Məhəmməd əl-Bəşir Suriya keçid hökumətinin müvəqqəti baş naziri təyin edilib. O, marta qədər bu vəzifədə qalacaq. Əl-Bəşir buna qədər İldibdə HTŞ-nin qurduğu idarə administrasiyasına rəhbərlik edib. Daha əvvəl silahlı qruplarda fəaliyyət göstərən bu adam HTŞ lideri Əhməd Şara, yəni Əbu Məhəmməd əl-Colaniyə yaxın şəxs hesab olunur.
Maraqlıdır ki, Colani daha əvvəl müvəqqəti hökumətə keçmiş baş nazirin rəhbərlik edəcəyini bildirmişdi. Lakin belə görünür ki, keçid hökumətini “kənara” etibar etməyib, öz adamını qoyub.
Qeyd edək ki, Suriyada keçdi prosesi ilə bağlı dəqiq məlumat yoxdur. Bundan əvvəl müxaliflər 18 aylıq keçid dövrü elan etmişdi. Eyni zamanda qarşıdakı 6 ay ərzində Suriyada yeni konstitusiya qəbul olunacağı və ondan sonra seçkilər keçiriləcəyi bəyan olunub.
Lakin əl-Bəşirin baş nazir təyinatı göstərir ki, Colani hakimiyyəti öz əlində cəmləşdirməyə daha çox meyllidir. Amma problem ondadır ki, bu, Suriyada qüvvələr arasında münaqişəyə səbəb ola bilər. Düzdür, ən böyük hərbi güc Colaninin nəzarətindədir, amma digər qüvvələr də zəif deyil, üstəlik şimal-şərqdə kürdlər də var.
Hazırda Colaninin qarşısında iki əsas vəzifə var: Silahlı və siyasi qüvvələri öz ətrafında toplamaq. Bu isə elə də asan məsələ deyil. Xüsusən də silahlı qruplar yekcins deyil, müxtəlif ideologiyaya mənsub qruplar var. Bu qüvvələrin fərqli hədəfləri və görüşləri, ən əsası isə bağlı olduğu fərqli xarici ölkələr var. Bundan əvvəl digər Yaxın Şərq və Şimali Afrika ölkələrində inqilablardan sonra baş verən vətəndaş müharibələrinin əsas səbəbi xarici güclər və onların Proxy güclərinin dil tapa bilməməsi idi. Yəmən, Liviya, Sudan və sair buna misaldır.
İkinci həssas məsələ isə siyasi qüvvələrin birliyidir. Colani ilk gündən bəyan etdi ki, Suriyada hər kəs qalibdir və yeni hakimiyyətdə bütün tərəflər təmsil olunacaq. Ancaq bunu reallaşdırmaq üçün əməli addımlar atılmalıdır. Colanı fərqli siyasi qrupları öz ətrafında toplaya biləcəkmi? Yəni bu qüvvələrlə hakimiyyəti paylaşmağa hazırdırmı? Baş nazir təyinatı göstərdi ki, o qədər də hazır deyil.
Sağlam siyasi keçid üçünsə bütün tərəfləri qane edən referendumla qəbul olunmuş konstitusiya və seçkilər baş tutmalıdır.