Suriyada müharibə yenidən alovlanıb. Noyabrın 27-də İdlibdə məskunlaşan
müxalif qruplar Hələb şəhərinə və cənub-şərqə doğru qəfil hücuma keçdilər.
Hücum qəfil və sürətli olub. Nəticədə dünən axşama qədər silahlı qruplar Hələb
şəhərinin böyük hissəsini, o cümlədən Hələb beynəlxalq hava limanını, uzun illər
mühasirədə qalaraq təslim olmamış Nubl və Zəhra qəsəbələrini ələ keçirdi. Ələ
keçirilən yaşayış məntəqələrinin sayı onlarladır.
İdlibin cənubunda isə silahlı qruplar əvvəlcə M-4 və M-5
magistrallarının birləşdiyi Səraqib rayonuna hücum etdilər, dünən isə daha cənuba
– Hama şəhərinə doğru irəlilədilər. Bundan başqa İdlibdən şərqə doğru irəliləyən
bir başqa qrup isə Əbu əz-Zuhur qəsəbəsini ələ keçirib, Xənasir şəhərinə doğru
irəliləyib.
Lakin dünən axşam Rusiya aviasiyasının şiddətli bombardmanları nəticəsində
hücumlar dayanıb, bəzi ərazilərdə isə geri çəkilmə baş verib. Ancaq müxaliflər
elan edib ki, əməliyyat sadəcə fasilə verib, qısa müddətdən sonra hücum davam
edəcək.
Qeyd edək ki, 2017-ci ildə Bəşər Əsəd İran, Rusiya və Hizbullahın dəstəyi
ilə müxalifləri İdlib vilayətinə sıxışdırdı. 2017-ci il sentyabr ayında Soçidə
və 2020-ci il mart ayında Moskvada Putin və Ərdoğan arasında əldə olunmuş
razılaşma əsasında İdlibdə atəşkəs bağlandı. Laziqiyyə ilə Hələb şəhərlərini
birləşdirən M-4 magistralından şimalda müxaliflər olan ərazidə atəşkəsə Türkiyə
patrulları, cənub və şərqdə Suriya ordusunun dayandığı istiqamətdə isə Rusiya və
İran nəzarət edirdi. Ara-sıra kiçik toqquşmalar və ya bombalama olsa da,
ümumilikdə İdlibdə atəşkəs davam edib.
HTŞ üzvləri İdlibdə
İdlibdə qüvvələr yekcins deyil. Daha əvvəl 1,5 milyon insanın
yaşadığı İdlibdə hazırda Suriyanın digər bölgələrindən köçürülən müxaliflər
hesabına əhalinin sayı 3 milyonu ötüb. İdlibdə əsas güc sahibi kimi iki qüvvə
var: Türkiyənin təsirində olan bir neçə silahlı qrupun birləşdiyi “Suriya Milli
Ordusu” və əsasən islamçı qrupların birləşdiyi ən-Nusra Cəbhəsi qrupunun
dayandığı “Heyət Təhrir əş-Şam” (HTŞ). Bundan başqa xarici ölkələrdən olan
qruplar da var. Səmərqənd briqadasında əsasən Orta Asiya sakinləri, Türküstan
İslam Partiyası isə uyğurlardan ibarət çox güclü hərbi qruplardır. Son hücumun
favoriti isə HTŞ-dir.
Son döyüşlərin səbəbinə gəlincə, ilk günlərdə elan olundu ki, Suriya
və Rusiya aviasiyasının İdlibi bombalamasına cavab olaraq müxaliflər Hələbə
hücum ediblər. Lakin sonrakı günlərdə olanlar göstərdi ki, bu hücum əvvəldən
yaxşı hazırlanmış əməliyyat olub. Müxaliflər cəbhə xəttindəki boşluqları biliblər,
əməliyyat üçün uyğun zamanı seçiblər. Çünki hazırda Rusiyanın başı Ukraynada
qarışıb, İran və Hizbullah isə Livanda “ilişib”.
Üstəlik HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani dedi ki, onlar Suriya və
Türkiyə arasında danışıqları rədd edirlər və hücumları Dəməşqə qədər davam edəcək.
Yəni bu, Suriya və Rusiya aviasiya bombardmanına bəsit bir reaksiya deyil,
yaxşı hazırlanmış hücum idi.
Hücum o qədər gözlənilməz və şiddətli oldu ki, ilk gün 11 qəsəbə və kənd,
sonrakı günlərdə isə 50-dən çox yaşayış məntəqəsi, o cümlədən Hələb şəhərinin mərkəzi
hissəsi müxaliflərin əlinə keçdi.
Türkiyə mediası İdlib silahlılarına dəstək verir, prezident Ərdoğan
da İdlib hücumunu dəstəklədi. Ancaq sonrakı günlərdə hökumət, o cümlədən XİN
ehtiyatlı açıqlama verərək İdlib hücumunun arxasında Türkiyənin olması
iddiasını rədd etdi.
Çünki İdlib hücumu faktiki olaraq 2020-ci il mart ayında Moskva
razılaşmasını ləğv etmiş oldu. Yəni geri dönüşsüz proses başladı. Hazırda baş
verənlərin iki mümkün ssenarisi var: Ya müxaliflər güclü olub daha böyük əraziləri
ələ keçirməklə üstünlüyü təmin edəcək, ya da Bəşər Əsəd qüvvələrini toparlayıb
İdlibə daxil olacaq.
İdlib hücumu Suriya ordusunun hazırlıqsız olduğunu göstərdi. Güman
ki, Hizbullah və İran milisləri də çəkildiyi üçün qüvvə yetərsizliyi olub.
Bundan başqa Suriya qüvvələri arasında koordinasiya problemi olub, üstəlik
sentyabrın 27-də Livanda olduğu kimi rabitə cihazlarında partlayışlar baş
verib. Nəticədə Hələb ətrafında koordinasiya itib və ordu geri çəkilməyə məcbur
olub. Hər halda Suriya Müdafiə Nazirliyinin rəsmi məlumatında belə deyilir.
Ancaq bu bəyanatın nə qədər reallığı əks etdirdiyi yaxın günlərdə
bilinəcək. Əgər Suriya qüvvələri toparlanıb əks-hücuma keçsələr, demək, deyilənlər
doğrudur, olmasa, güman ki, geriləmələr davam edəcək.
Bu əməliyyata İsrailin dəstək verdiyi iddiaları var. Bu, onunla izah
olunur ki, İran Suriya və Livana yardımları Suriyanın şimalından, əsasən də
Deyr əz-Zor – Əbu Kamal rayonu istiqamətindəki İraq-Suriya magistralı ilə
daşıyır. Ümumiyyətlə, son müharibə göstərdi ki, İranın bölgədə təsir gücü
İsrail üçün ciddi problemdir. Bu mənada əməliyyata İsrailin dəstək verməsi
iddiası ortaya atılıb.
Qərbin İldib hücumuna dəstək verməsi iddiası daha çox Türkiyə tərəfdən
səsləndirilib. Ancaq ABŞ Suriyada əsasən kürd PYD/YPG-yə – Suriya Demokratik
Qüvvələrinə – dəstək verdiyi üçün İdlibdəki silahlı radikal qruplara dəstək
verməsi ehtimalı azdır. Üstəlik İdlib müxalifləri ilə kürdlər arasında dərin ədavətin
və münaqişənin olması bu ehtimalı zəiflədir. Nəzərə almaq lazımdır ki, Hələb
hücumundan sonra kürdlər Suriya ordusuna yardıma gəldi.
İdlib eskalasiyanın nəticələri haqqında indidən nəsə demək tezdir,
müharibə davam edir. Yuxarıda qeyd etdiyimiz kimi, müxaliflər daha geniş ərazi
götürüb Əsədə meydan oxuya bilər, yaxud da əks-hücum nəticəsində daha böyük əraziləri
itirə bilərlər. Bu, müharibənin gedişində bilinəcək.
Bu savaş uğurlu olarsa, Türkiyə masada diktə edən tərəfə çevriləcək.
Güman ki, Rusiya və Dəməşqi şərtləri ilə hesablaşmağa məcbur edəcək. Əks təqdirdə,
yəni müxaliflər məğlub olarsa o zaman Ankara Dəməşqlə birbaşa danışıqlara gedib
barışıq prosesinə başlamalı olacaq. Ancaq bu, gedişatdan asılı olacaq.
Bu eskalasiyada daha çox qazanmaq ehtimalı kürdlərə məxsusdur. Çünki
döyüşlər nəticəsində artıq kürdlər yeni ərazilər əldə edib. Güman ki, son hadisələrin
fonunda Bəşər Əsəd kürdlərlə razılaşmaya gedəcək və müəyyən ərazi mübahisələrini
həll edəcəyi təqdirdə kürdlərlə barışacaq. Yəni gedişatdan asılı olaraq Suriya
kürdlərinin mövqeyi güclənəcək. Yalnız bir halda Türkiyə Qərblə razılaşıb
Suriyada kürdlərə qarşı növbəti əməliyyata başlaya bilər. Ancaq Vaşinqtonun
buna nə qədər razı olacağı şübhəlidir.