Serial "müharibələri"

  • 19.12.2023
  • 222 baxış

Əslində bilavasitə bu yazının qələmə alınmasına səbəb olan son hadisə olmasaydı, məqalənin adını “Türkiyənin serial gücü” qoymaq daha uyğun olardı. Çünki hazırda ABŞ-dan sonra dünyada ən çox serial ixrac edən ölkə statusunu əlində saxlayan Türkiyə planetin 140 ölkəsinə serial ixrac edir və serial ixracatı sənayesi qardaş ölkəyə ildə 350-400 milyon dollar gəlir gətirir. Ən əsası isə ölkə reklam ediлиr. Bu haqda bir qədər sonra. İndi isə bu yazıya, yəni əslində başlığa səbəb olan hadisə barədə.

 

“Atəş krallığı”

Noyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən MBC TV kanalında “Atəş кrallıqları” çoxseriyalı filmin ilk seriyası efirə gedib. Ancaq serial efirə getdikdən dərhal sonra ərəb mediasında və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ondadır ki, BƏƏ-də ekranlaşdırılan 40 milyon dollarlıq büdcəsi olan film Türkiyə, yəni Osmanlı İmperiyasını hədəfə alır. Serialın əsas süjet xətti Misir Məmlüklərinin son günləri və 16-cı əsrdə Osmanlı İmperiyası ilə aparılan müharibədir. Tarixdən məlum olduğu kimi, 1516-cı ildə Misir Məmlük dövləti ilə Osmanlı arasında müharibə başlamış və bu müharibə 1517-ci ilin fevralında Sultan Səlimin qalib kimi Qahirəyə daxil olması ilə başa çatmışdır. Bundan sonra Misir və eləcə də Yaxın Şərqin böyük hissəsi 400 il ərzində Osmanlı İmperiyasının tərkibində olmuşdur.

14 seriyalı “Atəş кrallığı” filmi məhz bu dövrü, Məmlük Sultanlığının son illəri, Osmanlı ilə savaşları ekrana gətirir. Ancaq əlbəttə ki, günün siyasi konyунkturуna uyğun olaraq anti-türk ovqatında. Təbii ki, bu səbəbdən də, filmdə türklər, yəni osmanlılar filmdə qəddar, amansız düşmən obrazıнda təqdim olunur. Qəribə də olsa Məmlük Sultanlığı da türk dövləti olub. Yəni ərəblərin indi ekranlaşdırdığı hadisə iki türk sülaləsinin savaşıdır. 1250-1517-ci illərdə mərkəzi Misir olmaqla Yaxın Şərq və Şimali Afrikanın bir qisminə hakimlik edən Məmlüklər Əyyubilər dövründə kölələrdən formalaşdırılmış ordunun əsgərlərinə verilən addır. Daha sonra Əyyubi sülaləsini devirərək hakimiyyəti ələ keçirən Məmlüklər uzun bir dövrdə bölgəyə hakimlik edib. 1258-ci ildə monqol Hülakülər dövlətinin Bağdadı ələ keçirib Abbasi xilafətinə rəsmən son qoymasından sonra xilafət statusu Bağdaddan Qahirəyə aparılır və 1517-ci ilə qədər burda qalır. Yəni Abbasi xilafətindən sonra faktiki olaraq İslam xilafəti Qahirədə, yəni Məmlüklərdə olub. 1517-ci ildə Sultan Səlimin Qahirəni ələ keçirib Məmlük dövlətinə son qoymasından sonra isə xilafət rəsmi olaraq Qahirədən İstanbula – Osmanlıya keçir və 3 mart 1924-cü ildə Türkiyədə xilafətin ləğv olunmasını nəzərdə tutan qanun qəbul olunana qədər Osmanlıda qalır.

 

Siyasətdən ekrana türk-ərəb rəqabəti

İndi isə yenidən qayıdaq “Atəş krallığı”na. Məlum olduğu kimi, MBC TV əsas səhmləri Səudiyyə Ərəbistanına məxsus ərəb regionunda ən populyar TV şəbəkələrindən biri hesab olunur. 17 seriyadan ibarət filmin sponsoru da Səudiyyə Ərəbistanı krallığıdır. 40 milyon dollarlıq büdcəsi olan serialda təsirli vizual effektlər, böyük müharibə səhnələri yer alır. Filmin rejissoru “Girl with a Pearl Earring” (Mirvari sırğalı qız), “Hannibal Rising” (Hannibalın yüksəlişi) və “Emperor” (İmperator) kimi tanınmış filmlərin rejissoru olmuş Peter Vebberdir. Baş rolda isə misirli aktyor çəkilir.

Əslində yuxarıda qeyd olunanlar, yəni filmi ərsəyə gətirən ölkələrin siyahısı mənzərəni aydınladır. Səudiyyə Ərəbistanının vəsaiti ilə BƏƏ-də misirli aktyor heyəti (Misir ərəb dünyasında film sənayesində ən qabaqcıl ölkələrdən biri hesab olunur – K.R.) tərəfindən lentə alınan ekran əsərinə etiraz isə “qarşı cəbhədən” gəlib. Qətər “Əl-Cəzirə” telekanalı bu filmi “türklərin tarixinin təhrif olunması” kimi təqdim edib. Əslində, son cümlə hər şeyi açıqlayır.

Məsələ ondadır ki, Türkiyə və Qətərin Yaxın Şərqdəki ittifaqına qarşı 2013-cü ildə Misirdə hərbi çevrilişin dəstəklənməsi ilə faktiki olaraq Misir-BƏƏ-Səudiyyə Ərəbistanı birliyi yarandı. Daha sonra Bəhreyn də bu birliyə qoşulacaqdı. Məsələ onda idi ki, Türkiyə və Qətərin ərəb ölkələrində inqilabların aparıcı qüvvəsi olan “Müsəlman Qardaşlar” Hərəkatının dəstək verməsi bu hərəkata qarşı olan və ya onun hədəfində olan ölkələrdə narazılıqla qarşılandı. Bu narazılıq ən bariz formada Misirdə özünü büruzə verdi. Sonrakı illərdə isə daha da dərinləşdi. 2017-ci ildə 4 ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreynin Qətərlə əlaqələri kəsib embarqo elan edəndə Dohanın yanında dayanan ilk ölkə Türkiyə oldu. Ankara hələ də Qətəri dəstəkləyir. Ancaq eyni zamanda “qarşı cəbhə” ilə Türkiyə arasında münasibətlər korlandı. Və bu zaman ilk dəfə məhz populyar MBC telekanalı efirindən Türkiyə seriallarını yığışdırdı.

MBC telekanalı 2008-ci ildən etibarən Türkiyə seriallarını efirə verir. 2018-ci ildə isə kanal “qiymətlərin baha olmasını əsas gətirərək Türkiyə seriallarının yayımını dayandırıb. Kanal ərəb seriallarının 40-100 min dollar arasında dəyişdiyini, Türkiyə seriallarının isə 250 min və daha yüksək qiymətə olduğunu açıqlayıb. Lakin kifayət qədər populyar olan türk seriallarının yayımdan çıxarılmasının əsas səbəbi Qətər böhranı və soyuyan münasibətlər olduğu hər kəsə aydın idi.

Türkiyənin xaricə ixrac etdiyi seriallardna əldə etdiyi 350 milyon dollar gəlirin təxminən üçdə biri ərəb ölkələrindən əldə olunurdu. Bunun əsas hissəsi isə MBC-də idi. Telekanal 24 ölkədə 18 telekanalla təxminən 140 milyon izləyiciyə malikdir. 2007-ci ildə “Gümüş” serialı ilə ərəb tamaşaçılarına təqdim olunan türk serialları 2009-cu ildə “Asi” serialı ilə yayım rekordu əldə edib.

İndi isə MBC 10 illik əməkdaşlıqdan sonra Türkiyəni hədəfə alan serialla efirini doldurmağa çalışır. Təbii ki, bunun da altında siyasi məqsədlər, regional rəqabət var.

 

Türkiyənin “yumşaq gücü”

Hazırda dünyanın 140 ölkəsində Türkiyə serialları yayımlanır. Qardaş ölkə ABŞ-dan sonra serial ixracına görə ikinci yerdədir. Hətta serial sənayesini dünyaya tanıdan Latın Amerikası ölkələri, o cümlədən Meksika Türkiyədən serial idxal edir. İllik 350 milyon nağd gəlir gətirən türk serialları həm də mədəni, iqtisasi, siyasi reklam silahıdır.

Türkiyə serialları ilk dəfə 1981-ci ildə TRT kanalında yayımlanan “Aşk-ı memnu” serialının Fransada yayımlanması ilə ölkə xaricinə çıxıb. Sonrakı illərdə, xüsusən də son 15 ildə sektor ciddi şəkildə inkişaf edib. Hazırda türk seriallarını planetdə 650 milyon insan seyr edir.

Yeri gəlmişkən, Türkiyədə bu günə qədər Osmanlı İmperiyasından bəhs edən 15 serial çəkilib. Bunların içərisində “Möhtəşəm yüz il”, “Paytaxt Əbdülhəmid”, “Diriliş Ərtoğrul” kimi seriallar dünyanın bir çox ölkəsində rekorda nail olmuş, böyük tamaşaçı rəğbəti qazanmış seriallardır.

Türkiyənin serial sektoru hazırda həm maddi, həm də mədəni, təbliğat sahəsində ölkəyə böyük fayda verir. Tarixi abidələr, iqlim və günəşli dənizi səbəbindən böyük turizm potensialı olan Türkiyə bir çox ölkələrdən məhz seriallar sayəsində çoxlu sayda turist cəlb edir, qədim və zəngin mədəniyyətini, şanlı tarixi keçmişini tanıdır. Bu mənada hazırda serial sektoru Türkiyə dövlətinin ciddi dəstək verdiyi sahələrdən birinə çevrilib.

 

Yekun əvəzi

Əlbəttə, BMC telekanalının 17 serialı “Atəş krallığı” Türkiyənin serial sənayesi ilə rəqabət aparacaq gücdə deyil. Ancaq o da aydındır ki, bu layihənin arxasında siyasət dayanır. Osmanlının son illərində 19-cu əsrin sonlarından başlayaraq ərəb dünyasında başladılan əks-təbliğatın davamıdır. Bir sıra ərəb ölkələrində hələ də Osmanlıya görə Türkiyəyə qarşı gizli bir soyuqluq var. Və bu soyuqluq zaman-zaman siyasi münasibətlərdən asılı olaraq özünü büruzə verir. İndi də məhz soyuqluq dönəmi yaşanır.

Lakin istənilən halda ərəb ölkələrinin bu məsələdə Türkiyəyə qarşı arqumenti zəifdir. Üstəlik, tarix və siyasət üzərindən aparılan bu cür kampaniyalar bir qayda olaraq uğursuzluğa məhkumdur.

Hələliksə Yaxın Şərqdə bu günə qədər davam edən siyasi, ideoloji, dini-məzhəbi və digər mövzularda rəqabətə daha bir yenisinin əlavə olunmasına şahidik. Kino isə mövcud olduğu dövrdə hər zaman ideoloji silah kimi istifadə olunub.

Digər xəbərlər