
Bazar günü Suriyanın cənubunda druz azlığın kompakt yaşadığı Suveyda
vilayətində başlayan silahlı toqquşma daha da alovlanıb. Bu gün artıq yerli qəbilələrin ölkənin müxtəlif bölgələrindən topladığı 50 mindən çox silahlı Suveydaya doğru yola çıxıb.
Suveyda vilayətinin eyni adlı mərkəzinə daxil olan Suriya
hökumət qüvvələrini bombalayan İsrail ordusu iyulun 16-da Suriyanın paytaxtı Dəməşqdə
ordu qərargahını və prezident sarayının ətrafını bombalayıb.
Suriya Səhiyyə Nazirliyi Dəməşqdə baş verən partlayışlar nəticəsində
3 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını açıqlayıb. Bir qədər əvvəl
Suriya əhalisinə müraciət edən keçid dövrü prezidenti Əhməd əş-Şara bildirib
ki, o, yerindədir və ölkəsini müdafiə edəcək.
Hadisələrin alovlandığı Suveyda şəhərində isə toqquşmalarda ölənlərin
sayı 300 nəfəri keçib. İyulun 15-də Suveyda şəhərinə daxil olan Suriya hökumət
qüvvələri atəşkəs elan etsə də, axşama doğru şəhərdə vəziyyət dəyişib. İsrail
ordusu Suveyda-Dəməşq yolunu və yolda irəliləyən Suriya ordusu texnikasını
bombalayıb. Axşam isə yenidən hücuma keçən druz silahlıları şəhərin nəzarətini ələ
keçirib. Bu gün səhər yenidən atəşkəs xəbəri yayılsa da, belə görünür ki, şəhərdə
döyüşlər davam edir.
Məlum olduğu kimi, hadisə bazar günü Suveyda vilayətində yaşayan bədəvi
ərəb qəbilələrindən olan şəxslərin yerli druzlara hücumu ilə başlayıb. Hadisənin
kökündə isə məzhəb ayrılığı dayanır. Radikal dini şüarlarla başlayan gərginlik
tezliklə silahlı toqquşmaya çevrilib və Dəməşq əraziyə hərbi qüvvə göndərib.
Ancaq hadisələr bundan sonra daha da qızışıb. Çünki druz icması elan edib ki, Dəməşqin
göndərdiyi qüvvələr radikal islamçı bədəviləri müdafiə edir. Baş verən döyüşlərdə
18 hökumət əsgəri öldürülüb, bir neçə hərbçi isə əsir götürülüb.
Hadisələrin bu şəkli alması İsrailin müdaxiləsi ilə nəticələnib. Təl-Əviv
iyulun 15-də Suveyda və ətrafını, 16-da isə Dəməşqi bombalayaraq Suriya
hakimiyyətinə xəbərdarlıq mesajı verib. İsrail hökuməti bəyan edib ki, Dəməşqə
atılan bombalar Əhməd əş-Şara hökumətinə xəbərdarlıqdır, qüvvələri Suveydadan
geri çəksin. İsrail dövlət rəhbərliyi “müttəfiqi” druzları müdafiə etməyə davam
edəcəyini bildirib.
Əlbəttə, Suriyada druz kartı İsrail üçün xüsusi əhəmiyyət kəsb edir.
İsraildə ciddi sayda druz icması var və onlar İsrail cəmiyyətinə inteqrasiya
olunub. İsrail ordusunun elit Colani briqadası druzlardan təşkil olunub.
İsrailin baş naziri Netanyahu məhz druz əhaliyə xitab edərək Suriyadakı əməliyyatlara
legitimlik qazandırmağa çalışıb.
Lakin ən önəmlisi İsrail druzları Suriya ilə İsrail arasında bufer
zona olaraq görür. Aprel və mayda baş verən gərginlikdən sonra İsrail mediası Təl-Əvivin
druzların Suriyada muxtariyyət əldə etməsi üçün 1 milyard dollar ayırdığı haqda
xəbərlər verirdi. İsrail hakimiyyəti anlayır ki, Dəməşqin yeni islamçı hakimiyyətindən
ehtiyat edən druzların yeganə sığınacağı İsraildir. Qeyri-sabit Suriyada cənub
rayonlarında druz gücünün olması İsrail üçün təbii bufer rolunu oynayacaq.
Çünki İsrail ordusu Bəşər Əsədin devrilməsindən sonra Suriyanın cənubundan
geniş ərazilər ələ keçirib və Dəməşqdən cənuba doğru əraziləri “təhlükəsizlik”
zonası elan edib.
Başqa sözlə, Suriya hakimiyyətinin Bakı danışıqlarında İsrailin Colan
təpələri və digər işğal olunmuş ərazilərdən imtina etmək təklifini rədd etməsindən
sonra İsrailin Suriya hökumətini bombalaması gözlənilən idi.
Lakin məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, Suveyda hadisələrini
druzlar deyil, ətrafda yaşayan radikal dinçi qəbilələr başladıb. Üstəlik ABŞ-ın
vasitəçiliyi ilə Suriya-İsrail barışıq prosesinin başladığı bir vaxtda.
Doğrudur, Bakı danışıqları nəticəsiz oldu, lakin hər kəsə aydındır ki,
Suriya-İsrail barışıq prosesinin əsl müəllifi Tramp hökumətidir. Vaşinqton
Livan və Suriyanı “İbrahim sazişinə” qoşmağa çalışır. Bu barədə bir qədər əvvəl
ABŞ-ın Türkiyədəki səfiri, livan əsilli Tomas Barrak açıqlama verib.
Suriyanın prezidenti Əhməd əş-Şara da apreldə Səudiyyə Ərəbistanında
ABŞ prezidenti ilə görüşdən sonra İsraillə normallaşmaya hazır olduğunu elan
etmişdi. Çünki bu halda Suriya ABŞ və Avropa İttifaqının Suriyaya qarşı
sanksiyalarını ləğv edəcəyi, Dəməşqə iqtisadi dəstək verəcəyi haqda vəd
almışdı. Məhz ər-Riyadda Trampla görüşdən sonra ABŞ Maliyyə Nazirliyi Suriya
dövlətinə qarşı Əsəd dövründə tətbiq olunan sanksiyaları ləğv etdi. İki həftə əvvəl
isə ABŞ Dövlət Departamenti Əhməd əş-Şaranın sədri olduğu “Heyət Təhrir əş-Şam”
– HTŞ-ni terror təşkilatı siyahısından çıxardı (Əhməd əş-Şara özü terrorçu
siyahısından yanvarda çıxarılmışdı - K.R.). Yəni görünüşdə Vaşinqtonun planı
işləyirdi, Suriya İsraillə barışığa gedir, əvəzində ABŞ və Aİ Suriyaya qarşı
sanksiyaları ləğv edir.
Məsələnin daha bir maraqlı tərəfi isə ötən həftənin cümə günü
Suriyanın şimal-şərqində kürdlərlə yerli ərəb qəbilə silahlıları arasında gərginliyin
baş verməsidir. Cümə günü mediada kürdlər və yerli ərəb qəbilələri arasında
toqquşma xəbəri yayıldı, bazar günü isə eyni formada yerli ərəb qəbilələri ilə
bu dəfə druzlar arasında toqquşma baş verdi.
Bu iki hadisə və Suriya ətrafında baş verənləri ümumi analiz etdikdə
iki mümkün versiya ortaya çıxır.
1-cisi, baş verənlər Suriya hakimiyyətinin özünün planladığı, ölkənin
birlik və bütövlüyü üçün ciddi risk daşıyan kürd və druz separatizminə qarşı
yerli tayfalar vasitəsilə təzyiq edir, ardınca isə Suriya hökuməti işə qarışıb
sabitliyi bərpa edir. Nəzəri olaraq Suveydada oxşar ssenari oldu. Yerli qəbilələr
təxribat yaratdı, ardınca Suriya ordusu işə qarışaraq dekabrdan bu yana Dəməşqə
tabe olmayan druz şəhərini nəzarətə götürdü. Burada hesaba alınmayan İsrailin
müdaxiləsidir. Ya da hesaba alınıb, sadəcə İsrailin destruktiv rolunu ortaya
qoymaq. Yeri gəlmişkən, son hadisə Türkiyə və İsrail arasında da gərginliyin
yenidən artmasına səbəb olub.
2-ci versiya, hadisənin İsrail və ya 3-cü dövlət tərəfindən
planlanması, ABŞ-ın region planını pozmağa hesablandığı ilə bağlıdır. Mümkündür
ki, İsrail Bakıda danışıqların pozulması, yəni Suriya hakimiyyətinin İsrailin tələbini
qəbul etmədiyi üçün bu şəkildə etnik və məzhəb kartını işə salıb. Bu ehtimalı qəbul
eləmək olar, lakin kürdlərlə ərəblər arasında qarşıdurmanın Bakı görüşündən əvvəl
olması bu ehtimalı zəiflədir. Lakin istənilən halda baş verənlərin bir təxribat
olduğu aydındır.
Suriyada son baş verənlər bu ölkədə sabitliyin xeyli kövrək olduğunu
və bu cür təxribatçı gərginliyin baş vermə riskinin yüksək olduğunu göstərir.
Habelə Suriyanın İraqda olduğu kimi, federalizmə yuvarlandığını göstərir.