Amerikan zərbələri husiləri necə legitimləşdirir

  • 16.01.2024
  • 93 baxış

ABŞ Prezidenti Co Bayden Yəmənə qarşı əməliyyatı İrana “yaxşı hazırlanmış mesaj” adlandırıb. Bu barədə o, şənbə günü jurnalistlərə bildirib. 
Ancaq region üzrə ixtisaslaşmış ekspertlər Bayden qədər optimist deyillər. Əksinə, bir çoxları düşünür ki, bu hücum husilərə faydalı olub. Çünki Vaşinqton gəmiləri İranla əlaqə olan qrupun hücumlarından qorumağa söz verdiyi bir vaxtda, gərginlik daha da artırıb.
Doğrudur, ABŞ və Britaniyanın zərbələri nəticəsində husilərə məxsus bir neçə Hava Hücumundan Müdafiə Sistemi, raket və dron buraxılış mərkəzləri dağıdılıb. Lakin bu zərbəlrə husilərin hərbi qabiliyyətini məhv etməyib, əksinə, Yəmən ordusu ölkə ərazisində kəşfiyyat uçuşu aparan Amerikaya məxsus MQ-9A Reaper PUA-sını vurub. Həmçinin Qırmızı dənizdə ticarət gəmilərini yenidən atəşə tutub və tutmaqda davam edəcəyini elan edib.
Ən mühümü isə ABŞ və Britaniyanın bombardmanlarının husiləri legitimləşdirməsidir. Məsələ ondadır ki, 2014-cü ildə Yəmənin paytaxtı Səna şəhərini ələ keçirərək yeni hökumət quran husiləri faktiki olaraq heç bir dövlət tanımayıb. Üstəlik 2015-ci ilin martın 26-da Səudiyyə Ərəbistanının qurduğu 10 ölkədən ibarət hərbi koalisiya BMT-nin mandatı ilə husilərə qarşı müharibə aparıb və hazırda S.Ərəbistanının dəstəklədiyi devrilmiş Yəmən hökuməti liman şəhəri Ədənə nəzarət edir. 
Ancaq son bombardman təkcə ərəb dünyasında deyil, bütövlükdə dünyada husiləri tərəf olaraq tanıtdı. Ən əsası ərəb ölkələri açıq ifadə etməsələr də, husilərin İsrailə görə Qırmızı dəniz gəmi nəqliyyatını dayandırmasından məmnundur. Məhz bu səbəbdən Səudiyyə Ərəbistanı və BƏƏ kimi uzun illər husilərlə savaşmış ölkələr ABŞ-ın husilərə qarşı yaratdığı koalisiyaya qoşulmadı. Başqa sözə, bu hücum husiləri Yəmən hakimiyyəti olaraq tanınmağa doğru ciddi bir addım oldu.

Digər xəbərlər