Trampın yeni “şahin” komandası

  • 15.11.2024
  • 29 baxış

Donald Tramp artıq komandasını açıqlayıb. 2025-ci il yanvarın 20-də fəaliyyətə başlayacaq yeni Ağ Ev administrasiyası, xüsusən də müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik müşaviri postları xüsusilə diqqət cəlb edir. 

Yeri gəlmişkən, Tramp İsrailə yeni səfirini də seçib. İlk dəfə olaraq ABŞ-ın İsraildə səfiri yəhudi olmayan, Arkanzas ştatının sabiq qubernatoru, iki dəfə ABŞ prezidentliyinə namizəd Mayk Hakabi olacaq. Hakabi qatı İsrail tərəfdarı yevangelistdir. Hakabi Fələstin dövlətinə qarşıdır.

Donald Tramp müdafiə naziri postuna 44 yaşlı keçmiş hərbçisi və televiziya şərhçisi Peter Brayn Heqseti, dövlət katibi postuna 53 yaşlı senator Marko Rubionu, milli təhlükəsizlik müşaviri postuna isə 50 yaşlı keçmiş hərbçi və konqresmen Mayk Uoltzun namizədliyini irəli sürüb. 

Bu şəxsləri birləşdirək ən mühüm xüsusiyyət onların qatı mühafizəkar olmalarıdır. Müdafiə naziri postuna namizəd Peter Brayn Haqseti 34 yaşına qədər orduda, o cümlədən, İraq və Əfqanıstan xidmət edib, son 10 ildir ki, FOX telekanalında şərhçi işləyir. Mütəxəssislər onun 800 milyard dollardan çox büdcəsi və az qala 3 milyona yaxın personalı olan Pentaqona rəhbərlik etmək üçün təcrübəsinin yetərli olmadığını, ancaq Trampa sadiq olduğu və bu səbəbdən də Trampın onun vasitəsilə orduda ciddi dəyişikliklər aparacağını ehtimal edir. Yəni müdafiə naziri daha çox prezidentin iradəsini icra edəcək. 

Ancaq dövlət katibi Rubio və milli təhlükəsizlik müşaviri Uoltz öz sahələrində kifayət qədər təcrübəli və tanınan şəxslərdir. Mark Rubio Çin və İrana qarşı sərt mövqeyi ilə tanınır. Rubio Çin şirkətlərinə daha çox vergi tətbiqi çağırışının müəllifidir. İrana qarşı sərt çıxışları ilə tanınan senator Rubio İranı Yaxın Şərqdəki problemlərin səbəbkarı hesab edir. 

Polkovnik Uoltz 25 ildən çox ABŞ ordusunda xidmət edib, elit “yaşıl beretli” qüvvələrin zabiti kimi Yaxın Şərq, Əfqanıstan əməliyyatlarına qatılıb. Uoltz İran və Çinə qarşı sərt fikirləri ilə məşhurdur. Onun təyinatı İsraildə mühafizəkarlar tərəfindən sevinclə qarşılanıb. 

Bu təyinatlardan doğan ilkin təəssürat Trampın xarici siyasətində radikal xəttin davam edəcəyini göstərir. Xüsusən də İran və Çinlə bağlı xəttin dəyişməyəcəyi və münasibətlərin gərginləşəcəyini demək olar.

Digər xəbərlər