Myanmanın şimal-qərbində, Banqladeşlə sərhəd əyaləti Arakanda (rəsmi adı Rakhine – K.R) yaşayan müsəlman rohingya xalqına qarşı ayrı-seçkilik, düşmən münasibət 70 ildən çoxdur davam edir. Hələ 1940-cı illərdə Myanma müstəqil olmamışdan əvvəl Rohinja müsəlmanları təşkilatlanaraq müstəqillik mübarizəsi başladıb. Və o zamandan başlayaraq yerli buddist inanclı xalqla müsəlmanlar arasında ilk münaqişələr baş verib. II dünya müharibəsi zamanı Myanma ərazilərini yaponlar işğal edir və bu zaman etnik münaqişə daha da böyüyür. 1946-cı ildə isə arakanlılar yeni qurulmuş Pakistan dövlətinə müraciət edərək onlara birləşmək istədiklərini bildirirlər. Daha sonra isə Arakanda təşkilatlanan Rohinja müsəlmanları Birma hakimiyyətindən muxtariyyət tələb etsələr də, bu istək rədd edilib və baş qaldıran bir neçə müsəlman hərəkatı Birma ordusu tərəfindən yatırılıb.
Beləliklə, Myanma (keçmiş adı Birma – K.R) hakimiyyəti və müsəlman rohinjalılar arasında münaqişənin səbəbi, necə deyərlər, tarixdən gəlir. Müsəlmanların muxtariyyət tələbləri də hər dəfə Myanma hökuməti tərəfindən amansızcasına yatırılıb. Məsələ ondadır ki, hazırda 800 min nəfərə yaxın olan rohinjalıların bir çoxu hələ də vətəndaşlıq ala bilməyib. Ölkə əhalisinin 4 faizini təşkil edən və əksəriyyəti Arakan bölgəsində yaşayan müsəlmanları Myanma hökuməti gəlmə (ötən əsrin ortalarında ingilislər tərəfindən Benqaldan köçürülmüş – K.R.) hesab edir. Ancaq bəzi ehtimallara görə, rohinjalılar müsəlmanlaşmış yerli xalqdırlar.
II dünya müharibəsi sonrakı başlayan və 1960-cı illərə qədər davam edən Arakan müsəlman üsyanları zamanı silahlı müsəlmanlar uzun müddət Birma-Banqladeş sərhəd bölgəsinə əllərində saxlayıblar. Ancaq daha sonra əlavə qüvvələr yeridən hökumət üsyanı yatırıb və müsəlman liderlərini əksəriyyətini məhv edib.
1962-ci ildə Birmada hərbi çevrilişə qədər artıq əksər arakanlı müsəlman üsyançı ya məhv edilib, ya da hökumətə təslim olub. Bu məsələdə Pakistan hökumətinin də xüsusi rolu olub. Banqladeşdə baş verən vətəndaş müharibəsindən təsirlənən və həm də silah əldə edən arakanlı müsəlmanlar yenidən fəallaşıb 1971-74-cü illərdə hökumətə qarşı silahlı müqavimət həyata keçirib. Ancaq 1974-cü ildə müsəlmanlar yenidən məğlub olub və bir çox üsyançı Banqladeşə qaçıb. Bu hadisə Birmada ilk silahlı islamçı hərəkat olub.
Meydana islamçılar gəlir
Ancaq Birma hökuməti baş verən cihad hərəkatına görə yerli xalqa qarşı amansız davranıb. Banqladeşlə sərhədi nəzarətə alan Birma ordusu on minlərlə müsəlmanı evindən didərgin salıb. Çoxlu sayda günahsız insan öldürülüb. Bu hadisələr müsəlmanlar arasında mərkəzi hökumətə qarşı nifrəti daha da artırıb. 1974-cü ildə qurulmuş Rohinja Vətənpərvərlər Cəbhəsi bu səbəbdən sürətlə populyarlaşmış. 1980-ci illərdə isə Rohinja Həmrəylik Təşkilatı qurulur və Məhəmməd Yunisin rəhbərlik etdiyi təşkilat dünya müsəlman cihadçı təşkilatları yaxından əməkdaşlıq etməyə başlayır. 1986-cı ildə isə Arakan Rohinja İslam Cəbhəsi adlı təşkilat qurulur. Hər iki təşkilat həmin vaxt Əfqanıstanda davam edən cihad hərkatı ilə yaxından əməkdaşlıq edib. Daha sonra isə arakanlı cihadçı qruplara əl-Qaidənin təlim keçməsi haqqında materiallar mediaya yol tapıb.
1992-ci ildə Birma və Banqladeş arasında başlayan sərhəd gərginliyi toqquşmalara çevrilir və bunun nəticəsində 1992-ci ilin aprelində 250 min nəfər arakanlı müsəlman Banqladeşə köçməyə məcbur edilir. Bu hadisədən sonra müsəlman ölkələri Birmaya qarşı sərt etiraz etmiş. Hətta Səudiyyə Ərəbistanı şahzadəsi Xalid Sultan Əbdüləziz Birmaya qarşı koalisiya qurulub müharibə elan edilməsini təklif edib. Ancaq bu təklif və çağırışların hamısı söz olaraq qalıb. Əvəzində isə 1998-ci ildə Rohingiya Həmrəylik Təşkilatı və Arakan Rohingiya İslam Cəbhəsi “Rohinja Milli Şurası” adı ilə birləşib. Bu təşkilatın hərbi qanadı “Rohinja Milli Ordusu” adlı təşkilat qurulub.
Birma hökuməti və bəzi “Wikileaks” sənədlərində bu qruplaşmaların əl-Qaidə və Talibanla əlaqələri haqqında iddialar ortaya atılıb. Məhz bu amil də müəyyən zaman Arakan müsəlmanlarına qarşı basqılara Qərbdə göz yumulması ilə nəticələnib. Ən son olaraq 2012-ci ildə yerli buddist qadının müsəlman gənclər tərəfindən təcavüzə məruz qalması iddiası etnik münaqişəni alovlandırıb. Cinayətdə ittiham olunan 3 nəfər həbs olunsa da, Myanmadakı yerli millətçi qruplar bundan müsəlmanlara qarşı zorakılıq üçün istifadə ediblər. baş verən toqquşmalarda 90-a yaxın müsəlman ölmüş, 2500 ev yandırılmış və 90 min nəfər sürgün olunmuşdur. Həmin ilin avqustunda Arakan müsəlman liderləri Şimali Arakanda “Rahmanland İslam Respublikası” elan edirlər.
Bundan sonra toqquşmalar və gərginlik daha da artmış, sonrakı bir ildə 50-dən çox müsəlman ordu tərəfindən qətlə yetirilmişdir. Bundan başqa, yerli Buddist rahiblər müsəlmanlara qarşı zorakılıq çağırışları etməyə başlayıb. Sonrakı illərdə Myanmada müsəlmanlara qarşı buddist rahiblərin başçılıq etdiyi buddist silahlı hərəkatı başladı. “696 Hərəkatı” adlı buddist hərəkatın lideri “Buddistlərin bin Ladeni” adı verilən Aşin Vişu müsəlmanları açıq şəkildə hədəfə alan çıxışları ilə “məşhurlaşıb”. Yəni tədricən Myanma hadisələri milli nifrət, dini düşmənçilik mahiyyəti almağa başlayır. Hər il minlərlə müsəlman Arakanı tərk edərək başqa ölkələrə, o cümlədən, İndoneziya, Malayziya, Banqladeşə qaçır. Banqladeş hökuməti bir neçə dəfə arakanlıları geri qaytarsa da, bu münaqişənin həll yolu görünmür. Hətta hökumət Arakan müsəlmanlarına ikidən artıq uşağının olmasına qadağa qoyub. 2017-ci ilin martında açıqlanan BMT hesabatına əsasən Myanmarda ordu və polis müsəlmanlara qarşı “insanlıq əleyhinə cinayət” aparılır. BMT məruzəçisi Yanghee Lee durumun günü gündən pisləşdiyini bildirib.
Ən maraqlısı da odur ki, uzun illər həbsdə yatan və Nobel sülh mükafatı almış dissident siyasi lider, hazırda Myanma hökumətinə rəhbərlik edən Aunq San Suu Kyi ötən il münaqişənin həlli üçün vaxt istəsə də, bu il BMT hesabatına münasibət bildirmək istəməyib.
Müsəlmanların faciələri Nobel mükafatlı baş nazirə niyə sərf edir?
Bura qədər olanlar bir faktı təsdiq edir: Arakan xalqı son 70 ildə öz ana yurdlarında zülm görür, elementar haqlarını əldə edə bilmir və davamlı zorakılığın təsiri ilə qaçmağa, başqa ölkələrə sığınmağa məcbur olur. Myanma dövləti qurulduğu ildən bu yana müsəlmanlara bərabər münasibət göstərməyib. Eyni zamanda müsəlmanların bütün tipik etnik azlıqlarda olduğu kimi muxtariyyət və ya qonşu ölkəyə (Daha əvvəl Pakistan) birləşmək çağırışları separatizm kimi qiymətləndirilərək cəzalandırılıb.
Arakanda Qurban bayramı öncəsi yenidən gərginlyin artması və bu hadisələrin dünya mediasında sürətlə yayılması sualının cavabı isə hələ ki çox dərindədir. Daha doğrusu, ortada bir neçə versiya vardı. Birincisi, Arakan bölgəsində zəngin neft-qaz yataqlarının kəşf olunması və bölgədən keçən Çin enerji xəttidir. Bəzi iddialara görə, müsəlmanların köçürülməsi məhz bu enerji layihələri ilə bağlıdır.
İkinci versiya Çinə qarşı təzyiq siyasətidir. Məsələ ondadır ki. Pekin son illərdə sürətlə “açılım” siyasəti aparır, Afrikada və Yaxın Şərqdə iqtisadi, siyasi və hərbi iştirakını artırır. Çin bu prosesdə Rusiya ilə bir yerdədir və Amerikaya, yəni Qərb blokuna qarşıdır. Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Myanma Çinin “yumşaq qarınaltısıdır”. Burada başlayan silahlı münaqişələr Çinin də “başını bölgədə” qatacaq.
Daha bir maraqlı detal Myanmada son olaraq hökumət qüvvələrinə hücum edərək gərginliyin artmasına səbəb olmuş ARSA hərəkatının rəhbərinin Səudiyyə Ərəbistanı ilə bağlarıdır. ARSA islamçı hərəkatının lideri ayatullah Əbu Amar Cununi arakanlı olsa da, Məkkədə doğulub, ər-Riyadla bağları var. Dolayısı ilə Arakan olaylarının içərisində həm də Səudiyyə Ərəbistanı var. Bəzi ekspertlərə görə, Arakandakı son hücumlar “böyük enerji yataqlarına nəzarət uğrunda savaşın” bir hissəsidir. Məsələ ondadır ki, bölgədə enerji bazarını Çin, o cümlədən Britaniya və Fransa şirkətləri idarə edir. İndi isə bölgədə Çinin nüfuzunu qırmaq və Amerika şirkətlərinin əraziyə daxil olması siyasəti aparılır. Yeri gəlmişkən, Britaniya Ticarət və Sərmayə Departamentinin hesabatına görə, Myanmada 3,2 milyard barel neft və 16 trilyon kubmetr qaz ehtiyatı var.
Arakanda müsəlmanlara qarşı məqsədli soyqırım siyasəti və prosesləri cihad müharibəsinə çevirmək kursu başqa bir nüansı ortaya qoyur. Məlum olduğu kimi, artıq 55 ildir ki, ölkəni Çinə yaxın olan hərbi xunta idarə edir. Dünya ölkələrinin basqıları nəticəsində xunta güzəştə gedərək Nobel mükafatlı Aunq San Suu Kyi ilk seçkiləri qazanıb və hazırda ölkə hökumətinə rəhbərlik edir. Baş nazir qərbyönümlü olsa da, prezident və güc nazirlikləri, yəni hərbi xunta hələ çox güclüdür və Çinin təsiri altındadır. Yəni dolayısı ilə Myanmada dini zəmində gərginliyin baş qaldırması, bunun silahlı cihad hərəkatına və bütün dünya müsəlmanlarının dəstəklədiyi savaşa çevrilməsi və nəticədə hərbi xuntanın zəifləməsi, Çinin böyük nüfuz (Yaxın Şərqdə və Afrikada Pekinə müsəlmanlarla dost olması lazımdır – K.R) və güc, pul itirməsi, nəhayət, Myanma hakimiyyətinə nəzarəti əldən verməsi ilə nəticələnə bilər. Bu isə Nobel mükafatlı qərbyönümlü baş nazirə çox sərfəlidir. Bir mənada Aunq San Suu Kyi bir daşla iki deyil, daha çox “quş” vurmuş olur: bölgədəki müsəlmanların soyqırıma məruz qalıb qovulması, mövcud Çinyönümlü xunta rejiminin devrilməsi, bölgədə yeni enerji və yatırım fəaliyyətləri üçün imkanları açılması.
Maraqlıdır ki, məhz buddistlər və müsəlmanlar arasında toqquşmalar, hökumət qüvvələrinin zorakılıqları və kütləvi işgəncələri nəticəsində Arakan bölgəsi sürətlə boşalır. Bu savaşın nəticəsində daha çox arakanlı Myanmanı tərk edəcək, çoxlu sayda insanlar öləcək, milli və dini ədavət daha da dərinləşəcək.
Nəticə etibarı ilə etnik və dini münaqişələrin sərhədi indi daha da genişlənir. Görünən odur ki, məqsəd heç də arakanlı müsəlmanların problemlərinin köklü həlli deyil, əksinə, nifrəti daha da qızışdırmaq, bölgədə yeni savaş meydanı yaratmaqdır. Bu prosesin sonu Arakan müsəlmanları üçün müsbət nəsə vəd etmir. Növbəti ölkədə dini və etnik münaqişə ölkə daxilində siyasi qüvvələrin mübarizəsi, böyük mənada qlobal güclərin rəqabəti və nəhayət, sərmayə savaşına alət edilir.
Kənan Rövşənoğlu