Afrikada hərbi çevrilişlərin səbəbi qlobal rəqabətdir

  • 03.12.2025
  • 1 baxış

Afrika qitəsində sonuncu hərbi çevriliş Qvineya Bisauda baş verdi. Noyabrın sonunda hərbçilər ölkə prezidentini həbs edərək hakimiyyəti ələ keçirdilər. 

Ölkənin müvəqqəti olaraq “Ali Hərbi Komandanlıq” adlı qurum idarə edəcək. Paralel olaraq seçkilər ləğv olunub və ölkə sərhədləri bağlanıb. Prezident Embalo özü hazırda iqamətgahında həbsdədir. 

Qeyd edək ki, noyabrın 23-də Qvineya Bisauda keçirilən prezident və parlament seçkilərində prezident Embalo 65 faiz səs alıb. Ancaq müxalifət nəticələrlə razılaşmır, seçkilərin saxtalaşdırıldığını iddia edir. Yeri gəlmişkən, 2019-cu və 2023-cü illərdə Qvineya Bisauda hərbi-siyasi çaxnaşmalar baş verib. 

Qvineya Bisauda baş verən dövlət çevrilişi son 5 ildə Afrika qitəsində baş verən 9-cu hərbi çevriliş oldu. 2020 və 2021-ci illərdə Malidə hərbi çevrilişlər baş verdi. 

2021-ci ildə Çad və Qvineyada da hərbi çevrilişlər baş verdi. Qvineyanın demokratik yollarla seçilmiş ilk prezidenti Alfa Konde sentyabrın 5-də hərbçilər tərəfindən devrildi. Çadda isə prezident İdris Deby İtnonun ölümündən sonra hakimiyyəti Muhammed İdris Deby ələ keçirdi. 

2022-ci ildə isə Burkina Fasoda iki hərbi çevriliş baş verdi. Yanvarda polkovnik-leytenant Paul-Henri Sandaoqo Damiba iqtidarı ələ keçirsə də, sentyabrda kapitan İbrahim Traore onu devirərək ölkənin idarəçiliyini öz əlinə aldı. 

2023-cü ildə isə Nigerdə və Qabonda yenə hərbçilər dövlət idarəsini ələ keçirdilər. 

Son 5 il ərzində Afrikanın 6 ölkəsində baş verən 9 hərbi çevriliş sadəcə hərbçilərin hakimiyyət hərisliyi ilə izah oluna bilməz. Söhbət həm də Afrikanın yenidən bölüşdürülməsindən gedir. 

Afrika hazırda planetin ən böyük mədən hetiyatlarından biri, gələcəyin əsas silahı kənd təsərrüfatı imkanlarına sahib qitədir. Üstəlik sürətlə artan əhalisi hesabına böyük bazar kimi diqqət cəlb edir. Və bu “bazar” artıq 100 ilə yaxındır ki, əsasən Fransanın nəzarətindədir. 20 ilə yaxındır ki, Çin Afrikada böyük sərmayə yatırır, nəqliyyat, kommunikasiya layihələri həyata keçirir. Rusiya isə 10 ilə yaxındır Afrika mədən ehtiyatları və təhlükəsizlik bazarına daxil olub. Şimali Afrikada nisbətən yeni bir iddiaçı isə Türkiyədir. Ankara keçmiş Osmanlı torpaqlarında yenidən güclənməyə çalışır. Afrika çevrilişlərinin səbəblərini həm də qlobal rəqabətdə axtarmaq lazımdır. Fransa Afrikadakı mövqelərini tədricən itirir.

Digər xəbərlər