Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin kürd (DEM) deputatlarla salamlaşması ilə başlayan prosesin bir ayı tamam oldu.
PKK və onun siyasi “ayağı” adlandırdığı DEM (keçmiş HDP) partiyasına qarşı sərt münasibəti ilə seçilən Bahçelinin gözlənilmədən açılış günü DEM fraksiyasına yaxınlaşıb əl tutması və verdiyi açıqlama Türkiyədə müzakirələrə səbəb oldu.
Bahçeli bildirdi ki, Türkiyə yeni bir dövrə qədəm qoyur, dünyada sülh istədiyimiz kimi ölkəmizdə də sülhü təmin etməliyik.
Bahçelidən az əvvəl isə prezident Ərdoğan İsrailin Türkiyəyə hücum edəcəyini deyərək ölkə daxilində birlik çağırışı etmişdi. Beləliklə, Bahçeli barışıq, PKK-nın silahı yerə qoyması qarşılığında əfvini nəzərdə tutan “həll prosesi” müzakirələrini başlatdı.
Oktyabrın 22-də isə MHP sədri bildirdi ki, Öcalan Parlamentə gəlib terrora son qoyduğunu, təşkilatı ləğv etdiyini elan edərsə, ona qarşı ömürlük məhkumlara azadlıq imkanı tanıyan “Ümid haqqı” prosesinin yolu açıla bilər.
Prezident Ərdoğan, DEM (keçmiş HDP) Bahçelini dəstəklədi. CHP sədri Özgür Özel isə ehtiyatlı da olsa təqdir etdi. Hətta İmralı adasında 43 aydır tamamilə təcrid edilən Öcalan qardaşı oğlu ilə görüşdü və terrora son qoymaq üçün nəzəri və praktik gücünün olduğu xəbərini göndərdi.
Oktyabrın 23-də isə PKK terrorçuları Ankarada Türk Havacılık ve Uzay Sanayi Anonim Şirkətinə (TUSAŞ) hücum edərək 5 nəfəri öldürdü, 22 nəfəri isə yaraladı.
Ancaq bu terror prosesi dayandırmadı. Çünki hər kəs anlayır ki, Bahçelinin çağırışı PKK içərisindəki xüsusən də hərbi qanadda xoş qarşılanmayıb. Bu səbəbdən də TUSAŞ-da terror təşkil etməklə prosesi pozmağa çalışıblar.
Lakin o da aydındır ki, AKP-MHP iqtidarı tərəfindən irəli sürülən bu təşəbbüs həm də dərin siyasi məqsədlərə hesablanıb. Sülh və PKK-nın tərk-silah edilməsi AKP və onun lideri Ərdoğanın nüfuzunu yüksəldər, xüsusən də kürd seçiciləri yenidən AKP-yə cəlb edə bilər. Son illərdə Ərdoğan kürd elektoratının səsin çoxunu itirib. Digər tərəfdən, PKK ilə sülh anlaşması Ərdoğanın beynəlxalq imicini yüksəldər, sülhə böyük töhfə vermiş şəxs kimi tarixə düşər.
Daxili siyasətdə isə bu proses kürd elektoratı bölməyə, ikinci tərəfdən xüsusən də CHP-nin siyasi kursuna zərbə vurmağa hesablanıb. Çünki CHP-nin prosesə dəstək verməsi partiyanın Atatükrçü elektoratını incik salacaq, rədd etməsi isə kürd seçicilərini CHP-dən uzaqlaşdıracaq.