İranın “Sadiq-2” əməliyyatı adı verdiyi ("Sadiq-1" aperldəki hücumun adı idi) İsrailə kütləvi raket zərbəsini həyata keçirdi. Əməliyyat zamanı Sepah tərəfindən İsrailə hipersəsli “Fəttah” raketləri də daxil olmaqla 180 raket atıldığı məlum olub. Birinci əməliyyatdan fərqli olaraq bu dəfə dronlardan istifadə edilməyib.
İran ordusu baş qərargah rəisi general Məhəmməd Baqiri bildirib ki, raket zərbələrinin 3 əsas hədəfi olub. Bunlar: Mossad binası, F35 təyyarələri yerləşdiyi Nəvatim və Həsən Nəsrullahı öldürüldüyü bombardmanı həyata keçirən Hatsarim hərbi hava bazaları, o cümlədən, strateji radarlar və tanklar da hədəfdə olub.
İran raketlərinin bir qismi İsrail, o cümlədən, ABŞ-ın İraqın Ayn əl-Asad hərbi-hava bazasından işə salınan HHM sistemləri tərəfindən havada zərərsizləşdirib. Lakin bununla belə raketlərin bir hissəsi İsrail ərazisinə düşüb.
Hələlik dağıntıların miqyası ilə bağlı dəqiq məlumat verilmir. Ancaq raketlərin bir neçəsinin hərbi-hava bazalarına düşərək uçuş-enmə zolağının yararsız vəziyyətə saldığı məlum olub.
İranın dini lideri əməliyyatın səhəri günü etdiyi çıxışında regiondakı gərginliyə görə Qərb dövlətlərini ittiham edərək deyib ki, ABŞ və Avropa ölkələri regionu tərk etsələr Yaxın Şərq münaqişəsi həllini tapacaq.
İsrail isə İranın ağır caza ilə təhdid edib. Baş nazir Benyamin Netanyahu İran dini liderinin əyləşdiyi oturacağın boş fotosunu paylaşaraq “özünüz istədiniz” yazıb.
Artıq mediada İsrailin İranın nüvə obyektləri və neft terminallarını vurmağa hazırlaşdığı ilə bağlı yazılar yayılıb. İran isə İsrailin regiondakı müttəfiqlərini vurmaqla təhdid edib.
Böyük ehtimalla apreldə olduğu kimi, İsrail İrana qısa, amma kəskin cavab verəcək. İranın nüvə mərkəzləri və raket buraxılış nöqtələri hədəfə alınacaq. Neft yataqlarının vurulması ehtimalı azdır. Çünki bu halda dünya neft bazarında ciddi çalxalanma yaşa bilər. Hazırda gündəlik olaraq bazara 3,6 milyon bareldən çox neft çıxaran İranın vurulması neft bazarı üçün öldürücü zərbə ola bilər.
Digər tərəfdən, İran və İsrail arasında eskalasiya Vaşinqtonu regionda müharibəyə sürükləmək deməkdir, bu səbəbdən də ABŞ administrasiyası İsrailin daha böyük toqquşmaya getməsini istəmir. Lakin əlbəttə ki, İsrail İrana daha ağır cavab verməkdən imtina etməyəcək.
Maraqlıdır ki, İranın İsraili raket atəşinə tutması region ərəb ölkələrində susqunluqla qarşılanıb. “Ümum ərəb” məsələsi hesab olunan Fələstin münaqişəsi ilə bağlı bəlli səbəblərdən İsrailə qarşı sərt tədbirlər görə bilməyən ərəb rejimləri, İranın Fələstin məsələsindəki fəallığından narahatdır. İran və regiondakı Proxy qüvvələrinin təşəbbüsü ələ alması ərəb rejimləri üçün ciddi nüfuz itkisidir. Çünki “aşağıda” kütlələr Fələstin mövzusunda hakimiyyətlərdən çox daha həssas və barışmazdır. Bu isə İranın siyasi-ideoloji təsirini gücləndirir.