam bir türkmən bölgəsi yaradılsaydı, indi həm bölgədə ciddi bir dayaq, həm də ciddi bir əks-arqument ola bilərdi. Çünki indi söhbət Suriyada kürdlərə muxtariyyətin verilməsindən gedir.
Doğrudur, indi Ankara Türkiyədə yaşayan 3 milyona yaxın suriyalını gələcəkdə Suriyada və bütövlükdə Yaxın Şərqdə gələcək təmsilçisi olaraq görür. Ancaq bu, daha çox uzaq perspektiv üçün düşünülən və reallaşma ehtimalı az olan bir sosial fəaliyyətdir. Ancaq Suriyada türkmən əhalinin muxtariyyət əldə etməsi əsrdə bir dəfə ələ düşə biləcək fürsət idi. Təəssüf ki, o da böyük ölçüdə qaçırıldı.