Azərbaycan "İbrahim Razılaşması"na qoşula bilərmi?

  • 21.05.2025
  • 3 baxış

Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Azərbaycanın “İbrahim Razılaşması”na qoşula biləcəyini deməsi yenidən müzakirə və mübahisələrə səbəb olub. 

ABŞ prezidentinin Yaxın Şərq üzrə elçisi deyib ki, yaxın bir neçə ay ərzində 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan da adıçəkilən sazişə qoşula bilər.

Qeyd edək ki, ilk dəfə bu ilin martında ABŞ yəhudi icmasının 50-dən çox ravvini “İbrahim razılaşması”nın genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət edib. Müraciətdə “İbrahim Razılaşması”nın genişləndirilməsi və Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi post-sovet türk respublikalarının da sazişə daxil edilməsi təklif olunurdu. 

Uitkofun açıqlamasından məlum olur ki, “ibrahim Razılaşması”na qoşulmağa namizəd ölkələr siyahısında iki ərəb ölkəsi (Suriya və Livan) və eləcə də iki Qafqaz respublikası – Azərbaycan və Ermənistan – var. 

Xatırladaq ki, “İbrahim Razılşaması” (Abraham Accords) Trampın birinci prezidentliyi dövründə kürəkəni Cared Kuşner tərəfindən ortaya atılmış ərəb-İsrail barışıq layihəsinin bir hissəsidir. Bu sənədin əsas hissəsi hazırkı sərhədlər daxilində Fələstin dövlətinin yaradılmasını, “İbrahim Razılaşması” isə ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşmasını nəzərdə tuturdu. 

Məhz bu planın tərkib hissəsi olaraq 2020-ci il sentyabrın 15-də ABŞ-da İsrail və Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn hökumətləri arasında normallaşma sazişi imzalandı. Bununla da İsraillə barışan ərəb ölkəsinin sayı 4-ə çatdı. Sonrakı illərdə isə Mərakeş və Sudan da İsraillə barışdı və bununla da say 6-ya çatdı. 

Lakin Azərbaycan, habelə digər post-sovet respublikalarının “İbrahim Razılaşması”na qatılması üçün nə sənədin mahiyyəti, nə də mövcud reallıq imkan vermir. Çünki, əvvəla, “İbrahim Razılaşması” adından göründüyü kimi, ərəb və yəhudi xalqlarının “atası” hesab olunan İbrahim peyğəmbərin adı ilə bağlıdır və bu iki xalq arasında barışıq yaratmağa xidmət edir. 

İkincisi, konkret olaraq Azərbaycanın (eləcə də Qazaxıstan və ya Ermənistanın) İsraillə hər hansı münaqişəsi yoxdur, əksinə Bakının məsələn, İsraillə çox yaxşı əlaqələri var.  

Üçüncüsü, əgər ümumi olaraq müsəlman ölkələri ilə İsrail arasında barışıq prosesinə çevriləcəksə, o zaman sazişin adı dəyişməli və daha geniş coğrafiyanı əhatə etməlidir. “İbrahim Sazişi” deyildiyi kimi, daha konkret xalqları nəzərdə tutur.

Digər xəbərlər