Suriya prezidentinin ilk səfərini Səudiyyə Ərəbistanına etməsinin səbəbləri

  • 04.02.2025
  • 8 baxış

Suriyanın yeni prezidenti Əhməd əş-Şəra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi. Xarici işlər naziri Əsəd əş-şeybani ilə birlikdə ötən gün ər-Riyada gedən əş-Şəra burada dövlət rəsmiləri ilə yanaşı Krallığın faktiki dövlət başçısı, vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşdü. 

Qeyd edək ki, yanvarın 24-də Səudiyyə Ərəbistanının xarici işlər naziri bin Fərhan Səudiyyə Ərəbistanına Dəməşqə səfər edərək əş-Şarə ilə görüşüb. Güman ki, səfər də bu zaman razılaşdırılıb. 

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ötən ilin dekabrında ilk səfərini Səudiyyə Ərəbistanına etmişdi. 

Suriyanın yeni hakimiyyəti ilk xarici səfərlərini əsas müttəfiqi Türkiyə və Qətərə deyil, məhz Səudiyyə Ərəbistanına edir. Baxmayaraq ki, Dəməşqə gedən ilk xarici dövlət rəsmiləri Türkiyə nazirləri olub, Dəməşqə Əsəddən sonra ilk səfər edən dövlət başçısı isə Qətər əmiri idi. 

Suriyanın yeni hakimiyyətinin ilk səfəri ər-Riyada etməsi bir neçə amillə əlaqədardır. 

1. Legitimlik və qəbul olunmaq. Əhməd əş-Şəra və onun komandası cihadçı islam ideologiyasına mənsub şəxslərdir. Onların indi xüsusən də Səudiyyə Ərəbistanı və onun müttəfiqi olan ərəb dövlətləri tərəfindən qəbul olunmağa ehtiyacı var. Körfəz ərəb rejimləri əmin olmalıdır ki, Colani artıq cihadçı deyil və onun hakimiyyəti ərəb rejimləri üçün cihad ixrac etməyəcək. Yeri gəlmişkən, ötən həftə ABŞ aviasiyası Suriyanın şimal-qərbində əl-Qaidəyə yaxın “Xurrəasəddin” terror təşkilatının liderlərindən olan Məhəmməd Salah əl-Zabiri məhv edib. Bu da Colaninin səfər ərəfəsi Krallığa “hədiyyəsi” ola bilər. 

2. Siyasi dəstək. Səudiyyə Ərəbistanı təkcə ərəb-müsəlman aləmində deyil, həm də Qərbdə, xüsusən də ABŞ-da ciddi dayaqları olan dövlətdir. Əş-Şəra ər-Riyadın sayəsində Qərbin sanksiyalarını qaldırmaq və siyasi əlaqələri yaratmaq istəyir. Bunun üçün Krallığın dəstəyi həlledici olacaq. 

3. Nəhayət, iqtisadi yardım. Suriyanın yeni hakimiyyətinin çox ciddi xarici iqtisadi yardıma ehtiyacı var. Müharibə nəticəsində ölkənin böyük bir hissəsi dağılıb. İnfrastruktur məhv olub. Üstəlik, İsrail keçmiş rejimdən qalan hərbi texnikanı və anbarları məhv edib. Bəşər Əsəd zamanında Rusiya və İranın yardımlar ilə yaşayan Suriyanın indi ayaqda qalması üçün çox ciddi maddi dəstəyə ehtiyacı var. 

Yeri gəlmişkən, əş-Şəra Səudiyyə Ərəbistanından sonra fevralın 4-də Türkiyəyə getdi.

Digər xəbərlər