QARA TUNEL

  • 23.10.2023
  • 238 baxış

Ukrayna müharibəsi Suriya münaqişəsini arxa plana atsa da, martda 11 ili tamam olacaq münaqişənin həlli istiqamətində diplomatik proses davam edir. Bu yaxınlarda Ərəb Dövlətləri Liqası, Avropa İttifaqı, Misir, Fransa, Almaniya, İraq, İordaniya, Norveç, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya və ABŞ təmsilçiləri Vaşinqtonda Suriya problemini müzakirə ediblər.

Müzakirə ilə bağlı yayılan rəsmi açıqlamada tərəflərin Suriya münaqişəsinin bütün suriyalıların haqları və ləyaqətini qoruyacaq BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində həlli prosesinə sadiq olduğu vurğulanır.

Bundan başqa, iştirakçı dövlətlər Suriyada keçirilən xilasetmə əməliyyatlarına, beynəlxalq yardım kampaniyalarına və terrora qarşı mübarizəyə dəstək verdiklərini, həmçinin bu ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini bəyan ediblər. Onlar BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Pedersonun rəhbərliyi ilə Suriya münaqişəsinin siyasi həllini və Suriya Konstitusiya Komissiyasının görüşlərinin bu ay keçiriləcək 7-ci turunu dəstəkləyiblər. Vaşinqton görüşünün iştirakçıları ev sahibi ölkələrin suriyalı qaçqınlara təhlükəsiz evlərinə dönənə qədər qorunub saxlanması çağırışı ediblər.

 

Danışıqlar prosesi ilə bağlı problemlər

Görünən odur ki, uzun illərdir ki davam edən münaqişənin həlli istiqamətində hələ də görüləcək çox işlər var. İlk növbədə, bu münaqişədə tərəf olan qüvvələrin bir araya gəlməsi təmin olunmalıdır. Faktiki olaraq Vaşinqtonda toplanan ölkələr qrupu münaqişənin həlli ilə bağlı yetərli beynəlxalq əməkdaşlıq təcrübəsinə malik deyil. 11 il əvvəl olduğu kimi, yenə də “qarşı cəbhə” bir yerə toplanıb və onların bəyanatı faktiki olaraq ümumi sözlərdən ibarət olub. Bu proses artıq 11 ildir ki davam edir.

Məsələ ondadır ki, bu illər ərzində Suriya münaqişəsinin həllində açar rolu oynaya biləcək ölkələr arasında ciddi problemlər yaranıb. Məsələn, ABŞ-ın hazırkı hakimiyyətinin Suriya ilə bağlı siyasəti qeyri-müəyyəndir. O, bu məsələ ilə bağlı hər hansı bir kurs və ya strategiya açıqlamayıb. Üstəlik, Ukrayna münaqişəsi ABŞ və Rusiya arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Odur ki, indiki vəziyyətdə Vaşinqtonun Moskva ilə bir masa arxasında Suriyanı müzakirə edəcəyi real görünmür.

Bundan başqa, Vaşinqton toplantısında Moskva, Tehran və Dəməşqin iştirak etməməsi onu göstərir ki, orada verilən qərarlar Suriyada cəbhə xəttində hər hansı real təsirə malik olmayacaq. Suriya cəbhəsi isə 5 il əvvəlki kimi, parçalanmış vəziyyətdədir. Hazırda ölkənin 60 faizdən çox hissəsinə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökuməti nəzarət edir. Bu hissədə eyni zamanda Rusiya hərbi birləşmələri və İranın dəstəklədiyi silahlı birliklər, o cümlədən Livan “Hizbullahı”nın silahlıları var.

25 faizlik ərazi isə kürdlərin 2016-cı ildə digər kiçik etnik qruplarla birgə qurduğu “Suriya Demokratik Qüvvələri koalisiyası” adlanan qeyri-formal kürd muxtariyyətinin silahlı birliklərinin nəzarətindədir. Bu ərazidə ABŞ və Fransanın hərbi bazaları yerləşir.

Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd İdlib vilayətində isə islamçı silahlılar da daxil olmaqla, müxtəlif müxalif qruplar məskunlaşıb. İdlibin cənub hissəsində Rusiya və İran qüvvələri, Suriya ordusu ilə birlikdə mövqe tutub. Mərkəz və şimal rayonları isə müxalif silahlıların nəzarətindədir, burada atəşkəsə Türkiyə ordusu nəzarət edir. Bundan başqa, ölkənin şimal hissəsində qərbdən şərqə doğru 3 müxtəlif ərazidə Türkiyə ordusunun nəzarətə götürdüyü məntəqələr var.

Suriyanın cənub-şərqində yerləşən ət-Tanf rayonu isə müxalif qrupların və ABŞ hərbi hava bazasının nəzarətindədir. Bundan əlavə, mərkəzi Hums rayonu ərazisində İŞİD qüvvələrinin nəzarətində olan ərazilər var. Yəni başqa sözlə, Suriya ərazisinin mühüm bir qismi hələ də müxtəlif qrupların nəzarəti altındadır və burada vətəndaş müharibəsi davam edir.

Aydındır ki, Ukraynada yeni müharibə ocağının yaranması diqqətləri Suriyadan müəyyən mənada azaldır. Odur ki, Vaşinqton və Moskvanın indiki mərhələdə Suriya məsələsində dil tapması çətindir.

 

Fikir ayrılığının səbəbləri

Cenevrədə davam edən siyasi həll müzakirələrinin dalana dirənməsi bir mənada böyük dövlətlərin maraqlarının uzlaşmaması ilə bağlıdır. Hal-hazırda davam edən Suriya münaqişəsinin siyasi həll prosesinin əsas kilid məqamları isə bunlardır.

Birincisi, İdlibin taleyi qeyri-müəyyən olaraq qalır. Suriyanın bu şimal əyaləti hazırda Suriya hərbi-siyasi müxalifətinin sonuncu əsas sığınacağıdır. Eyni zamanda burada böyük sayda islamçı radikal silahlı qruplar var. Onların arasında əl-Qaidənin Suriya qolu olan “Heyət Təhrir əş-Şam”, uyğurların Türküstan İslam Partiyası kimi qruplar da var.

Suriya hakimiyyəti isə Rusiya və İran qüvvələrinin dəstəyi ilə vilayəti bu qruplardan təmizləyə, İdlibi nəzarətə götürməyə və bununla da müxalif qüvvələrin dayaq nöqtəsini məhv etməyə çalışır. Lakin Türkiyə və Rusiya arasında 2020-ci il mart razılaşmasına əsasən, İdlibdə atəşkəs rejimi tətbiq olunur. Ancaq vilayətin taleyi Suriya münaqişəsində həlledici rol oynaya bilər. Bu səbəbdən də, vilayətdə hər an böyük müharibənin başlaması riski var.

İkinci ən ciddi məsələ Suriya kürdlərinin taleyidir. Onlar hazırda ölkə ərazisinin mühüm bir hissəsinə nəzarət edir və 2016-cı ildə faktiki olaraq kürdlərin yerli özünüidarə qurumu formalaşıb. İndi kürdlər Suriyada İraqda olduğu kimi muxtariyyət əldə etməyə çalışır. Bu məsələdə Qərb ölkələri kürdlərə dəstək verir. Əsas arqument isə kürdlərin mərkəzi hökumət tərəfindən haqq və hüquqlardan məhrum edilməsidir. Lakin Bəşər Əsəd hökuməti, eləcə də regional kürd təhlükəsinə görə İran və Türkiyə də bu məsələdə ortaq mövqeyə malikdir. Rusiya isə açıq şəkildə olmasa da, kürd muxtariyyəti mövzusuna soyuq yanaşmır. Moskvanın kürd siyasi və hərbi qrupları ilə yaxşı əlaqələri var.

Nəhayət, əsas məsələ Bəşər Əsədin taleyi ilə bağlıdır. Rusiya və xüsusən də İran siyasi razılaşmaların əsas zəmanətçisi kimi Əsədin hakimiyyətdə qalmasında maraqlıdır. Müxalif blok isə Əsəd mövzusunda güzəştə getmək istəmir. Lakin daha əvvəlki iki mövzu ilə müqayisədə Əsədin taleyi məsələsi anlaşmaya daha uyğun mövzudur.

 

Ərəb dövlətləri arasında yaxınlaşma və irəliləyiş

Bu arada, Suriya ilə siyasi və diplomatik əlaqələri yenidən bərpa edən Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin Dəməşqlə kürd məsələsi ilə bağlı danışıqlar apardığı iddiası mediada yer alıb. BƏƏ xarici işlər naziri Abdullah ibn Zayedin 2022-ci ilin noyabrında Dəməşqə səfəri zamanı Bəşər Əsədlə görüşündə kürd mövzusunu da müzakirə edəcəyi gözlənilir.

Yeri gəlmişkən, 2021-ci ildə Suriya ilə “barışan” daha bir ərəb ölkəsi İordaniya oldu. İlk dəfə olaraq iki ölkə arasında təyyarə reysləri bərpa olundu. Maraqlıdır ki, həm BƏƏ, həm də İordaniya ilə yaxşı əlaqələri olan Vaşinqton bu yaxınlaşmaya açıq şəkildə ciddi maneə törətmədi. İndi isə İranla ABŞ arasında nüvə məsələsində razılığın əldə olunmasının regionda bir sıra proseslərə, o cümlədən Suriya münaqişəsinə təsir edə biləcəyi ehtimal olunur.

Bu arada, hazırda İran və Səudiyyə Ərəbistanı arasında da münasibətlərin normallaşması ilə bağlı danışıqlar davam edir. İki ölkə arasında regional siyasətdə əsas düyün nöqtələrdən biri Yəməndirsə, digəri Suriya münaqişəsidir. Ancaq region ölkələrinin müəyyən qədər yaxınlaşması belə, Suriya məsələsində köklü uzlaşma üçün yetərli olmayacaq.

Bundan başqa, İran qüvvələrinin vaxtaşırı olaraq İsrail aviasiyası tərəfindən Suriya ərazisində bombalanması və paralel olaraq İrana yaxın qüvvələrin ölkənin cənubuna doğru çəkilməsi növbəti toqquşmanın olacağını deməyə əsas verir.

Beləliklə, bölgədə cərəyan edən hadisələr onu göstərir ki, Suriya münaqişəsinin həllində indiki mərhələdə ciddi irəliləyişin olması real deyil. Bu ilin əvvəlində İŞİD-in gözlənilmədən fəallaşması və kürd rayonlarına hücumu göstərdi ki, Suriyada siyasi həll prosesindən daha çox silahlar “danışacaq”.

Bundan əlavə, kürd məsələsində köklü həll variantı tapılmadığı üçün Cenevrədə siyasi həll prosesində ciddi irəliləyişin olacağı inandırıcı görünmür. Əksinə, İdlib ətrafında gərginliyin artması, hökumət qüvvələri və ya hakimiyyətə yaxın tayfaların silahlı qüvvələri ilə kürdlər arasında toqquşmaların baş verməsi ehtimalı daha da artacaq. Xüsusən də yazın sonu Suriyanın əsas “taxıl anbarı” hesab olunan kürdlərin nəzarətindəki ərazilərdə məhsul yığımı zamanı gərginliyin artması ehtimalı yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, bu il siyasi həll ehtimalı nisbətən azalacaq, bunun əvəzinə silahlı qarşıdurmalar riski artacaq.

Digər xəbərlər