Suriyanın şimalında yeni müharibə

  • 29.11.2024
  • 19 baxış

Heyət Təhrir əş-Şam (HTŞ) və Azad Suriya Ordusunun (ASO) Hələb istiqamətində hücumu zamanı 57 nəfər ölüb, hökumətin nəzarətində olan 30-dan çox yaşayış məntəqəsi ələ keçirilib. Suriya əsgərləri və bir Rusiya hərbçisi əsir düşüb. Bir rus zabit və bir iranlı general öldürülüb.

 

Yerli mənbələr hazırda HTŞ və ASO qüvvələrinin Hələb şəhərinə 10 kilometrliyinə qədər yaxınlaşdığını qeyd edir. Hələblə yanaşı, müxaliflər İdlib vilayətinin şərqində Səraqib rayonu istiqamətində də hücuma keçib. Güman ki, HTŞ Suriyanın əsas nəqliyyat qovşağı olan Dəməşq və Hələb də daxil olmaqla ölkənin şimalı ilə cənubunu birləşdirən M-5 yolunu nəzarətə götürmək, ardınca Hələbə hücum etməyə hazırlaşır. Hazırda M-5 magistralının bir hissəsi müxaliflərin nəzarətində olduğu üçün yol bağlanıb.

 

HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani bildirib ki, onlar Suriya və Türkiyə arasında danışıqlara qarşıdırlar və müharibə Dəməşq ələ keçənə qədər davam edəcək.

 

Rusiya və İranın dəstəyi ilə hökumət qüvvələri əks-hücum əməliyyatı keçirərək bir kəndi geri ala bilib. Hazırda bölgədə ağır döyüşlər davam edir.

 

HTŞ 2017-ci ilin əvvəlində əl-Qaidənin Suriya qolu ən-Nusra Cəbhəsi də daxil olmaqla bir neçə islamçı silahlı qrupun birləşməsi nəticəsində yaranıb. Qruplaşmanın 15 minə yaxın döyüşçüsünün olduğu bilinir. İdlib vilayətində HTŞ ilə yanaşı Azad Suriya Ordusu çətiri altında toplanmış silahlı qruplar, uyğurlardan ibarət Türkistan İslam Partiyası və daha bir neçə müxalif silahlı təşkilat var. 2020-ci ildə Rusiya və Türkiyə arasında əldə olunan razılaşmaya əsasən Türkiyə ordusu İdlibdə, Rusiya və İran qüvvələri isə İdlib ətrafında Hums və Hama vilayətlərində atəşkəsə nəzarət edir.

 

Ancaq İdlibdə vəziyyət o qədər də sabit deyil. İyul ayında buradakı müxalif qqruplar Türkiyə ordusuna hücum edərək Türkiyə bayraqları və infrastrukturunu dağıtmışdı. İndi isə Colani müxaliflərin fəallaşmasını məhz Türkiyə-Suriya danışıqları ilə izah edib. Halbuki artıq Dəməşq-Ankara barışıq prosesi dayanıb. Bu səbəbdən də son hadisələrin Dəməşq-Ankara barışığına cavab olması ehtimalı inandırıcı deyil.

 

Lakin son genlər İsrailin Suriyanın şimalı, eləcə də Livan-Suriya sərhəd rayonlarını ardıcıl olaraq bombalayır. İsrailin Suriyaya hücum etməsi ehtimalı yüksəlib.

 

Belə görünür ki, İdlibdəki müxalif qüvvələr İsrail və Suriya arasında yaranmış vəziyyətdən istifadə edərək yeni əraziləri ələ keçirməyə və mövqelərini möhkəmləndirməyə çalışır.

 

Türkiyə hakimiyyəti isə İdlibdə müxaliflərin qarşısını almaq istəməyib. Ankarada hesablayırlar ki, əgər müxaliflər uğurlu olsalar, məsələn, Hələbi ələ keçirsələr, o zaman Türkiyə Suriya və Rusiya ilə danışıqlar masasında üstünlük əldə edəcək. Yox, əgər müxaliflər məğlubiyyətə uğrasalar o zaman Türkiyə Suriya hakimiyyəti ilə heç bir maneəsiz barışıq prosesini başlada biləcək, bu zaman artıq əvvəlki kimi müxaliflərin narazılığı ilə qarşılaşmayacaq.

 



Digər xəbərlər